Milli Məclisdə qalmaqalbackend

Milli Məclisdə qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müzakirələrdə komitə sədri Əli Hüseynli çıxış edərək, təklif edilən dəyişikliyin vacib olduğunu bildirib.

Çıxış edən millət vəkili Zahid Oruc isə deputat mandatından məhrumolma maddəsinə etirazını bildirib:

“Əgər deputat mandatını itirəcəksə, bu o deməkdir ki, biz məhkəmənin səlahiyyətlərini mənimsəyirik. Nəzərə alaq ki, bizdə ikipalatalı parlament yoxdur. Biz məhkəmənin qərarı ilə səlahiyyətlərimizə başlayırıq, məhkəmənin qərarı ilə də səlahiyyətlərimizə xitam verilə bilər”.

Z.Oruc xarici ölkələrdən də nümunə gətirib:

“Gürcüstanda on gün bundan əvvəl kimsə qələmlə başqasının başını zədələmişdi, ancaq kimsə onu tərbiyəsizlikdə günahlandırmadı. Bir sıra ölkələrdə qanun yoxdur, amma inkişaf yüksək səviyyədədir. İndoneziyada bununla bağlı qanun var, amma dünyada inkişaf səviyyəsinə görə 88-ci yerdədir. Etika təkcə davranış demək deyil, xalqın içinə getməkdir, mikrafonu boş qoymamaqdır və sairə”.

Deputat parlament üzvünün etikasına görə cəza modelini hansısa zavod işçisinin cəzalandırılması ilə eyniləşdirilməsini düzgün saymadığını söyləyib:

“Bu, parlamentdə qorxaqlığa, özünüsenzuraya səbəb olacaq”.

Spiker Oqtay Əsədov isə Zahid Orucun fikirlərinə belə cavab verib:

“Ay Zahid, heç qorxağa oxşamırsan! Hər zaman da danışırsan”.

Müzakirələrdə çıxış edən digər deputatlar – Fərəc Quliyev, Fazil Mustafa və digər şəxslər də dəyişikliyə etirazlarını bildirib.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov isə sözügedən qanun layihəsinin qəbul edilməsinə səs verəcəyini bildirib:

“Mən bu qanun layihəsinin qəbul edilməsi üçün səs verəcəm. Deputat həmkarlarım burada məsələni nəzəri baxımdan əsaslandırmağa, mən isə təcrübə baxımından əsaslandırmağa çalışıram. Burada söhbət şəffaflıqdan gedir. Hər bir deputat parlamentin adına xələl gətirməməlidir. Deputatlar nümunəvi olmalıdır. Əgər deputat özünü düzgün apararsa, onun haqqında şikayət olmazsa, bu zaman o insanlar nəyə görə narahat olurlar? Əgər deputat etik qaydaları pozmursa, ona bu maddə nə üçün tətbiq edilməlidir? Əgər biz burada hakimləri, MSK üzvlərini və digər insanları seçiriksə, onların fəaliyyətinə nəzarət ediriksə, o zaman bu nə üçün deputatlara şamil edilməməlidir? Əgər deputat etik davranış qaydalarını pozursa və özünün haqlı olduğunu sübut edə bilmirsə, o zaman o adam nə üçün məsuliyyət daşımamalıdır? Bu cür təcrübə bir çox inkişaf etmiş dövlətlərdə mövcuddur”.

Spiker Oqtay Əsədov isə deyib ki, sözügedən qanun layihəsinin işlənilməsinə ehtiyac var:

“Bu qanun layihəsində bəzi məqamlar var ki, onlar yumşaldılmalıdır. Təklif edirəm ki, bu sənəd üzərində işlənilsin və növbəti iclaslarda gündəliyə salınsın”.

Daha sonra “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi birinci oxunuş üçün qəbul edilib.

İnterpress.az