“Lap 1 milyon adamı mühacirətə göndərə bilərəm”backend

“Lap 1 milyon adamı mühacirətə göndərə bilərəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Baş Prokurorluq saxta sənədlərin verilməsi və bu yolla insanların mühacirətə göndərilməsi iddiaları ilə bağlı araşdırmalar aparır. Məsələ ilə bağlı AXCP sədri Əli Kərimli də dindirilib.

Mühacirət məsələsi ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu fikirlərini \”Ölkə.Az\”-la bölüşüb:

\”Mühacirət məsələsi beynəlxalq hüquqla müəyyən edilib. Mühacirət insan hüquqlarının əsas müddəalarından biridir. Həmin hüquqa görə insanlar mühacirət etmək, istədiyi ölkədə yaşamaq hüququna malikdir. Buna görə də, nə mühacirətə gedənin, nə də mühacirətə gələnin qarşısının alınması insan hüquqlarının pozulmasıdır. Yəni, nə Avropa ölkələri mühacirətdən imtina edə bilər, nə də Azərbaycan vətəndaşının mühacirət istəyini beynəlxalq hüquqa görə məhdudlaşdıra bilər.

İnsanların mühacirətə getməsi cinayət hərəkəti yox, əksinə beynəlxalq, Azərbaycan konstitusiyası ilə təsdiq edilmiş bir hüquqi normadır. Bu hər kəsin hüququdur. Kim istəyər gedər, istəməz getməz\”.

İslama görə mühacirətin vacib olduğunu deyən Sərdar Cəlaloğlu bildirir ki, \”Qurani-Kərim\”də deyilir, ey mömünlər, əgər dininizi yaşadığınız yerdə qoruya bilmirsinizsə, mütləq oradan hicrət edin:

\”Quranda bildirilir ki, insanlar yaşadıqları yerlərdən dinini qoruya bilməyib, hicrət etmirsə onlar sonda kafirlərə tabe olurlar. İslam dininə görə, bir insan əqidəsini açıq-aydın şəkildə bir ölkədə həyata keçirə bilmirsə, həmin ölkəni tərk etməlidir\”.

Baş Prokurorluğun mühacirətə gedənlərlə bağlı cinayət işi açması məsələsinə gəldikdə isə, ADP sədri bildirdi ki, \”Quranı-Kərim\”ə və beynəlxalq hüquqa görə təsdiq edilmiş məsələ ilə bağlı Baş Prokurorluğun cinayət işi açması absurddur:

Bir adam partiyamızın üzvüdürsə və bilsəm ki, siyasi əqidəsinə görə mühacirətə getmək istəyir, ona arayış verərəm. Buna görə də, Baş Prokurorluğun və digər orqanların mənə güldən ağır söz deməyə nə hüququ var, nə də haqqı. Çünki, bunu nə Quran, nə də beynəlxalq hüquq qadağan etmir. Əgər kimlərsə pul almaq qarşılığında arayış verirsə, bu, korrupsiya, sənədlərin saxtalaşdırılmasıdır. Biz hökuməti korrupsiyada ittiham ediriksə, özümüz də kimdənsə pul alıb xaricə göndəririksə, onda adama deyərlər, sənin hökumətdən nə fərqin oldu? Belə işlərə görə məsuliyyətə cəlb olunma düzgündür.

Ancaq Azərbaycan vətəndaşlarının mühacirətə getməsi üçün sənəd vermək, kömək etmək həm beynəlxalq hüququn normalarına uyğundur, həm də \”Qurani-Kərimə\” uyğundur.

Bu gün Afrikadan milyonlarla insan Avropa ölkələrinə mühacirətə gedir. Onlar Avropa ölkələrinə böyük problemlər yaradır. Avropa ölkələri buna qarşı çıxmağa çalışanda BMT bildirdi ki, sizin mühacirətin qarşısını almağa ixtiyarınız yoxdur. Beynəlxalq hüquqa görə mühacirət insanların fundemantal hüququdur.

Bizim cəmiyyətdə belə fikir formalaşdırırlar ki, mühacirətə kömək etmək cinayətdir. Bu doğru deyil. Lap 1 milyon adamı mühacirətə göndərə bilərəm, bunun heç bir cinayət tərkibi yoxdur. Göndərilmə prosesində cinayət işi ilə məşğul olsam, onda məsuliyyətə cəlb oluna bilərəm\”.

İnterpress.az