General Elçin Quliyevin ifadələri Eldar Mahmudova nə vəd edir…backend

General Elçin Quliyevin ifadələri Eldar Mahmudova nə vəd edir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş MTN-in generalı, hazırda mühakimə olunan Elçin Quliyevin istintaqa ifadəsi məlum olub. General sabiq nazir Eldar Mahmudova qarşı ifadə verib və sensasion faktlar açıqlayıb. Digər 3 MTN əməkdaşı ilə birlikdə hakim qarşısına çıxarılan Elçin Quliyevin istintaqa ifadəsindən məlum olur ki, general ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilmir.

E.Quliyev istintaqçılara etiraf edib ki, kuratorluq etdiyi sahələr üzrə pul qazanmaq lazım olması tapşırığını sabiq nazir Eldar Mahmudovdan alıb.

Onun sözlərinə görə, 2015-ci ilin oktyabr ayınadək olan dövrdə rəhbəri olduğu Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyev (təcridxanada müəmmalı şəkildə dünyasını dəyişib) və digərləri ilə birlikdə əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı üçün dövlət büdcəsindən Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə İdarəsinin kassasından xüsusi xərclər smetasından ayrılmış pul vəsaitləri təyinatı üzrə xərclənməyib.

Bundan başqa MTN generalı söyləyib ki, 2013-cü ilin dekabrında sabiq nazir ona zəng vurub və İsraildən hansısa avadanlıq alınması ilə bağlı böyük məbləğdə pul lazım olduğunu, ona görə də “Şimal küləyi” əməliyyat işi üzrə pul alınmasına dair bir neçə raport yazıb, həmin raportun mühasibatlığa pul götürülməsi üçün təcili göndərilməsini bildirib. E.Quliyev E.Mahmudovun bu göstərişini yerinə yetirib. 1 milyon manatdan yuxarı pul maliyyə idarəsindən götürülüb və sabiq nazirin göstərişi ilə köməkçisi Vüqar Mahmudova verilib. E.Quliyev əlavə edib ki, bundan sonra sabiq nazir ona yenidən 1 milyon hazırlanması göstərişini verib və pulu da Vüqar Mahmudova verməyi tapşırıb. Sonradan 1 milyon da götürülərək köməkçisi vasitəsi ilə E.Mahmudova ötürülüb. Həbsdəki general deyib ki, 2013-cü ilin dekabrında antiterror mərkəzi ilə yanaşı nazirliyin digər idarələrindən də eyni qaydada pullar götürülüb.

“MTN işi” başlanan gündən E.Quliyevin ifadəsi üzə çıxana qədər E.Mahmudovun birbaşa adı çəkilməklə onun əleyhinə keçmiş komanda üzvlərindən heç biri danışmamışdı. Bu baxımdan general E.Quliyevin ifadələri Eldar Mahmudovun gələcək taleyini həll etmək gücündədir. Əlbəttə ki, ortada konkret tapşırıq olmalıdır.

“MTN işi” bu günə qədər Azərbaycanda istintaq olunan işlərdən özəllikləri ilə fərqlənir. Fəaliyyətləri istintaq olunanlar isə illərlə gizli, mübhəm sirləri daşıyan şəxslərdir. Hər birinin bildikləri həm də çox ciddi kompromatlardır. Bu baxımdan iş üzrə araşdırma aparan istintaq briqadasının üzvlərinin işi də çətinləşir. Məsələn, digər işlərdə istintaqçılar cinayətdə adı çəkilən şəxsi çağırıb dindirmək üçün telefonu əllərinə alıb ona zəng edirlər. Gələn məlumatlar onu deməyə əsas verir ki, “MTN işi”ndə isə belə deyil. Elçin Quliyev faktiki olaraq Eldar Mahmudovun 2 milyon manatı büdcədən silib mənimsəməsi faktını ifadələri ilə ortaya qoyub. Amma bu ifadələrə əsasən Eldar Mahmudovun dindirilməsi haqda bilgilər yoxdur. Çox güman ki, istintaqçılar ona çağırıb dindirməyiblər. Məsələ burasındadır ki, istintaqçıların belə bir səlahiyyəti var. Eyni zamanda onların tabe olduqları qurum da var. Həmin qurumdan razılıq verilməsi E.Mahmudovun dindirilməsi çətin ki, baş tutar. E.Mahmudovun “kompromat baqajı” bu gün “MTN işi” üzrə həbsdə olan komanda üzvlərinin bildiklərinin cəmindən daha artıq olması da təbiidir. Çünki bütün məlumatlar, informasiyalar nazir olaraq ona axıb. Bu baxımdan istintaqçılar xüsusi göstəriş olmasa, çətin ki, ona yaxın düşə bilərlər və general Elçin Quliyevin söylədiklərini yoxlamaq imkanları xaricindədir. Pulu Eldar Mahmudov alıb və ya almayıb, bunu yoxlamaq üçün onun özünü dindirmək, komanda üzvləri ilə üzləşdirmək vacib istintaq hərəkətidir. Bu hərəkətlərin olması haqda məlumatlar isə ortada yoxdur.

Amma bütün hallarda fakt budur ki, Elçin Quliyevin ifadəsi Eldar Mahmudovun qandallanması üçün yetərlidir.
Eyni zamanda generalın ifadəsi onun mühakiməsini zərurətə çevirir. (musavat)

İnterpress.az