“Azərbaycandan İŞİD-ə qoşulmaq istəyənlərin sayı azalıb”backend

“Azərbaycandan İŞİD-ə qoşulmaq istəyənlərin sayı azalıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD terror qruplaşması “paytaxt”ını Suriyanın Rakka şəhərindən ölkənin başqa bir şəhəri olan Deyr-ez-Zora köçürüb. Bu haqda ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən “Fox News” bildirib. Məlumata görə, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri və Suriya ordusunun yaxınlaşan hücumunu nəzərə alan İŞİD-in yüzlərlə lideri Rakkanı tərk ediblər.

Politoloq Elxan Şahinoğluna görə, İŞİD bir müddət öncə özünü çox rahat hiss etsə də, indi elə deyil: “Bir müddət öncə İŞİD İraqda və Suriyada müxtəlif şəhərləri ələ keçirmişdi. Ən böyük iki şəhər də İraqda Mosul, Suriyada isə Rakka idi. Ancaq artıq böyük dövlətlər İŞİD-ə qarşı amansız mübarizəyə başlayıb. Bunların içərisində Türkiyə, Rusiya, İranın müxtəlif qüvvələri var. Amerikanın özü də bu prosesə qoşulub. Aydındır ki, Mosul və Rakka ətrafında İŞİD-in mövqelərinə ciddi zərbələr endirilir və endiriləcək. İŞİD-in vəziyyəti Mosulda daha ağırdır. Bağdadinin şəhəri tərk etməsi də gələn xəbərlər arasındadır. Düşünürlər ki, Rakkaya da böyük hücum olacaq. Yəqin ki, bununla bağlı özlərinin kəşfiyyat məlumatları da var. Çünki Rusiya, silahlı kürd qruplaşmaları, türk ordusu, Amerika da Rakkanı ələ keçirmək üçün müxtəlif planlar cızırlar. Düşünürəm ki, artıq İŞİD leqal fəaliyyətdən, qeyri-leqal fəaliyyətə keçir. Leqal fəaliyyət o idi ki, ordu yaradıb, müxtəlif şəhərləri ələ keçirərək, orada öz üsul-idarəsini formalaşdırmışdı. Ancaq indi, tipik terrorçu təşkilatlar kimi mağaralara, gizli yerlərə çəkilməyə çalışacaqlar. Aydındır ki, onların şəhərlərdən meydan oxuması mümkün deyil”.

E.Şahinoğlu hesab edir ki, onlar yeni şəhərdə təşkilatlana bilməzlər: “Beynəlxalq koalisiya formalaşsa, Rusiya ilə Amerika ortaq məxrəcə gələrlərsə, güclü hücumlar başlayacaq. İndi də hücumlar olsa da bu, bir qədər xaotikdir. Amerika bütün gücləri birləşdirə bilərsə, İŞİD-ə qarşı vahid cəbhə yaranacaq. Aydındır ki, İŞİD bu cür vahid cəbhə qarşısında aciz qalar. Ona görə də hesab edirəm ki, geri çəkilsələr, onların bundan sonra ordu yaratmaları mümkün deyil. ”əl-Qaidə\” də vaxtilə Əfqanıstanda özünə məkan qurmuşdu. İndi isə onlardan da əsər-əlamət yoxdur. Düşünürəm ki, İŞİD də elə bir mövqeyə sıxışdırılacaq ki, ordu şəkilində savaşa bilməyəcəklər. Ancaq kiçik qruplarla müxtəlif ölkələrə yayılaraq Suriyada, İraqda, Əfqanıstanda, Yəməndə məxfi şəkildə fəaliyyət göstərərək, beynəlxalq aləmə meydan sulaya bilərlər. İŞİD bir ordu, böyük qruplaşma olaraq, bəlkə də son ilini yaşayır. Eyni zamanda digər ölkələrdən də onlara qoşulanların sayı azalıb. Vaxtilə Azərbaycandan da İŞİD-ə qoşulanlar var idi. İndi isə bu cür xəbərlərin xeyli azaldığını görürük. Çünki onlara qoşulmaq istəyənlər də artıq görürlər ki, İŞİD-in vəziyyəti getdikcə ağırlaşır. İnsanlar əvvəllər ona görə bu qruplaşmaya qoşulurdular ki, İŞİD böyük mövqelər əldə etmişdi. Düşünürdülər ki, ona qoşulmaqla İŞİD-ə daha da güc qatacaqlar. İndi isə görürlər ki, İŞİD mövqelərini ard-arda itirmək üzrədir, sıraları da seyrəlir. Belə olduğu halda heç kim gedib onlara qoşulub, ölmək istəmir. Artıq Türkiyə üzərindən sərhədi keçmək də əvvəlki illərdə olduğu kimi, mümkün deyil. Lakin İŞİD-ə özünü mənəvi cəhətdən bağlı hesab edən terrorçuların sayı artıb. Onlar yaşadıqları ölkələrdə terror törətməklə, İŞİD-ə bağlı olduqlarını nümayiş etdirirlər. Yəni bu terror qruplaşmasına birbaşa fiziki olaraq qoşulmayıb, mənəvi bağlı olduqlarını bu cür göstərirlər. Məsələn, Sank-Peterburq metrosundakı partlayışı qeyd edə bilərik. Həmin partlayışı həyata keçirən və ona əmr verən heç Suriya və İraqda İŞİD sıralarında döyüşməyib. Ancaq ideoloji baxışları eyni olduğu üçün bu cür əməlləri həyata keçirirlər. Eyni zamanda son günlər Fransada baş verən hadisəni də qeyd edə bilərik. Belələri bundan sonra da olacaq, lakin gedib birbaşa İŞİD-ə qoşulmaq isə artıq keçmişdə qalıb\”.

Rakka Suriyanın şimalında yerləşir. Şəhər 2014-cü ildə İŞİD tərəfindən tutulub və qruplaşmanın de-fakto paytaxtı hesab edilir. Deyr-ez-Zor isə ölkənin şimali-şərqində, Rakkanın təxminən 130 kilometrliyində yerləşir. (musavat)

İnterpress.az