Sabiq deputatın əmlakı ilə bağlı ekspertiza təyin edildibackend

Sabiq deputatın əmlakı ilə bağlı ekspertiza təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Faiq Baladadaşov ifadə verib.

Onun sözlərinə görə, bankın Kredit Komitəsinin sədri Akif Əliyev bildirib ki, D.Xəlilovun göstərişi ilə 1 milyon 500 min manat kredit ayırılmalıdır.

Daha sonra Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış Emil Mustafayev dindirilib. Onun sözlərinə görə, 2011-ci ildən 2015-ci ilədək bankın Kredit Komitəsinin sədri vəzifəsində işləyib. E.Mustafayev təqsirləndirilən D.Xəlilovun adına kreditləri Cahangir Hacıyevin göstərişi ilə rəsmiləşdirildiyini qeyd edib: \”Dünyamin Xəlilov bu kreditləri xaricdəki layihələrə yönəldiləcəyini deyirdi\”.

Sabiq deputat D.Xəlilov isə E.Mustafayevlə bankda görüşdüyünü, onunla şirkətlərin yaradılması ilə bağlı danışıqlar apardığını söyləyib.

Şahid E.Mustafayev D.Xəlilovun bankda yalnız bankın İdarə Heyətinin sabiq sədri C.Hacıyevlə görüşdüyünü bildirib.

D.Xəlilov isə şahidin səmimi olmadığını deyib.

Beynəlxalq Bankın İdarə Heyətinin sədrinin müşaviri olan Akif Əliyev ötən iclasda ifadə verdiyi üçün bu dəfə ona ünvanlanan sualları cavablandırıb. O qeyd edib ki, kreditlərin ayrılmasına göstərişi bankın İdarə Heyətinin sədri verib: \”Mən isə ola bilsin ki, filiallara göstəriş vermişəm. Burada da rəhbərliyin xəbəri olurdu\”.

Məhkəmədə A.Əliyevin istintaqa verdiyi ifadəsi elan olunub. O, ifadəsində göstərib ki, D.Xəlilovun yaratdığı şirkətlərə kreditlərin ayrılması göstərişi C.Hacıyev tərəfindən olub. Dünyamin Xəlilovun banka göndərdiyi 30 nəfərin adına ümumilikdə 6 milyon manat kredit ayrıldı. Daha sonra isə Dünyamin Xəlilovun hesabına 1 milyon 800 min dollar pul keçirilməsi barədə Cahangir Haciyevdən göstəriş aldım. Mən də həmin göstərişə əsasən bunu icra etdim\”.

A.Əliyev istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

Digər şahid Elşən Məmmədzadənin də ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O dindirilərkən qeyd edib ki, bankın nağdsız hesablaşmalar depatamentinin direktoru vəzifəsində çalışıb, işlədiyi dövrdə D.Xəlilovun rəhbərlik etdiyi şirkətlərə 28 milyon dollar məbləğində kredit ayrılması ilə bağlı komitənin qərarını imzaladığını deyib.

Dövlət ittihamçısı vəsatətlə çıxış edib. Prokuror vəsatətində təqsirləndirilən şəxslərin əmlaklarına həbs qoyulduğunu, lakin əmlakların qiymətləndirilmədiyini bildirib. O, buna görə məhkəmə əmtəəşünaslıq ekpertizasının keçirilməsini və təqsirləndirilən şəxslərin əmlakının qiymətləndirilməsi istəyib.

Vəsatət təmin olunaraq, ekspertizaya göndərilib. Buna görə də ekspertiza ilə əlaqədar olaraq, cinayət işinin icraatı dayandırılıb və proses qeyri-müəyyən vaxtadək günədək təxirə salınıb.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qətimkan tədbiri və digər şəxslərin barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsini 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə),213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.

İttiham aktında göstərilib ki, D.Xəlilov, Ş.Musayev və S.Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə \”Azərbaycan Beynəlxalq Bank\” ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin – 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir.
Bundan başqa, cinayət işində qeyd edilib ki, D.Xəlilov, M.Zeynalov, F.Əmiraslanov, Ş.Musayev, R.Əsgərov və Rauf Əliyev \”Aqrarkredit\” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 85 milyon 355 min 786 manat məbləğində ziyan vurub. Həmin təşkilat dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslərdən yalnız sabiq deputat D.Xəlilov vergi ödəməkdən yayınıb. Belə ki, onun 1 milyon 752 min 359 manat pulu dövlət büdcəsinə ödəmədiyi göstərilib. Müvafiq qaydada qaldırılan mülki iddiaya görə, D.Xəlilovun həmin pulu dövlət büdcəsinə ödəməsi tələb olunur.
Zərərçəkmiş qismində tanınan iki bank və bir dövlət qurumu tərəfindən təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 90 milyon 467 min 544 manat mülki iddia qaldırılıb.

Xatırladaq ki, ötən il \”Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az