“Ölkədə  mətbuat və söz azadlığı ilə bağlı heç bir problem yoxdur”backend

“Ölkədə mətbuat və söz azadlığı ilə bağlı heç bir problem yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Freedom House” növbəti illik hesabatında Azərbaycanda mətbuatın azad olmadığını deyir. Təşkilatın media azadlığı üzrə siyahısında, Azərbaycan 199 ölkə və ərazi sırasında 190-cı yerdə göstərilib. Media azadlığı siyahısında Azərbaycanın İran və Suriya ilə eyni hesabla yalnız Şimali Koreya, Türkmənistan, Özbəkistan, Krım, Eritrea, Kuba və Ekvatorial Qvineyadan irəlidə olduğu deyilir.

Təşkilat iqtidarı ANS bağlanmasında, Meydan TV və Azadlıq Radiosunun saytlarını il boyu vaxtaşırı bloklamaqla təqsirləndirib.
“Yeni Müsavat”a açıqlamasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov münasibət bildirib. O, “Freedom House”un hesabatlarının qərəzli olduğunu vurğulayıb:

“Məsələ ondan ibarətdir ki, ”Freedom House\”, “Human Right Watch” kimi təşkilatlar 20 ildən artıqdır ki, bizə qarşı ancaq qərəzli münasibət sərgiləyirlər. Onların hər hansı bir bəyanatı, müraciəti, hesabatı bizim üçün əhəmiyyət kəsb eləmir. Birinci növbədə qeyd edim ki, həmin təşkilatların idarə heyətlərinin üzvlərini araşdırmışıq və məlum olub ki, idarəetmə şurasının üzvləri arasında kifayət qədər erməni var. Ona görə də istər-istəməz həmin üzvlərin təsirləri bilavasitə bəlli olur. İkinci bir tərəfdən bunlar Azərbaycanda marağı olan qüvvələr tərəfindən maliyyələşirlər və bu cür hesabatlardan Azərbaycana qarşı təzyiq metodu kimi istifadə edilir. Azərbaycanda mətbuatla, insan hüquqları, demokratiya, söz azadlığı ilə bağlı heç bir problem yoxdur. Hər kəs də bunun şahididir. Əgər kimsə məsuliyyətə cəlb olunubsa, deməli bu və ya digər cinayət törətdiyi üçün məsuliyyətə cəlb edilib. Görürsünüz ki, son dövrlər ortaya nə qədər məsələlər çıxır. Azərbaycanda insanlar var ki, mətbuatda işləyib, sonra digər ölkələrdən qaçqın sığınacağı alıb, başqa işlərlə məşğul olurlar. Elə sizin qəzetdə oxuduq ki, hansı əməllər törədib, insanlara saxta sənədlər düzəltməklə məşğuldurlar. Ancaq həmin insanlara guya burada siyasi baxışlarına görə sıxışdırıldıqları üçün oturum hüququ verilib\”.

S.Novruzov bildirib ki, bu kimi adamların hamısı qeyd olunan təşkilatların diktəsi ilə hərəkət edirlər: “Bir çoxları da xaricə getmək üçün qanunu pozur, mətbuat və ya hansısa siyasi partiyanın adından istifadə etsin deyə, müxtəlif formada kimisə təhqir edir, hüquqlarını pozur. Həmin şəxs məsuliyyətə cəlb ediləndə isə artıq məsələni siyasiləşdirir ki, özünə sığınacaq hüququ ala bilsin. Məsələnin əsası bax budur. O təşkilatlar isə heç zaman bu cür məsələlərə obyektiv yanaşmırlar. Bu gün biz görürük ki, Avropada sərbəst toplaşmaq azadlığı ilə bağlı Hollandiyada, Almaniyada insanların başına hansı oyunları gətirirlər. Gözyaşardıcı qaza qədər insanlara tətbiq edirlər. Fransada da seçkiqabağı prosesləri gördük ki, sərbəst toplaşma azadlığının qarşısı hansı formada alındı. O cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə əlaqədar məsələləri də qeyd etmək olar. Biz görürük ki, oraya gedən miqrantlara hansı səviyyədə davranışlar var. Heç 1941-45-ci il müharibəsi dövründə konslagerdə yaşayan insanlarla o cür davranmırdılar. Bu gün qaçqınları tikanlı məftillər arxasında saxlayıb, bu məftillərin üzərindən onlara çörək tullayırlar və sairə. Bütün bunların hamısı göstərir ki, insan hüquqlarını əllərində bayraq kimi tutan Avropa strukturları bir dəfə də olsun həmin miqrantlarla və ya hansısa sərbəst toplaşma hüququnun pozulması ilə bağlı bir bəyanat verməyiblər. Ancaq Azərbaycanda iki nəfər bir-biri ilə dalaşanda dərhal bu, həmin təşkilatları narahat edir. Başlayırlar Azərbaycanda hüquqların pozulması ilə bağlı bəyanatlar dərc etməyə. Onların yanaşma tərzi artıq hər kəsə bəllidir. Bu yaxınlarda Böyük Britaniyanın baş naziri çıxış edərək bildirdi ki, multikulturalizim, tolerantlıqdır artıq arxa plana keçib, belə bir amil özünü cəmiyyətdə doğrultmadı. Yəni qütbləşmə lazımdır və bununla öz işimizi davam etdirəcəyik. Baxın, budur onların göstəriciləri, atdıqları addım”.

S.Novruzov qeyd edib ki, son günlər Avropa Şurası Parlament Assambleyası Türkiyə ilə bağlı qəbul etdiyi qərar da bariz nümunədir:

“Türkiyə 1950-ci ildən Avropa İttifaqı ilə əməkdaşlıq edib və ora daxil olmağa çalışıb. Lakin postsovet məkanında olan ölkələri, Sovet ittifaqı dağıldıqdan sonra Şərqi Avropa ölkələrini, Baltikyanı ölkələrini Avropa İttifaqına dərhal qəbul etsələr də, Türkiyənin 50 ildən artıq müddətdir apardığı iqtisadi, siyasi, qanunvericilik, məhkəmə-hüquq sistemində təkminləşdirilmənin heç biri nəzərə alınmır. Yenidən monitorinqə gedirlər. Bəs yaxşı, Almaniyanı, Belçikanı, Hollandiyanı niyə monitorinqə götürmürlər? Türkiyə güclü İslam dövlətidir və aydın məsələdir ki, ona qarşı bu metoddan istifadə edib, təzyiq göstərirlər. Yəni bu qərarların hamısı siyasi xarakter daşıyır. Burada heç bir fakt, əsas yoxdur. Bu yaxınlarda bir statistika açıqlanmışdı ki, Amerikada 170-ə yaxın jurnalist öldürülüb. Eləcə də digər ölkələrdə də şahidi olduq ki, qaradərililər qarşı necə mübarizə aparırlar. Onlar əllərini ciblərinə aparmamış, polis tərəfindən güllələnirlər. Bunların da bir hesabatını dərc etsinlər də…” (musavat)

İnterpress.az