Valyutadəyişmə məntəqələrinin bərpasına qərar verildibackend

Valyutadəyişmə məntəqələrinin bərpasına qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 25-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İlk olaraq birinci vitse-spiker Ziyafət Əsgərov Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi maliyyə əməkdaşlığı haqqında sazişin təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi.

Bildirdi ki, 5 illik bağlanan saziş 2016-cı il dekabrın 29-30-da Azərbaycanda və Türkiyədə imzalanıb. Deputatlar qanun layihəsinə səs verdilər.
Mənzil Məcəlləsinə edilən dəyişikliklər isə fikir müxtəlifliyinə səbəb oldu.

Deputat Asim Mollazadə qanun layihəsinin qəbulunun əleyhinə çıxdı: “Qanunvericiliyə təklif olunan variant dünya təcrübəsinə ziddir. Yaşayış ərazisində mehmanxana və ya hostellərin yerləşdirilməsi vətəndaşların hüquqlarını poza bilər. İnsanların öz yaşayış sahəsində sakit yaşamaq hüququ var, biz bu qanunla həmin hüququ pozmuş olacağıq. Bu düzəliş bizim vətəndaşların şəxsi mühitinə müdaxilədir. Ona görə mən bu düzəlişin əleyhinəyəm”.

Komitə sədri Hadı Rəcəbli isə dedi ki, layihə hazırlanarkən 10 ölkənin qanunundan bəhrələniblər: “Mən çox təəccüb edirəm ki, müasir dünyagörüşə malik olan Asim müəllim bu mövqedədir. Onun bu fikirləri tamamilə bugünkü tələblərə cavab verməyən fiklirlərdir. Avropada ayrıca evlərin turizm obyekti kimi istifadə olunması nümunələri var. Biz bu dəyişikliklərlə bürokratiyanın qarşısını xeyli alacağıq və turizmin inkişafına xidmət edəcəyik”.

Spiker Oqtay Əsədov da onu müdafiə etdi: “Elə götürək Türkiyənin şəhərlərini. Elə şəhərlər var ki, hotel sayı az olsa da, ora hər ay 100 minlərlə turist gəlir, mənzil turizmi olmasa o qədər turisti yerləşdirmək mümkün deyil”.

Deputat Əflatun Amaşov qanun layihəsini müdafiə edərkən Gürcüstan nümunəsini gətirdi: “Keçən il Gürcüstana 6 milyon turist gəldi və nəticədə ölkə 2 milyarda yaxın gəlir əldə etdi. Üstəlik, Gürcüstana gələn turistlərin 70 faizi ayrı-ayrı ailələrdə yaşadı. İnsanların hüququ var ki, öz evlərini turistlərin üzünə açsınlar. Ona görə də mən bu düzəlişi kifayət qədər vacib və əsaslı sayıram. Bu, turizmin inkişafına töhfə verəcək”.

Səsvermə ilə dəyişikliklər qəbul edildi.

“Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, layihəyə əsasən, birinci vitse-prezident təyinatından sonra idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır. Komitə sədrinin dediyinə görə, inzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir. Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir. Ə.Hüseynli ölkə prezidentinin sərəncamı ilə Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezident təyin olunduğunu xatırlatdı və qanun layihəsinin Milli Məclisə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olduğunu qeyd etdi. Komitə sədrinin sözlərinə görə, təklif Azərbaycan Konstitusiyasına 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, yeni yaradılmış birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunu, təminatını və dövlət orqanındakı təsnifatını müəyyən etmək üçün verilib. Dəyişikliklər yekdilliklə qəbul olundu.

Milli Məclis daha sonra Bakı şəhər prokuroru Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi məsələsinə də baxdı və müsbət qərar verdi.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında\” Qanuna dəyişikliklər barədə məlumat verən İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, dəyişikliyə əsasən qanundan 49-1 maddəsi çıxarılır. Komitə sədrinin sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar olaraq bu maddə ləğv edilir: “Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi 49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir”. Beləliklə, Azərbaycan Mərkəzi Bankından kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi səlahiyyəti alınır.
“Hazırda yollarımızda 60-cı illərdə istehsal olunmuş avtomobillərdən istifadə olunur. Hərdən mən hər tərəfi çürük, işıqları yanmayan, qara tüstü buraxan maşınları görəndə düşünürəm ki, bunlar texniki baxışdan necə keçib?”

Bu fikirləri isə “Yol hərəkəti haqqında” Qanunun müzakirəsi zamanı deputat Elmira Axundova söylədi. E.Axundova vaxtilə səsləndirdiyi təklifi bir daha xatırlatdı: “Biz də Rusiya və başqa ölkələr kimi, köhnə avtomobilləri vətəndaşlardan alaq. Dövlət orqanları bunun müqabilində vətəndaşlara vəsait, ya da çek versinlər, bunun qarşılığında Gəncə, yaxud Naxçıvan istehsalı olan maşınları ala bilsinlər. Müvafiq qurumlardan xahiş edirəm, bu maşınlar texniki baxışdan keçirilməsinlər. Əks təqdirdə, yollarımızdakı əsl qətliam davam edəcək”.
“Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik isə daha ciddi etirazlara səbəb oldu.

Deputat Qüdrət Həsənquliyev valyutadəyişmə məntəqələri işlətmək istəyənlərdən lisenziya tələbi ərəfəsində onların qarşısına digər tələblər qoyulmasını düzgün saymadı: “Əgər lisenziya verilməyəcəksə, niyə kiminləsə müqavilə bağlayıb ödəniş etməlidir? Deməli, dədə-baba qaydası ilə araşdırmalıdır ki, mənə icazə verirsinizsə, valyutadəyişmə məntəqəsi açıram, ya da insanlar artıq əziyyət çəkəcək. Əgər həqiqətən də bu məntəqələri açırıqsa, onda gərək vətəndaşlar bu hüquqdan istifadə edə bilsinlər”. Deputat girov saxlama tələbini də düzgün saymadı: “Valyutadəyişmədə hansı öhdəlik yaranır ki, şəxs lisenziyanın mövcud olduğu dövrdə depozit saxlamaq tələbi ilə üz-üzə qoyulur?”
Elmira Axundova dedi ki, bu məntəqələrin açılışı xarici turistlər üçün də əhəmiyyətlidir, onlar özləri ilə gətirdiyi valyutanı manata çevirə bilmirlər.

Deputat Vahid Əhmədov da ciddi arqumentlər səsləndirərərək bildirdi ki, valyutadəyişmə məntəqələrinin bərpası üçün heç bir qanuna da ehtiyac yox idi, çünki qanun var: “Burada ən ciddi və narahatedici məsələ girov məsələsi ilə bağıdır. Əvvəlki layihədə 50 min dollar girov tələbi var idi, o çıxdı, indi məbləğ göstərilməyib. Sabah o girovun məbləği 50 min, ya 100 min ola bilər. Sual yaranır, bu girov nədən ötrüdür? Girov qoymaqda məqsəd nədən ibarətdir? İkinci də girov yuxarı icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Kiminlə razılaşdırılmalıdır? Girova ehtiyac yox idi, mən bununla razılaşmıram”.

Prezident tərəfindən strateji yol xəritəsinin imzalandığını xatırladan V.Əhmədov bildirdi ki, bizə verilən qanunlara dəyişikliklər real həyatı əks etdirmir: “Bizim qəbul etdiyimiz qanunlar Azərbaycan iqtisadiyyatına problemlər yaradır. Ola bilər cənab prezidentə düzgün məlumat verilmir. Mənim pulum niyə depozitdə saxlanılmalıdır, mən fiziki şəxsəmsə? Dünən bizə qanun layihəsini təqdim etdilər, əgər bu qanun qəbul olunsa, Vergilər Nazirliyi ilə Palata arasında çox ciddi toqquşma yaranacaq”.

Spiker Oqtay Əsədov dedi ki, depozit yüksək rəqəmlərlə qəbul olunmuşdu: “Biz danışdıq, məbləği dəyişdik. Dünyanın bütün ölkələrində depozit tələb olunur. 5-10 minlik depozitin həmin məntəqə sahibinə heç bir ziyanı yoxdur, amma əhaliyə faydası olacaq. Amma nağd pulun köçürülməsi ilə bağlı məsələyə baxılır, onun üzərində iş gedir”.

Deputat Siyavuş Novruzov dedi ki, bir ilə yaxındır valyutadəyişmə məntəqələrinin ləğvi ilə əlaqədar vətəndaşlarımızın qara bazarda aldadılması gündəmdə idi: “Bir sual ortaya çıxırdı, axı bu var idi, təzədən velosiped kəşf etməyə ehtiyac yox idi. Burada minlərlə valyutadəyişmə məntəqələri il ərzində dayandı, hər birində işləyən insanlar kənarda qaldı, ”qara bazar\”da isə pullar fırlandı. Bu məntəqələrin konkret yeri var idi, bərpa prosesində həmin insanlara üstünlük verilməlidir, çünki onlar bu sahəni bilirlər. İndi bazar günü bir valyutadəyişmə məntəqəsi var, adamlar gedib onun qarşısında dayanır. Valyuta bazara çıxarılır, bu məntəqələr də çıxarır, onu vətəndaşa satır. Bu, valtyutadəyişmə məntəqəsidir, burada depozit tələbi nəyə lazımdır? Depozit bir, iki, üç min manat ola bilər. Böyük miqdarda valyutadəyişmə məntəqəsində depozit ola bilməz. Onda göysatan, almasatandan da depozit tələb edək. Depozit bankda ola bilər\”.
Deputat Əli Məsimli də depozit tələbini doğru saymadı: “Bir məsələ də var: ”qara bazar\”da alışla satış arasındakı fərq insaflıdır, nəinki banklarda\”.

Ə.Məsimli bu sektorda vəziyyəti sağlamlaşdırmağa çağırdı.

Spiker Oqtay Əsədov dedi ki, bütün məsələlər ölçülüb-biçilib: “Məqsəd də budur ki, 2 min valyutadəyişmə məntəqəsi olmasın, min dənə olsun, amma normal fəaliyyət göstərsin. Əvvəlki kimi hər daşın arxasında bir valyutadəyişmə məntəqəsi olmayacaq. O məntəqələrin çoxu başqa işlərlə də məşğul idi”.

Deputat Zahid Oruc dolların manata olan münasibətinin qısa müddətdə 1.92-dən 1.70-ə enməsinin səbəblərini soruşdu: “Adamda belə təsəvvür yaranır ki, bu kurs kabinetdə müəyyənləşir. Biz dərman bazarına müdaxilə edə bilirik, etiraz edirik, ancaq belə çıxır ki, valyutanın kursunda belə sürətli sıçrayışlar normaldır”.

Deputat Yevda Abramov xatırlatdı ki, vaxtilə valyutadəyişmə məntəqələrinin ləğvini düzgün saymayanda bəzi həmkarları da ona qarşı çıxıb: “Ancaq bu gün çox sevinirəm. Bu dəyişikliklərə görə sizə və cənab prezidentə minnətdarlıq edirəm. ”Qara bazarı\” öldürmək üçün atılan addımlar bizə xeyir vermədi, insanlar incidildi, vəsait itkiləri oldu. Niyə burada girov olmalıdır, bilmirəm. Məgər əvvəlki varianta qayıtmaq olmaz? 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdirlər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir gətirsinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və “Primorski”də öz villalarında yaşayan şəxslər qəza xidməti maşınlarında bu günün özündə çamadanlarla valyuta dəyişirlər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi? Babalarımızın, nənələrimizin “sandıq pulu” var. Xalq çaşıb qalıb, bilmir pulunu hansı valyutada saxlasın. Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir düzəngaha, azadlığa çıxaq. Cənab prezident gecə-gündüz işləyir. Amma məmurlar çətinliyə salırlar insanları\”.

Səhiyyə ilə bağlı mühüm qanun layihəsini Səviyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim etdi. O bildirdi ki, bundan sonra gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə veriləcək.

Deputat Qənirə Paşayeva bildirdi ki, gözün buynuz qişası toxumalarının ölkəyə gətirilməsinə icazə verilməsi önəmli bir hadisədir: “Bununla gözün buynuz qişası köçürülməsini gözləyən yüzlərlə insanımızın problemi öz həllini tapacaq. Eyni zamanda bu əməliyyat üçün vətəndaşlarımız artıq xarici ölkələrə üz tutmayacaq, öz ölkəmizdə bu əməliyyatlar həyata keçiriləcək”. Millət vəkili digər mühüm problemə də diqqət çəkdi: “Çox vacibdir ki, ürək və qan-damar əməliyyatlarında istifadə olunan toxumaların, homoqreftlərin, qapaqlar və damarların, yəni toxumaların ölkəyə gətirilməsinə də icazə verilsin. Ölkəmizdə cənab prezidentin də açılışında iştirak etdiyi Bakıda ”Ürək Mərkəzi\”nin açılışı oldu. Bu gün ölkəmizdə yüksək səviyyədə ən mürəkkəb ürək əməliyyatları həyata keçirilə bilər. Ürək qapağının infeksiyalaşması, endokardit, uşaqlarda bir sıra mürəkkəb ürək əməliyyatlarında və s. bu kimi əməliyyatlarda istifadə olunan toxumaların, homoqreftlərin ölkəyə gətirilməsinə icazə verilməsi çox vacib məsələdir və bu, ən mürəkkəb ürək əməliyyatlarının həyata keçirilməsinə öz müsbət təsirini göstərə bilər. Eyni məsələ oynaq toxumaları ilə də bağlıdır\”.

Deputat Fuad Muradov isə problemlərin həllinə kompleks yanaşmanı zəruri saydı: “Nəyə görə gözün buynuz qişasını gətirmək olar, ürək, qulaq və digər istiqamətlər üçün lazım olan orqanları gətirmək olmaz?”. (musavat)

İnterpress.az