“Azərbaycan artıq Rusiya ilə açıq danışmalıdır”backend

“Azərbaycan artıq Rusiya ilə açıq danışmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən hesab edirəm ki, Azərbaycanın Avropaya istiqamətlənən kurs götürməsi daha təhlükəli ola bilər. Biz Rusiyanın təhdidləri ilə üz-üzə qalsaq, Moldova, Ukrayna və Gürcüstanın Qərbdən aldığı dəstəyi Qərbdən ala bilməyəcəyik, bu, birmənalıdır. Ona görə də Azərbaycan bu məsələdə daha ehtiyatlı davranmalıdır”.

İnterpress.az xəbər verir ki, BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirib. Deputat hesab etmir ki, Bakı da Tiflis və ya Kiyev kimi birmənalı şəkildə Avrointeqrasiya siyasəti yürütməli, yaxud Avropaya vizasız gediş-gəliş imkanlarına malik olmaqdan ötrü Rusiyanı qıcıqlandıracaq addımlar atmalıdır: “Ona görə ki, bizim Qarabağ kimi ciddi problemimiz var. Amma Azərbaycan artıq Rusiya ilə açıq danışmalıdır. Bir dəfə Elmar Məmmədyarovov söylədi ki, biz Rusiya Avrasiya Birliyinə üzv olma məsələsini müzakirə edə bilərik. Edə bilərik yox, etmək lazımdır. Mən yenə də o fikirdə qalıram ki, Rusiya ilə Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqa söykənən ədalətli mövqe sərgiləyərsə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da, Avrasiya İttifaqına da üzv ola bilər. Bunu isə artıq açıq formada demək lazımdır. Yəni rus ictimaiyyəti, rus xalqı bunu bilsin və öz hökumətindən də tələb etsin ki, yaxşı, indi siz nə istəyirsiniz? Ona görə də Elmar Məmmədyarov dediyi kimi ”müzakirə edə bilərik\” yox, Azərbaycan açıq mövqeyini qoymalıdır. Bağlı qapılar arxasında danışıqlar necə gedir, bu, öz yerində, amma Rusiya ictimaiyyətinə, Rusiyanın ayrı-ayrı dairələrinə, siyasi institutlarına bu mesaj verilməlidir\”.

Q.Həsənquliyev Rusiyanın dövlətçilik təcrübəsinə malik ölkə olduğunu xatırladıb: “Orada siyasi institutlar fəaliyyət göstərir. Hətta nə qədər totalitar bir ölkə olsa da, Rusiyada birinci şəxsə siyasi institutların, hərbi-sənaye kompleksinin çox böyük təzyiq imkanları mövcuddur. Söhbət təkcə danışıqlarda iştirak edən Putin və ya Lavrovun fikirlərindən getmir, qeyd etdiyim o dairələr də bilməlidir ki, Rusiyanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində müsbət addımlarının qarşılığında Azərbaycan hansı addımı ata bilər. Bu mənada Azərbaycan Rusiyanın siyasi dairələrinə bu təzyiq vasitələrindən də istifadə etməlidir”.

İnterpress.az