Novella Cəfəroğlu: “Ombudsman olmaq niyyətim yoxdur”backend

Novella Cəfəroğlu: “Ombudsman olmaq niyyətim yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın insan haqları üzrə müvəkkili – ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti martın 5-dən başa çatıb. İndiyə qədər yeni ombudsman seçilmədiyi üçün iki aydır Elmira Süleymanova ombudsman vəzifəsini müvəqqəti icra edir. Azərbaycan qanunvericiliyinə görə, ombudsmanın namizədliyi prezident tərəfindən parlamentə təqdim olunur və millət vəkilləri tərəfindən təsdiqlənir.

Azərbaycan ombudsman institutu 15 il bundan qabaq yaradılıb. Bu təsisatın yaradılması Avropa Şurasının o zaman qoyduğu əsas tələblərdən biri idi.

Bu müddət ərzində Azərbaycan ombudsmanı ölkədə insan haqları ilə bağlı bir çox məsələlərin həllində iştirak edib və bu institutu ölkə üçün vacibliyi təsdiqini tapıb.

5 mart 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi haqqında Fərman imzalayıb. Azərbaycan Respublikasının ilk Ombudsmanı 2002-ci il 2 iyul tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə Elmira Süleymanova (112 səsdən) seçilib.

2 iyul 2002-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Ombudsman təsisatının yaradılması ilə bağlı qanunvericilikdə öz əksini tapmış bu yeniliklər 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi (referendum) yolu ilə edilmiş dəyişikliklər nəticəsində ölkə konstitusiyasında təsbit edildi.

Ombudsmanın seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanılıb.

Ombudsman-İsveç mənşəli sözdür. Mənası agent və ya sədr deməkdir. Parlament tərəfindən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən, dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirən, lakin onlar tərəfindən qəbul edilmiş qərarları dəyişdirmək hüququ olmayan, etibarlı və layiqli vəzifəli şəxs başa düşülür.

Ombudsman şikayətləri qəbul edən rəsmi şəxsə verilən addır. Bütün Avropa (həmçinin digər demokratik ölkələrdə) ölkələrində bu şəxs əhalinin dövlətin nəzarətində olan sahələrdə şikayətinə baxan bir şəxs kimi başa düşülür. Ombudsman Avropa Birliyi ölkələrində yaşayan şəxslərin, qurumların və şirkətlərin haqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması qarşısında qorumaqla vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır.

Ombudsman təsisatı nə qanunverici, nə icra, nə də məhkəmə hakimiyyətinə aid olmayan, ilkin mahiyyətinə görə dövlətin ali təsisatlarına aid orqandır. Ombudsmanın birinci səciyyəvi əlaməti onun tam müstəqilliyidir. Dünya təcrübəsinə görə, bu orqan parlament tərəfindən təsis olunur və onun qarşısında hesabat verir.

Ombudsman funksiyalarını vətəndaşların tələbləri və şikayətləri üzrə öz şəxsi təşəbbüsü ilə həyata keçirir. Ombudsmanın hüquq statusu konstitusiya və digər hüququ aktlarla müəyyən edilir.

Ombudsman şikayət edilən qurumla əlaqə saxlayır, məlumat istəyir və şikayətin aradan qaldırılması üçün üç ay müddət verir. Haqqında şikayət edilən qurum ombudsmana məlumat verməyə borcludur.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, yeni ombudsman gənc, yüksək səviyyədə biliyə malik hüquq təhsilli, hüquq müdafiəçisi kimi ciddi təcrübəsi olan şəxs olmalıdır. Belə olması ölkəmizin, hər bir vətəndaşın xeyrinə ola bilər: “Siz şəxsən mənim hüquq müdafiəçisi kimi ombudsman seçilmək iddiamın olub-olmadığı ilə bağlı sual verdiniz. Bu suala cavabım belədir ki, iddiam yoxdur. Çünki mənim yaşım elədir ki, ombudsman kimi çox məsuliyyətli bir işi öhdəmə götürməyi məqsədəuyğun saymaram. Dediyim kimi, gənc birisi ombudsman olmalıdır. Biz bu yaşımızda ancaq tövsiyə verə bilərik. İnsan haqlarını yaxşı bilən, hüquq təhsilli gənclərimiz kifayət qədərdir. Birinin ombudsman seçilməsi Azərbaycanın xeyrinə olar”.

Novella Cəfəroğlu onu da vurğuladı ki, ombudsmanın fəlsəfəsi onun tərəfsiz olmasıdır. Ona görə də yeni ombudsman da mütləq tərəfsiz olmalıdır. Ombudsman tərəfli oldusa, onun ombudsmanlığından danışmağa dəyməz: “Sözün düzü mən indiyə qədər ombudsman olan Elmira Süleymanovadan razı idim. Çünki biz hüquq müdafiəçiləri nə zaman ondan hüququ pozulan insanlarla bağlı xahiş edirdik, nə zaman bu barədə məlumatlar verirdik, dərhal maraqlanırdı, köməklik göstərirdi, həbsxanalara gedirdi. Amma mən bir daha sözümün üstündə dayanaraq deyirəm ki, yeni ombudsman cavan kadr olmalıdır. Azərbaycan hüquq müdafiəçiləri sırasında ombudsman olmağa cavab verən adamlar var. Mən onların adlarını çəkmək istəmirəm. Çünki ola bilər birinin adını çəkib başqa birilərini unuda bilərəm, inciyərlər. Biz necə şəxsi ombudsman olmasını istədiyimizi söyləyirik, əsas məsələ odur hökumət biz istədiyimiz adamı seçsin”.

Qanuna görə, insan hüquqları üzrə müvəkkil Azərbaycan prezidentinin təqdimatı əsasında 3 namizəd arasından Milli Məclis tərəfindən seçilir. Milli Məclis müvəkkil seçməsi ilə bağlı qərar qəbul edilmədikdə, prezident 15 gün müddətinə digər 3 şəxsin namizədliyini parlamentə təqdim edir. Əgər bu dəfə də seçilmirsə, yenidən digər 3 şəxsin namizədliyi təsdiq edilə bilər. Azərbaycanda isə belə hal yaşanmayıb. İlk dəfə prezidentin təqdim etdiyi namizədlər siyahısından Elmira Süleymanova seçilib. Həmçinin qanuna görə, yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqları sahəsində təcrübəyə, yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı ombudsman vəzifəsinə seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlət qarşısında öhdəliyi olan, qanunvericilik icra və məhkəmə hakimiyyəti sistemində qulluq edən (yaradıcılıq fəaliyyəti istisna olmaqla) ödənişli fəaliyyətlə məşğul olan, xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs müvəkkil ola bilməz. Həmçinin müvəkkil heç bir siyasi partiyanın üzvü ola bilməz. Əgər sadalanan vəzifələr varsa, ombudsman seçildiyi təqdirdə həmin vəzifələrdən istefa verməlidir.

İnterpress.az