Qarabağ səmasındakı qatı barıt qoxusu – SÜLH ŞANSLARI AZALIRbackend

Qarabağ səmasındakı qatı barıt qoxusu – SÜLH ŞANSLARI AZALIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin 4-cü ayı başa çatmaq üzrədir. Ancaq Dağlıq Qarabağ danışıqlarında hələ də ciddi tərpəniş yoxdur. ATƏT-in Minsk Qrupu həmsədrlərinin ötən ay regiona etdikləri səfər də nəticəsiz başa çatdı. Vasitəçilər sülh prosesi ilə bağlı nikbin bəyanatlar versələr də, prezidentlərin növbəti görüşündən danışsalar da, bu bəyanatlar elə bəyanat olaraq qaldı.

Əsas səbəb dəfələrlə deyildiyi kimi, həmsədrlər səviyyəsində işğalçı Ermənistana ənənəvi, dözümlü yanaşmanın qalmasıdır. Təcavüzkar ölkə də bu yanaşmadan məharətlə yararlanaraq, illətdir sülh danışıqlarında təxribatçı mövqe tutur, nizamlama prosesini sabotaj edir. Dağlıq Qarabağla bağlı BMT-nin, digər mötəbər beynəlxalq təşkilatlarım qəbul etdiyi məlum qərar və qətnamələrini qulaqardı edir.

Nəticə ortadadır: bu gün konflikt zonasında müharibə riski yüksək olaraq qalır. Üstəlik, havaları istiləşməsi ilə bu risk günbəgün bir az daha böyüməkdədir. Yaranmış durumdan yeganə çıxış yolu yenə də danışıqlar prosesini hansısa səviyyədə bərpa eləmək, sülh nizamlanmasına inamı bərpa eləməkdir.

Bu arada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında görüş aprelin 27-də Moskvada reallaşa bilər. Başqa bir mənbə isə sayta xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.

Elmar Məmmədyarovun özü də ötən ay Rusiya tərəfinin təşəbbüsü ilə üçlü görüşün keçiriləcəyini bildirmişdi. Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova isə aprelin 19-da keçirdiyi ənənəvi brifinqdə nazirlərin üçtərəfli görüşünün keçirilməsinin gözlənildiyini açıqlamışdı.

Necə deyərlər, heç olmayan danışıqlardansa, nəsə olması yaxşıdır. “İstənilən pis sülh müharibədən yaxşıdır” tezisini də ciddiyə alsaq, ümid eləmək qalır ki, nazirlərin görüşü hansısa daha mühüm və yüksək səviyyəli görüşə, yeni mərhələyə zəmin yaradacaq. Söhbət prezidentlərin ötən ilin iyunundan üzü bəri reallaşa bilməyən təmasından, dondurulmuş prosesin donunu açmaqdan gedir. Ancaq görüş xətrinə görüş də heç kimə lazım deyil – ələlxüsus ərazisinin 20%-i on illərdir işğal altında olan Azərbaycana. Rəsmi Bakı bunu dəfələrlə açıq şəkildə bəyan da edib.

Situasiya isə həqiqətən çevik addımların atılmasını tələb edir. Bəs bunu kim etməlidir? Siyasi analitiklərin məsələyə baxışlarını təqdim edirik.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət xeyli dəyişib və ona görə də hərtərəfli hazır olmaq lazımdır”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Azərbaycanın hərbi təlimlər keçirilməsi və bu yöndə atılan addımlar müsbət hal kimi qiymətləndirilməlidir.

“Qarabağ münaqişəsinin həllində ən mühüm rolu Rusiya oynamalıdır. Qərbin də açıq tələbi o oldu ki, SSRİ-nin varisi kimi Rusiyanın münaqişənin həllini öz üzərinə götürməməsi çox təhlükəli tendensiyaya çevrilə bilər. Rusiya müharibə ocaqlarının söndürülməsində birbaşa iştirak etməlidir. Ancaq Moskvanın xeyir-duası ilə dolayı yolla Serj Sərkisyanın ”müharibə partiyası\” Ermənistanda yenidən hakimiyyəti zəbt etdi. Məlum məsələdir ki, onlar status-kvonu uzatmağa çalışacaqlar. Bu isə məsələnin həlli üçün yaranmış əlverişli şəraiti və müsbət addımların atılmasını əngəlləyə bilər\”, – deyə ekspert qeyd edib.

Politoloqa görə, Rusiya münaqişənin müsbət həllində maraqlı olmalıdır, çünki bu gün regionda iqtisadi, siyasi və daşınmalar planında Qərb üçün ən vacib dövlətlərdən biri Azərbaycandır: “Bu mənada hesab edirəm ki, Qərbin tələbləri və Rusiyanın atdığı addımlar məsələnin həlli istiqamətinə yönəlməlidir. Ermənistana gəldikdə, son parlament seçkiləri göstərdi ki, İrəvan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə razı olmayacaq. Qarşıdan yay fəslinin gəlməsi Qarabağda müharibə ehtimalını daha da artırır. Azərbaycan Ordusu ermənilər tərəfindən hər cür təxribatlara qarşı tam ayıq-sayıq olmalıdır. Bir sözlə, vəziyyət xeyli dəyişib və ona görə də hərtərəfli hazır olmaq lazımdır”.

Erməni tərəfinin Qarabağ məsələsində güzəştsiz mövqe tutmasında, sözsüz ki, beynəlxalq erməni lobbisinin və təcavüzkara dəstək verən bəzi Qərb siyasətçilərinin də mühüm rolu var. Fransadakı prezidentliyə namizədlərin, ələlxüsus Fransua Fion və Marin Le Penin Qarabağ məsələsində tutduqları məlum mövqeyi buna sübutdur.

Rusiyalı təhlilçi-publisist Mixail Belyayevin bu xüsusda fikri diqqət çəkir. Musavat.com-un “Vestnik Kavkaza” nəşrinə istinadən verdiyi məlumata görə, onun təhlili məqaləsində deyilir: “Bu gün fransız ultramillətçiləri erməni seçicilərinin səsləri və ianələri uğrunda mübarizədə aqanbekyansayağı tezislərlə silahlanıblar. Onlardan ötrü Dağlıq Qarabağ boş şey, uzaq Asiya məkanındakı bir guşədir – hansını ki, xəritədə belə, çətin ki, tapa bilsinlər. Marin Le Pen və onun tərəfdarlarından fərqli olaraq azərbaycanlılar və ermənilər üçün uğrunda qan tökdükləri və tökməkdə davam etdikləri bu torpaq eyni zamanda onların ölkələrinə öz potensialını reallaşdırmağa imkan vermir. Yalnız ümid eləmək qalır ki, son on illiklər ərzində müharibənin ağrı-acısını kifayət qədər dadmış bu iki Qafqaz xalqı bir həqiqəti başa düşmək üçün yetərincə təcrübə qazanıblar: azərbaycanlıların və ermənilərin taleyi avropalı ultramillətçilərdən ötrü tamamilə maraqsızdır, Dağlıq Qarabağla bağlı mövqelərini isə ultramillətçilər nə qədər özlərinə sərfdir, bir qədər dəfə dəyişəcəklər. Erməni diasporu Dağlıq Qarabağın hətta Fransaya birləşdirilməsini də dəstəkləyə bilər, amma azərbaycanlılar bununla heç yerə yox olmayacaqlar. Ona görə də patriotik ekstazla Le Penin adını çəkməzdən öncə bir sərf etməyən gerçəyi yada salmaq lazımdır: Fransa erməniləri Parisin elit rayonlarında yaşayır, Qarabağ erməniləri isə – yoxsulluq içində və hərbi vəziyyətdə. Və onlar öz yerlərini heç vaxt dəyişməyəcəklər”.

Məsələ də zatən, bundadır. Ancaq əfsuslar olsun ki, bir sıra Qərb siyasətçiləri, daha betəri, dövlətin rəsmi şəxsləri hələ də varlı erməni lobbisinin on illərdir çaldığı havaya oynamaqdadırlar – Güney Qafqazda, Qarabağda sülhü, əmin-amanlığı deyil, varlı ermənilərin paralarını, seçici səsini üstün tutduqları üçün. ( musavat.com )

İnterpress.az