Özəl kredit büroları nə iş görəcək?backend

Özəl kredit büroları nə iş görəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq banklar kredit verərkən özəl kredit bürolarının məlumatlarına əsaslanacaq.

Riskləri önləmək üçün daha etibarlı məlumatlar hazırlayacaq ilk belə kredit bürosu təsis edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov təsis tədbirində bildirib ki, hazırda Mərkəzləşdirilmiş Kredit Reyestrində Azərbaycanda yetkin əhalinin cəmi 36 faizinin kredit tarixçələri cəmlənib. Yeni büronun yaradılması ilə bu rəqəm xeyli arta və problemli kreditlər azala bilər.

Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova isə yeni özəl maliyyə qurumunun xarici investorlar üçün vacib istinad mənbəyi ola biləcəyinə diqqət çəkib. Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır. Kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq və bunun əsasında müştəriyə kreditin verilib-verilməyəcəyi müəyyənləşdiriləcək.

Bəs görəsən, özəl kredit büroları iqtisadiyyata və bank sektoruna hansı müsbət yeniliklər gətirəcək?

Bu sualı cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, kredit büroları ilə bağlı məsələ Azərbaycanda son iki ildə daha çox müzakirə olunmağa başladı: “Xüsusilə maliyyə bazarlarında müşahidə olunan gərginlik, bankların kredit portfeli ilə bağlı yaranmış ciddi narahatlıqlar, eyni zamanda bankların həyata keçirdiyi kreditləşmə siyasətinin yanlışlığı haqqında dolğun qənaətin formalaşması ölkədə məhz kredit bürolarının yaradılması fikrini daha da önə çəkdi. Qeyd edək ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə kredit büroları uzun müddətdir ki, tətbiq olunan təcrübələrdən biridir. Kredit bürosu ilk növbədə məlumat bazası kimi nəzərdə tutulmalıdır. Ölkədə yaşayan və fəaliyyət göstərən vətəndaşların, rezidentlərin, qeyri-rezidentlərin, hüquqi və fiziki şəxslərin kredit qaytarma qabiliyyətini müəyyənləşdirən mexanizmin bir qoludur. Kredit büroları qeyd etdiyimiz şəxslər haqqında məlumatları toplayırlar. Bu məlumatlara əvvəlki dövrlərdə götürülmüş kreditlər, onların geri qaytarılma qrafikinə necə əməl edilməsi, digər borc öhdəliklərini necə yerinə yetirməsi, kommunal xidmətlər üzrə borc öhdəliklərinin necə icra olunması, hansı qrafik üzrə ödənilməsi ilə bağlı məlumatlar daxildir. Həmin dövrdə, kredit üçün müraciət edilən anda müraciət edən subyektin borclanma sferası, fəaliyyətdə olduğu biznes sferasının vəziyyəti, həmin insanların leqal gəlirləri də nəzərə alınır”.

İqtisadçının sözlərinə görə, bu məlumatlar toplanarkən, subyektin illeqal gəlirləri nəzərə alınmır: “Ölkə əhalisinin illeqal gəlirləri də mövcuddur. Bu məlumatlar kredit bürolarının topladığı məlumatlar sırasına daxil olmayacaq. Sahibkarın və ya vətəndaşın qeyri-leqal gəlirləri onun kredit qaytarma qabiliyyətinə müsbət təsir göstərə bilməyəcək. Kredit büroları bu məlumatların sintez edilməsi, üzv banklara üzvlük haqqı qarşılığında satılması funksiyasını yerinə yetirəcək. Kredit bürolarının fəaliyyəti əslində ötən dövrlərdə verilmiş kreditlər üçün heç bir əhəmiyyət daşımır. Artıq kredit büroları fəaliyyət göstərdiyi andan etibarən əgər banklar bu büro ilə əməkdaşlıq edirsə, ondan aldığı məlumatlar hesabına kredit müraciətini daha dolğun qiymətləndirə biləcək. Vətəndaşın kredit qaytarma qabiliyyətini daha düzgün müəyyənləşdirərək, onun maddi durumuna uyğun şəkildə kreditləşməni həyata keçirəcək və ya ümumiyyətlə kredit təklif etməyəcək. Bütövlükdə götürəndə bu proses özü orta və uzunmüddətli dövrdə Azərbaycanda bank sektorunda, xüsusilə kredit portfelində sabitliyə , eyni zamanda sağlamlığın təmin olunmasına pozitiv təsir göstərəcək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, özəl kredit bürolarının yaradılması ilə bağlı qanun layihəsi uzun müddətdir qəbul olunub: “Məndə olan məlumata görə, artıq belə kredit büroları formalaşıb. O kredit bürolarının yaradılmasında əsas məqsəd vaxtı keçmiş kreditlərin, əmanətçi ilə bank sahibi arasında olan münasibətləri müəyyən qədər sivil qaydada həll etməyə yönəlib. Bu, maliyyə bazarına müsbət təsir etməlidir. Dünya bazarında belə təcrübələr çoxdur. Məndə olan məlumata görə, bir neçə bank birləşib belə bir büro yaradıblar. Ödənilməyən məbləğləri geri qaytarmaq üçün, bu prosesi sivil qaydada həyata keçirmək üçün bu büroların rolu önəmli olacaq. Bilirsiniz ki, hazırda kreditlərlə bağlı Azərbaycan məhkəmələrində 280 minə yaxın iş var. Bütün bunları tənzimləmək üçün belə büroların yaradılması qanunla təsbit olunub”. (musavat)

İnterpress.az