“Deputatların mandatını almaq” qanunu ilk oxunuşdan keçdibackend

“Deputatların mandatını almaq” qanunu ilk oxunuşdan keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 2-də Milli Məclisin növbəti plenar iclasında spiker Oqtay Əsədov öncə AŞ PA-nın yaz sessiyasında Türkiyəyə qarşı ədalətsiz monitorinq qərarı qəbul etdiyini dedi və buna etirazını bildirdi.

Daha sonra çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dedi ki, Türkiyə nümayəndə heyətinin bütün üzvləri, iqtidarlı-müxalifətli hər kəs bu monitorinqin əleyhinə idi, amma çıxışlar nəzərə almadı və AŞ PA Türkiyə ilə bağlı yenidən monitorinq qərarı verdi\”.

Deputat Azay Quliyev də AŞ PA-nın qərarına qarşı çıxdı: “Biz keçən ilin çevriliş cəhdi zamanı gördük ki, Avropa qurumları Türkiyəyə qarşı törədilən cinayətə qarşı adekvat addım atmadılar. 265 nəfər şəhid oldu, minlərlə adam yaralandı, parlament bombalandı, amma bu qədər rəzalətə Avropa Şurası, Avropa Parlamenti laqeyd yanaşdı. 15 iyulda edilmiş uğursuz dövlət çevrilişi cəhdinin qisasını Türkiyədən alırlar. AŞ PA öz qərarına yenidən baxmalıdır”.

Deputat Qənirə Paşayeva da AŞ PA-nın qərarına etiraz etdi: “Bu, bir daha göstərir ki, AŞ PA-da müsəlman ölkələrinə qarşı ikili standartlar mövcuddur. Avropa Şurasının üzvü olan Ermənistan illərdir Azərbaycanın torpaqlarını işğalda saxlayır. Eyni zamanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda saxlanılmasına görə AŞ PA Ermənistana heç bir təzyiq göstərmir. Türkiyəyə qarşı qərarda biz bu ikili standartların bir daha şahidi olduq”.

Deputat Zahid Oruc dedi ki, AŞ PA-dakı qərar qardaş ölkənin müstəqil siyasətini əngəlləmək niyyətindən irəli gəlir: “Avropa Şurası artıq başqa qüvvələrin əlində alətə çevrilib”.

Deputat Qüdrət Həsənquliyev bu gün Türkiyənin haqsız hücumlara məruz qaldığını deyib AŞ PA-ya etiraz etdi: “Təkcə Almaniyanın büdcəsi Türkiyənin büdcəsindən dəfələrlə çoxdur. Amma Türkiyə qapıların qaçqınların üzünə acid və onlara sahib çxıdı. Özü də İraqdakı, Suriyadakı o vəziyyəti Türkiyə yaratmayıb, Avropa yaradıb. Biz Milli Məclis olaraq Türkiyə ilə bağlı qəbul olunmuş qərarı pisləməliyik. Mən o fikirdə deyiləm ki, Türkiyədə hər şey qaydasındadır. Amma Türkiyə nümayəndə heyəti də vəziyyəti müzakirə etməyə hazır olduqlarını bəyan edib. Ancaq buna baxmayaraq, Türkiyəyə qarşı belə bir qərar qəbul olunub”.

Deputat Çingiz Qənizadə dedi ki, Türkiyəyə qaşı qəbul olunan qərar hüquq müdafiəçilərini də narahat edir: “Bu, qeyri-obyektiv və subyektiv qərardır və biz ona ”yox\” deyirik. Belə bir qərar Türkiyədəki uğurlu islahatları gözü götürməyənlərin fəaliyyətinin nəticəsidir. Niderlandda insanlara qaşı törədilən zorakılıqlara qarşı Avropa Şurası Türkiyəyə qarşı “ikinci cəbhə”ni açıb. Təbii ki, onlar güclü iqtisadiyyatı olan bir müsəlman dövlətini – güclü Türkiyəni görmək istəmirlər\”.

Deputat Siyavuş Novruzov dedi ki, biz dəfələrlə Türkiyəyə qarşı ədalətsiz mövqeyin şahidi olmuşuq, bu da növbəti ədalətsizlikdir: “Hətta Türkiyə müxalifəti də demir ki, referendum fövqəladə vəziyyət rejimi altında keçirilib. Avropa Roma papasından artıq katolik olmaq istəyir. Seçkilərdə 76-80 faiz olur, deyirlər, ”çoxdur, qeyri-demokratikdir\”, az olur, yenə də başqa söz deyirlər. Krılovun məşhur təmsili xatırlanır, qurd quzuya deyir “suyu bulandırdın”. Ədalətli, demokratik səsvermə keçirilib, sən nə ədalət dərsi keçirsən? Avropada bir terror aktı baş verəndə qışqırıqları dünyanı başına götürür. Bir qəzet redaksiyasını partlatmışdılar, hələ bilinmir özləri partlatmışdı, ya başqası. Türkiyəyə qarşı bu qədər terror oldu, amma NATO öz prinsiplərinə sadiqlik nümayiş etdirib Türkiyəni müdafiə etmədi\”.

Deputat Fəzail İbrahimlı bildirdi ki, Avropanın məqsədi Türkiyənin qəddini əyməkdir: “Türkiyə əriməlidir, əyilməlidir, bunu istəyirlər. Nə vaxt ki, Türkiyəni bölmək, ondan nəsə qoparmaq istəyirlər, ”genosid\” yada düşür. Bu qərar Avropanın sifətini aydın ifadə edir. Bu qərar Türkiyənin tükünü də tərpədə bilməyəcək\”.

Deputat Aydın Mirzəzadə də qərarı qərəzli, Avropa Şurasının öz prinsiplərinə zidd olduğunu söylədi: “Azərbaycan bu məsələdə Türkiyənin yanındadır”.

“Mən ömrüm boyu ”türkəm\” demişəm. Türkün gücünü görən Avropa Şurası əlbəttə, belə qərəzli hərəkətlər edəcək\”.

Bu fikirləri isə xalq artisti Zeynəb Xanlarova Türkiyəyə qarşı AŞ PA-da qəbul olunan qərəzli qərara münasibət bildirərkən söylədi. Daha sonra Z.Xanlarova bunları bildirdi: “Türkiyəyə qarşı belə bir hərəkət tək məni yox, bütün Azərbaycan xalqını qəzəbləndirir. Çox xahiş edirəm, Oqtay müəllim, bizim parlament adından etirazımızı bildirək! Bu gün Türkiyənin yanında olmalıyıq. Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır, nəinki parlament üzvləri! Bizim hansısa ağrılı yerimiz olanda birinci türk xalqı arxamızda dayanıb. Biz də Türkiyənin yanında olmalıyıq. Biz də Milli Məclis adından Avropa Şurasına bir məktub yazaq, etiraz edək!”

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Turizm haqqında” qanun layihəsi barədə məlumat verəndən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdi. Bildirdi ki, bu gün turizm sənayesinin dünya iqtisadiyyatında payı 7, 6 trilyon ABŞ dolları təşkil edir: “Bir turistə xidmət etmək üçün 9 nəfərdən 32 nəfərə qədər insanın əməyi tələb olunur. Azərbaycanda hazırda təsis olunmuş Turizm Şurası fəaliyyət göstərir. Onun tərkibində 18 dövlət qurumunun nümayəndəsi çalışır”. Nazir dedi ki, bu qanun layihəsinin qəbul edilməsi ilə turizmin çoxşaxəli inkişafı istiqamətində işlər görməliyik: “Qeyd edim ki, son 3 ayda ölkəyə 25 faiz daha artıq turist gəlib. Son illərdə görülmüş işlərin nəticəsidir ki, vətəndaşları daha çox turizmə üstünlük verən 15 ölkədən Azərbaycana gəlmiş turistlərin sayı nəinki 25 faiz, 36 faiz artıb”.

“Halal hotel nədir? Bu, hansı terminologiyaya uyğundur? Deməli, qalanları haramdır, bu, halaldır? Yaxud haramdırsa, orda nələr baş verir? Bir vaxtlar kolbasalara ”halal kolbasa\” adı qoymuşdular, indi də hotellərə keçiblər\”.

Deputat Siyavuş Novruzov bu fikirləri “Turizm haqqında” Qanunun müzakirəsi zamanı söylədi. O qeyd etdi ki, dünyada hotellərə hansı tələb qoyulursa, bizdə də qoyulmalıdır. “Ancaq mənzillərin hotellərə çevrilməsinə ciddi şəkildə nəzarət olmalıdır” – deyən S.Novruzov təhlükəsizlik məsələsinə də ciddi diqqət yetirilməsini zəruri saydı.
Qanun layihəsi ilk oxunuşda qəbul olundu.

Milli Məclisin iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Azərbaycana qarşı sayğısız münasibətinə, ölkə jurnalistlərini aşağılamasına etirazını bildirdi. “Son günlər ölkəmizin ictimai fikrində daha çox müzakirə edilən məsələ Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın davranışıdır. Onun azərbaycanlı jurnalistin sualına cavabı etik normaların, həmçinin vəzifə səlahiyyətlərinin kobud surətdə aşılmasıdır”. Mən bu salondan ölkə jurnalistlərinin mövqeyini bir daha səsləndirirəm və hesab edirəm ki, məsələyə parlament səviyyəsində də sərt münasibət bildirilməlidir.

Çünki xanım Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meylləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından qaynaqlanır. Halbuki erməni əsirliyində saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi Azərbaycanı düşündürdüyü qədər Rusiyanı və bu ölkənin cəmiyyətini də düşündürməlidir\” – Ə.Amaşov bildirdi. MŞ sədri daha sonra AŞ PA-nın Türkiyəyə qarşı qərarını da pisləyib və qardaş ölkəyə dəstəyini ifadə etdi.

İlk oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi də, gözlənildiyi kimi, geniş müzakirələrə səbəb oldu. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında dedi ki, qanun layihəsi lakonikdir, cəmi 13 maddədən ibarətdir. “Bu qanun layihəsini hazırlayarkən biz Avropa ölkələrinin qanunvericiliyini öyrənmişik. Qanunun qəbulu ilə Milli Məclisin İntizam komissiyasının səlahiyyətləri bir sıra hallarda genişləndirilir”.

Deputat Zahid Oruc deputat mandatından məhrumolma maddəsinə etiraz etdi: “Əgər deputat mandatını itirəcəksə, bu, o deməkdir ki, biz məhkəmənin səlahiyyətlərini mənimsəmiş olacağıq. Nəzərə alaq ki, bizdə ikipalatalı parlament yoxdur. Biz məhkəmənin qərarı ilə səlahiyyətlərimizə başlayırıq, məhkəmənin qərarı ilə də səlahiyyətlərimizə xitam verilə bilər”.

Z.Oruc misal çəkdi: “Gürcüstanda on gün bundan əvvəl kimsə qələmlə başqasının başını zədələmişdi, ancaq kimsə onu tərbiyəsizlikdə günahlandırmadı. Bir sıra ölkələrdə qanun yoxdur, amma inkişaf yüksək səviyyədədir. İndoneziyada bununla bağlı qanun var, amma dünyada inkişaf səviyyəsinə görə 88-ci yerdədir. Etika təkcə davranış demək deyil, xalqın içinə getməkdir, mikrofonu boş qoymamaqdır və s.”

Deputat parlament üzvünün etikasına görə cəza modelini hansısa zavod işçisinin cəzalandırılması ilə eyniləşdirilməsini düzgün saymadı: “Bu, parlamentdə qorxaqlığa, özünüsenzuraya səbəb olacaq”.
Spiker isə cavabında “Vallah, heç qorxağa oxşamırsan” – deyə, reaksiya verdi.

Deputat Tahir Kərimli də mandatdan məhrum edilmə ilə maddədən narahatlığını ifadə etdi. Eyni zamanda deputatın sahibkarlıq fəaliyyəti ilə bağlı mandatdan məhrum edilməni düzgün saymadı: “Bunun etikaya heç bir aidiyyəti yoxdur”. T.Kərimli ardınca deputatın azad fəaliyyətinə imkan verən konstitusiya maddəsini də xatırlatdı və qanun layihəsindəki məhdudiyyətləri doğru saymadı: “Deputatın haqqı var bilsin ki, hansı etik qaydanı pozanda o, mandatdan məhrum edilə bilər”.

Deputat Fərəc Quliyev də etik qaydaların qanunla müəyyən olunmasını, özü də parlamentdə, “qəribə” adlandırdı. Deputatın hədiyyə alması ilə bağlı cəzalandırılmasını nəzərdə tutan maddəni “deputatın kiçildilməsi”, “parlamentin nüfuzdan salınması” kimi qiymətləndirdi: \”Onsuz da hansısa bəndlərlə kiminsə davranışlarına, tərbiyəsinə təsir etmək mümkün deyil. Ona görə də bu layihəyə yenidən baxılmasını xahiş edirəm\”.

Deputat Fazil Mustafa da layihənin əleyhinə çıxdı: “Əsas mübahisəli motiv ondan ibarətdir ki, bu, konstitusiyada nəzərdə tutulub, qəbul olunmalıdır. O vaxt da bizim etiraz etdiyimiz məhz bu maddə olub. Ancaq qəbul edilib. MSK hansı qüvvələrdən formalaşdırılır? Niyə parlament formalaşdırmır? Parlament fikir müxtəlifliyinin olduğu spesifik bir qurumdur. İntizam komissiyasında müəyyən məsələlərə rəy vermək, ümumiyyətlə, mümkün deyil. Kimsə desə ki, hökumətin fəaliyyəti yarıtmazdır. Deməli, İntizam komissiyası ”yarıtmaz\” sözünün təhqir olduğunu deyib deputatı mandatdan məhrum edəcək?

Heç olmasa, ayrıca bir maddə müəyyən etməliyik ki, deputatın mandatdan məhrumolunma ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ tanınmalıdır ki, hansısa təsadüfi qərarların qurbanına çevrilməsin. Bu, parlamentin nüfuzuna da xələl gətirə bilər. Yaxud azlıqda olan partiyalar haqqında qərar çıxarıla bilər\”.

Deputat Siyavuş Novruzov isə əks arqumentlərlə çıxış edərək dedi ki, 5 il İntizam komissiyasına rəhbərlik etdiyi dövrdə cəmi iki məsələyə baxıb. Amma vətəndaşların deputatların etik davranışları ilə bağlı müraciətlərinin sayı 2 mini keçib: “Əgər biz öz davranışımıza nəzarət edə bilmiriksə və qorxuruqsa ki, sabah başımıza bir iş gələr, anlaşılan deyil. İnsan özünü düz aparsa, ondan kim şikayət edəcək ki? Onda biz Cinayət Məcəlləsinin də olmasına etiraz etməliyik ki, insanların hüquqlarını pozur. Bu, ondan ötrüdür ki, insanlar cinayət əməlinə yol verməsinlər”. S.Novruzov bu qanunun parlamentin səlahiyyətlərinin azaldılmasına deyil, parlamentin şəffaf fəaliyyətinə gətirib çıxaracağını söylədi. Deputat mandat məsələsinə baxılması üçün üçdə iki faiz səs çoxluğu barədə əlavə edilməsini mümkün saydı: \”ABŞ Konqresində belədir ki, 300 dollardan artıq məbləğdə hədiyyə qəbul edirsə, onu evinə apara bilməz. Bizdə bunu 50 manat civarında müəyyənləşdiriblər, təbii ki, bu, o qədər də uyğun deyil, buna yenidən baxıla bilər\”. S.Novruzov ilk oxunuşda qəbul etməyi təklif etdi.

Spiker də dedi ki, qanun yenidən işlənməli, yumşaldılmalıdır.

İlk oxunuşda qanun layihəsi qəbul edildi. (musavat)

İnterpress.az