Süni yetişdirilmiş balıqlar ziyanlıdırmı…backend

Süni yetişdirilmiş balıqlar ziyanlıdırmı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə ölkədə süni yolla yetişdirilməmiş balıq tapıb almaq müşkülə çevrilib. Dükan-bazarlarda satılan balıqların əksəri bəsləmə – süni göldə yetişdirilmiş balıqlardır. Əvvəllər qiymətinin bahalığından yanına yaxınlaşa bilmədiyimiz balıqlar indi nisbətən ucuz qiymətə satılır. Təbii, elə balıq növü var ki, onların qiyməti hər zaman baha olur. Çünki həmin növ balıqları süni göldə yetişdirmək olmur – məsələn, kütüm, sıf, şibrit (usac) balıqları kimi. Bazarlarda qızıl balıq, nərə balığının da kilosu 50-70 manatdır. Süni göldə yetişdirilmiş balıqlar isə növündən asılı olaraq 5 manatdan başlayır.

Satıcılar qiymətlərin aşağı düşməsini balıq mövsümünün bitməsi ilə əlaqələndirirdilər. 8-ci kilometr bazarında balıq satıcısı Akif Məmmədov dedi ki, balıqların qiymətinin aşağı düşməsi həm də havalarla bağlıdır: “Havalar artıq isinir. Mülayim havada balıq tutmaq asan olduğu üçün qiyməti də ucuz olur. Ancaq küləkli yağışlı havada balığın qiyməti baha ola bilər. Çünki onu dənizdən tutmaq çətin olur. Artıq 1-2 həftədən sonra balıq alan da olmayacaq. Qiymətlər daha da düşəcək”.

Digər satıcı isə göl və dəniz balığı satdığını, dəniz balığının göl balığına nisbətən daha dadlı və keyfiyyətli olduğunu dedi. Satıcı göl balığı alıcılarının az olduğunu bildirdi.

Müşahidələrimiz zamanı aydın oldu ki, dükan-bazarlarda satılan balıqların çoxu göldə yetişən balıqlardır. Dəniz, çay, kanal balıqları təbii qidalarla qidalanır və buna görə fosforla zəngindir, dadlıdır. Süni göldə süni qidalarla yetişdirilən balıqları isə həm dadından, həm də görünüşündən seçmək olur. Sağlamlığımız üçün ən faydalı qida sayılan balıq əti hesab edilsə də, bunu balıq təsərrüfatlarında süni şəkildə yetişən balıqlar üçün demək mümkün deyil. Məsələn, dənizlərdə böyüyən balıqlar omega-3-lü dəniz bitkiləri, yəni təbii qidalar yeməklə əldə edir. Ancaq balıq təsərrüfatlarında yetişən balıqlar qarğıdalı, soya və çox az miqdarda omega 3 tərkibli süni yemlər yeyirlər ki, bu da balığın tərkibindəki bütün faydalı maddələrin yox olması deməkdir…

“Azərbalıq” Dövlət Konserninin keçmiş müdiri, balıq üzrə mütəxəssis Hafiz Hacıyev süni yetişdirilmiş balığı tanımaq üçün xüsusi bir bacarıq lazım olmadığını dedi: “Bir təbii sularda, bir də dənizdə yetişən balıqlar var. Təbii sularda yetişən balıqlar yemlə bəslənir. Məsələn, nohur təsərrüfatları vardı. Vaxtı ilə burada balıqlara yem verib yetişdirirdilər. İndi bu nohur balıqçılıq təsərrüfatı qalıb qalmadığını bilmirəm. Bir də Kürün keçmiş axmazlar deyilən bir yerləri var. Hansı ki, Kür həmin ərazidən daşıb keçib və orada yalnız bəzi sular qalır. Burada sazan, karp yetişdirilir. Onlar da pis balıq deyil. Sazan, həmçinin karp balıqları süni göllərdə yetişir, bir də Kür axmazlarından tutulur. Amma asetrin, nərəkimilər, qızıl balıq dənizdə yetişdirilir və onları yalnız dənizdən tutmaq mümkündür. Təbii ki, dəniz balıqları daha dadlı olur. Adlarını çəkdiyim dəniz balıqları bu gün çox bahadır. Amma göldə yetişdirilən digər balıqları bu gün 7-8 manata almaq mümkündür. Əslində 7-8 manatda Azərbaycana görə bahadır. Çünki Azərbaycanın iqlim şəraiti yaxşı, suları o qədər çoxdur ki, burada balığın kilosu hardasa 2-3 manata olmalıdır ki, xalqın balıq ətinə olan tələbatı tam ödənsin. Süni yetişdirilmiş balığı tanımaqdan ötrü xüsusi bir bacarıq lazım deyil. Görkəmindən seçmək olur ki, təbiidir, yoxsa süni qidalanıb.

Kür axmazlarında yetişən balıqlar da bir fərqli növdür. Bu cür balıqlara el arasında camış əti də deyirlər. O qədər də keyfiyyətli olmur. Amma yeyənlər çoxdur. Çünki digər balıqlar çox bahadır. Mingəçevir ərazisində Kür çayında yetişən xanı balığı var. Bu çox yaxşı balıqdır\”.

Qeyd edək ki, Xəzər dənizində 100-dən çox balıq növü mövcuddur. Xəzər dənizində nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, külmə, çəki, xəşəm və başqa balıq növləri var. İlanbalığı, qızılxallı, poru, dəniz sıfı balıqlarını isə tutmaq qadağandır, bu balıqlar Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən balıq növləridir. (musavat)

İnterpress.az