Azərbaycan hazırda müharibə şəraitindədirbackend

Azərbaycan hazırda müharibə şəraitindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bir sıra yaşayış məntəqələri düşmənlə üzbəüzdür. Elə yaşayış məntəqələri var ki, avtomatdan açılan atəş zamanı güllələr bu yaşayış məskənlərinə düşür.

Atəşkəs intensiv pozulanda düşmənlə üzbəüz olan yaşayış məntəqələri boşaldılır, insanlar isə daha təhlükəsiz ərazilərə yerləşdirilir. Bu isə çox vaxt panikaya səbəb olur. Sosial şəbəkələrdə və insanlar arsında \”kəndlər boşaldılır\”, \”insanlar qaçır\” kimi söhbətlər yayılır. Ümumiyyətlə, insanların təhlükəsiz yerlərə çəkilməsi və bu tip panikaların qarşısının alınması üçün sığınacaqlara ehtiyac var.

Ağdam və Tərtərdə insanlar özləri mərmilərdən qorunmaq üçün sığınacaqlar tikiblər, ancaq bunu hər ailə bacarmır.

Bir neçə dəfə QHT-lər sığınacaqların tikilməsi üçün layihələr həyata keçirəcəyini bildirsələr də, ancaq bu məsələ hələ də həyata keçirilməyib.

Sığınacaqların vacibliyi və burada görülməli işlər barədə milət vəkili Zahid Oruc və hərbi ekspert Üzeyir Cəfərov fikirlərini Ölkə.Az-la bölüşüblər:

Millət vəkili Zahid Oruc: \”Birinci onu vurğulayaq ki, işğal reallığı Azərbaycanın təkcə ön cəbhə səngərlərində əsgərlərimizin düşmənlə üz-üzə qalmasına səbəb olmayıb, eyni zamanda mülki əhali də, sanki bütövlükdə bir məkan etibarı ilə döyüşün ağırlığını öz həyatlarında yaşamaqdadırlar. Adi avtomat silahları ilə açılan atəşlərin çatacağı yerdə insanlar yaşayırlar, gündəlik həyat işləri ilə məşğuldurlar, təsərrüfat qayğılarını yerinə yetirirlər. Belə olduğu halda da qarşı tərəfin atəşinə tuş gəlirlər. Ermənilər özlərinin məxfi proqramlarında açıq qeyd edirlər ki, vəziyyətin gərginləşdiyini görəndə, Azərbaycan tərəfi atəş açanda, o zaman silahı dinc əhaliyə yönəldirik. Bu, ermənilərin mühüm siyasətidir. Nəticə etibarı ilə panikanı yaratmaq, əhalinin yaşayış yerlərindən geri çəkilməsini təmin etmək, həmçinin iqtisadi ziyan vurmaq. Birinci Qarabağ müharibəsinin də əsas mənzərələrindən biri bu idi. İnsanlar öz yaşadığı ünvanı tərk elədiyi təqdirdə əli silahlı şəxslər sanki dayaqsız qalır, kürəyini söykəmək üçün yer tapmır, nəticədə o evlər boşaldılmış olur.

Sığınacaqlar çox mühüm bir məsələdir. Ötən illər ərzində bu yöndə müxtəlif tədbirlər həyata keçirilib. Bu tədbirlər nəticəsində bir sıra məkanlarda mülki müdafiənin hissəsi kimi yeraltı və yaxud binaların aşağı yerlərində bu cür sığınacaqların yaradılması yönündə addımlar atılıb. Ancaq əsas yerlərdə – Ağdamda, Tərtərdə, Füzulidə bu problem hələ də qalmaqdadır. Bir zamanlar cəbhəyə yaxın olan kəndlərin ətrafına divarlar tikilməyə başlandı. Ancaq göründü ki, indiki dövrdə, ən müasir texnologiyaların qarşısında divarlar və ya \”Çin sədd\”ləri arzuolunan nəticəni vermədi, mülki əhalinin qorunmasını təmin etmək çətin oldu. Əlbəttə də ki, ölkə rəhbərliyi həmin ərazilərin hamısında vətəndaşların qorunmasını təmin etmək üçün çox mühüm hərbi tədbirlər həyata keçirməkdədir. Bizdə olan məlumata görə, bu yöndə işlər dərinləşdirilir.

Ötən ilin aprel ayında baş verən 4 günlük müharibədən sonra ermənilərin verdiyi itkilər və bəzi hərbi strateji mövqelərin işğaldan azad edilməsinin başlıca mənası da ondan ibarət idi ki, məhz oradan mülki əhali vurulurdu. Hazırda bu proses bir qədər səngiyib.

Bir Cocuq Mərcanlının təmizlənməsində torpağın altında qalan minalar, silah sursatlar üzə çıxdı. Biz bu vətənin bağrına nələrin əkildiyinin şahidi olduq. Silahlı toqquşmanın radiusu cəbhəyə yaxın kəndlərdən qat-qat kənara çıxmaqdadır. Ona görə də, Azərbaycan ordusunun qarşısında dayanan ən mühüm vəzifə yeni toqquşmalar olarsa, erməniləri bu ərazilərdən daha da arxaya aparmaq və əlverişli yüksəklikləri ələ keçirməkdir. Bu həm gələcəkdə bütövlükdə müharibənin taleyini həll etmək üçün önəmli olardı, həm də bütün o ərazilər boyunca yaşayış yerlərini möhkəmləndirməyə, onların təhlükəsizliyinə təminat verməyə şərait yaradardı. Sığınacaqların yaradılması və bu sahədə proseslərin genişləndirilməsi mühüm milli proqramdır. Məndə olan məlumatlara görə, bu yöndə işlər görülür. Sadəcə bu yöndə gedən prosesləri tezləşdirmək və genişləndirmək lazımdır\”.

Hərbi ekspert Üzeyir Cəfərov: \”Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları öz vəzifə borclarına çox səhlənkar yanaşırlar. Heç kim zəmanət verə bilməz ki, ermənilər cəbhəyanı kəndləri kimyəvi və ağır silahlardan vurmayacaq. Bu zaman yerli əhali sığınacaqlarda məskunlaşmalıdırlar. Bu sıradan bir məsələ deyil. Ola bilsin ki, bizim bəzi çiynində yekə ulduz gəzdirən şəxslər elə bilir ki, hər şey qaydasındadır, ancaq əsla elə deyil.

Keçmiş sovetlər zamanında sığınacaqlar var idi. FHN-in müvafiq qurumları o sığınacaqları yenidən bərpa etməlidirlər. Bakı əhalisinin müəyyən hissəsi metroda, daldanacaqlarda sığına bilərdilərsə, indi o sığınacaqlardan əsər əlamət yoxdur. İtaliya, Yaponiya və digər ölkələrin iri şəhərlərində sığınacağa insanların yerləşdirilməsi üçün məşqlər keçirilir. İnsanlar hazırlanır ki, bir təhlükə yaranacağı təqdirdə kim haraya getməlidir. Bizdə isə tam arxayınçılıqdır. Ermənilərlə müqaviləmiz yoxdur ki, onlar nə isə etməyəcəklər. Təkcə cəbhə bölgəsində yox, digər şəhərlərdə də sığınacaqlar tikilməlidir. Müharibə şəraitində olan ölkəyik, ancaq heç bir iş görmürük. Sənədlərdə bəlkə də hər şey qaydasındadır, planlar hazırlanıb, təlimlər keçirilib. Ancaq biz özümüz özümüzü niyə aldatmalıyıq ki?

Hesab edirəm ki, müvafiq qurumlar bu məsələyə son dərəcə ciddi yanaşmalıdırlar. Bu sahəyə cavabdeh olan şəxslər məsuliyyətli olmalıdır. İndi özümüz özümüzü aldatmaqla sabah o problemlərin altından çıxa bilməyəcəyik\”.

İnterpress.az