“Əgər bir heyvanın ətini tarixən babalarımız yeməyibsə…”backend

“Əgər bir heyvanın ətini tarixən babalarımız yeməyibsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlılar daha çox dana və quzu əti yeməyə üstünlük verir. Mütəxəssislər at, eşşək ətlərini dana ətindən ayırd etməyin çətin olduğunu bildirirlər. Ancaq nə qədər çətin olsa da, bunu ayırd etmək mümkündür. Məsələn, eşşək əti daha tünd qırmızı, sanki ciyər rəngində, dana əti isə daha açıq qırmızı rəngdə olur. Uzunqulaq ətinin lifləri daha sərtdir və bu, çeynəndiyi zaman da hiss edilir. Bundan başqa, yağı sarı rəngdə olur. Ancaq eşşək ətinə ədviyyatlar vurulub bişirildikdə onun dadını dana ətindən ayırd etmək olmur.

Bugünlərdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev azvision.az-a açıqlamasında eşşək ətinin zərərsiz olduğunu deyib. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində eşşək əti mətbəxdə istifadə olunur və qida kimi qəbul edilir: “Eşşək əti zərərli ət deyil. Bizdə ənənəvi olaraq eşşək ətindən istifadə olunmur. Bəzi hallarda rast gəlinən neqativ hal ondan ibarətdir ki, eşşək, at əti və s. ətlər öz adı ilə deyil, başqa adlarla təqdim olunur. Məsələn, mal əti adı ilə istehlakçılara satılması qanun pozuntusudur. Eşşək əti öz adı ilə müvafiq qaydada müayinələrdən keçsə, mənşəyi bilinsə və satışa təqdim olunsa, istehlak oluna bilər. Eşşək adı ilə at ətinin satılması hallarına bizdə rast gəlinməyib”.
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov “Yeni Müsavat”a açıqlamasında indiki kolbasalara və lülə kababa vurulan ətin tərkibi barədə düşünmək belə istəmədiyini dedi: “Türkmənlər at ətini, qırğızlar maral və dəvə ətini yemirlər. Biz isə dəvə ətini yeyirik. Hər millətin özünün şəraitinə, yarandığı yerə görə qida rasionu formalaşıb. Əgər bir heyvanın ətini tarixən babalarımız yeməyibsə, onu bizə yedirtmək lazım deyil. Əgər kimsə eşşək yemək istəyirsə, ətin üzərinə yazılmalıdır ki, tərkibində eşşək əti var. İslam dininin də qadağan etdiyi şeylər var. Təsəvvür edin ki, kolbasanın içinə donuz əti vursunlar və üstünə yazmasınlar. Bu, müsəlman üçün təhqirdir. Amma rus üçün normaldır. Biz bu tip heyvanları yemədiyimiz üçün onun xeyir və zərərlərini də bilmirik. Bu cür ətləri yemək olar, ya yox, bunu həkim müəyyənləşdirməlidir. Təsəvvür edin ki, it ətini də yeyirlər. Ancaq onu da seçərək, çünki hər itin əti yeyilmir. Onun ətinin xəstə olub-olmadığını bilmək olmur. Mən belə şeylərin əleyhinəyəm. Bir şeyi nəzərə alın ki, indi ətin kilosu 12 manatdır. Bir kilo farş almaq üçün 1 kilo 650 qram ət lazımdır. 1 kilo 650 qram ətin qiyməti isə hardasa 20 manata gəlib çıxacaq. Belə olan təqdirdə, lülənin kilosunu 8 manata necə satırlar?! Əgər bu, normal təzə ətdən hazırlanmış lülədirsə, onu 8 manata satmaq olarmı? 20 manat elə ətin maya dəyəridir. Bunun biznesmenlərə 15-20 faiz xeyri qalmalı, işçinin maaşı verilməlidir. Buna görə də bu qiymət şübhə yaradır. Bazarlarda kilosu 3-4 manata kolbasa necə satıla bilər? Təsəvvür edin ki, onun içindəki nədir! Deyirlər ki, Hindistandan kilosu 3 manata ət gətirilir. Hindistanda heyvanı, malı öldürəni elə yerindəcə öldürərlər, parçalayarlar. Yəqin ki, bu düzgün məlumat deyil, ya da ki, ölmüş inəklər gətirilir. 25 litr süddən bir kilo yağ alınırsa, yağın topdansatış qiyməti manat yarım, iki manat ola bilərmi? Bu bir bəladır. Ancaq nə qədər ki, biznes bu qaydalarla idarə olunur, biznesmenlər gəlir əldə etmək üçün hər şeyə gedəcək. Bu, kapitalizmin işləridir. Kim nədən istəyir kolbasa istehsal edir, lülə hazırlayır. Onun içinə nələr qatırlarsa, bilmək belə istəmirəm”.

Bir maraqlı məqam isə odur ki, eşşəyin əti bir o qədər faydalı olmasa da, onun dərisindən jelatin halında istifadə edilməsi çox qiymətlidir. Jelatin dərman məhsullarının hazırlanmasında, kimyəvi texnologiyada çox geniş yayılmış və qiymətli material hesab edilir.

İnterpress.az