Müxalifətçilər də siqaret qadağasını alqışlayırbackend

Müxalifətçilər də siqaret qadağasını alqışlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin qəbul etdiyi “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsinə görə, ictimai yerlərdə, qapalı məkanlarda siqaretin çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.

Bunun ardınca isə prezident İlham Əliyev də çıxışında xalqa xitabən “mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq”, – deyə bildirdi.

Bəs ölkə müxalifətinin nümayəndələri bu məsələ ilə bağlı nə düşünürlər?

Ümid Partiyasının sədri İqbal Ağazadə özü siqaret çəksə də bildirdi ki, bu, yaxşı vərdiş deyil: “Nə qədər çox məhdudiyyətlər olarsa insanlarımız daha az siqaret çəkərlər. Bunun hüquqi baxımdan tənzimlənməsi də əlbəttə ki, mümkün olacaq. Burada çətin heç nə yoxdur. Onsuz da son illərin mədəniyyəti bu məsələdə özünü göstərmişdi. Artıq ictimai yerlərdə, restoranlarda bundan çox az hallarda istifadə olunurdu. Ancaq bağlı və kiçik guşələrdə istifadə olunurdu. Eyni zamanda uzun müddət idi ki, hotellərin foyelərində də siqaret çəkilmirdi. Sovet dönəmindən də metroda siqaret çəkilməyib, avtobuslarda da çox nadir hallarda buna rast gəlinib. Bu məsələlərdə dəyərlər gözlənilib. Ona görə də hesab edirəm ki, yeniliklər də normaldır və alqışlayıram”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə söylədi ki, çox az hallarda siqaret çəkir və qanunun qəbul olunmasını da alqışlayır: “Çox nadir hallarda siqaret çəkirdim. Ömrüm boyu üzərimdə siqaret gəzdirməmişəm. Siqareti çox ciddi şəkildə zərərli hesab edirəm. Düşünürəm ki, siqaret qadağa səviyyəsində məhdudlaşdırılmalıdır. Elə bir şərait yaradılmalıdır ki, insanlar siqaret çəkməsinlər. Ümumiyyətlə, bu, anormal bir şeydir. Küçədə, ictimai yerlərdə qadınlar, cavan qızlar da tərbiyəsiz şəkildə damaqlarında siqaretlə gəzirlərsə, bu, nə mentalitetə, nə də sağlamlığa uyğun deyil. Bizim adət-ənənələrimiz, böyük kiçik məsələlərimiz var. Avropanın imtina etdiyi şeyləri biz sonradan qəbul edib, eybəcər şəkildə yaşadırıq. Ona görə də hesab edirəm ki, qanun layihəsi normaldır”.

AĞ Partiya lideri Tural Abbaslı bildirdi ki, nə özü, nə də qardaşları siqaret çəkmir: “Ümumiyyətlə, ətrafımda bu cür zərərli vərdişlərin sahibi olan insanların sayı da çox azdır. Belə bir zərərli vərdişlərin tərəfdarı deyiləm. Qanun layihəsinə gəlincə isə bunu da təbii ki, alqışlayıram. Dünyada il ərzində siqaret səbəbindən milyonlarla insan dünyasını dəyişir. İstər Avropa, istərsə də qonşu dövlətlərdə siqaretin çəkilmə məkanlarının məhdudlaşdırılması çox sürətli şəkildə həyata keçirilir. Bu da müsbət haldır. Çünki siqaret heç bir ehtiyac olmadan başlanılan pis vərdişdir. Ətrafdakı insanlar da çəkənlərin zərərini görürlər. Bu baxımdan, hesab edirəm ki, insanların kütləvi şəkildə toplaşdığı yerlərdə siqaretin çəkilməsi daha öncədən qadağan olunmalı idi. Qanun layihəsinin qəbul olunmasını alqışlayıram. Bunu dünyada edən ilk dövlət biz olmadığımız üçün hesab edirəm ki, qanunun işləmə mexanizmlərinə aid digər ölkələrin təcrübələrindən faydalanmaq olar. Düşünürəm ki, əsas da orta məktəblərdə bunu qadağan etmək lazımdır”.

Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev də hesab edir ki, siqaretin çəkilməsi qadağan edilməlidir: “Tütün məmulatları bir çox xəstəliklərin başlanğıcıdır. Xüsusilə də gənclərimizin orqanizminə, cəmiyyətin büdcəsinə ziyandır. Ona görə də siqaretin qadağan edilməsinin, antitütün təbliğatının aparılmasının tərəfdarı olan adamam. Özüm heç zaman siqaret çəkməmişəm”.

KXCP sədrinin müavini Xəzər Teyyublu siqaret çəkmədiyini və qanunun işləkliyini təmin etmək üçün yüksək cərimələrin tətbiq olunmasının vacib olduğunu söylədi: “Dünyada qəbul olunan məsələdir ki, siqaret əhalinin sağlamlığına zərərlidir. Lakin maraqlı hal budur ki, qiymət qaldırılsa da, təbliğat aparılsa da, insanlar bu pis vərdişdən əl çəkmirlər. Azərbaycanda qəbul edilən qanun layihəsini müsbət qarşılayıram və hesab edirəm ki, bunun icra olunması üçün yüksək cərimələr tətbiq olunmalı və maarifləndirmə işləri aparılmalıdır. Özüm idmançı olmuşam və siqaret çəkmirəm”.

İnterpress.az