Xəyanət – Qərənfil Mansurovanın hekayəsibackend

Xəyanət – Qərənfil Mansurovanın hekayəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq yata bilməyəcəyini görüb tənbəl-tənbəl yatağından qalxdı. \”Həmişə beləyəm də… Elə ki, iş günü olur, nə qədər çalışıram qalxa bilmirəm, indi də istirahət günüdür, yata bilmirəm. Gülarə xanımın sözünü xatırladı: \”Zakon podlosti…” Özünün ağıryana hərəkətlərinə təəccüb qaldı. Qanındakı tələskənlikdən, təltələkilikdən əsər yox idi… Bu necə işdir? Məni belə görsə yəqin ki, Tahir də təəccüb edər. Həmişə danlayırdı ki, tələsmə. Qaçan yerin-zadın yoxdur ki? Nə olub bəyəm? Yatağı yığışdırıb vanna otağına keçdi. Dişlərini, əl-üzünü yuyub özünü səliqəyə saldı. Mətbəxə keçib qazı yandırdı. Çayniki \”ixtira balonu”na süzülmüş sudan doldurub, mavi alovun üstünə qoydu. İşdə Gülarə xanımda görmüşdü bu metodu. Zarafatla deyirdi ki, Gülarə xanım \”Bulaq” aparatı kəşf edib. 3 litrlik balonun üstünə dibdən kəsilmiş \”Fanta” qabını keçirib ağzını təmiz pambıq və tənziflə sarıyırdı. Su həmin qabdan süzülüb balona axır, təmizlənirdi, lap göz yaşı kimi…

Telefonun cingiltili səsi evi başına götürdü. \”Tahirdir!” Ayaqlarını soyuq parketin üstündə şappıldada-şappıldada gəlib dəstəyi götürdü. O, idi. Hal-əhval tutdular:

– Nə vaxt gəlirsən?
– Bir iki-günə. Salamatçılıqdı?
– Hə. Arvad necədir?
– Hələ gedib dəyməmişəm, işlərim çoxdu… Öpürəm.

…Vəssalam. Bu dəfə lap soyuq idi səsi. \”Mən də lap vasvası olmuşam. Tahirin soyuq səsi birinci dəfə deyil ki…” Hələ onsuz da keçən dəfəki gülüş səsindən sonrakı qalmaqaldan sonra təzəcə düzəlib. Fikir edirdi. İstər-istəməz o gülüş səsini yenə yadına saldı. Çox tanış gülüş idi… 15 günün söhbəti idi. Tahir mobil telefonundan evə zəng vurub gecəni evə gələ bilməyəcəyini dedi. Şəfa səbəbini soruşanda çox vacib bir məsələ ilə əlaqədar olduğunu bildirdi. Bu zaman telefonun dəstəyinə tanış qadın qəhqəhəsi doldu. Hiss olundu ki, gülə-gülə də əlini ağzına tutub səsini qısdı.
Bu 10 ildə Tahir nə bir dəfə onun xətrinə dəymişdi, nə evdə səsini qaldırmışdı, nə də Şəfanı təhqir edən, alçaldan kiçicik bir hərəkətə yol vermişdi. Amma o zəngin səhərisi ilk dəfə aralarında sevimsiz bir qalmaqal baş verdi. Tahir əsib-coşdu:

– Sən də hər ilan-qurbağanı ürəyinə doldurursan. O qədər evdə tək qalırsan ki, bilmirsən nə danışırsan? Mən onda mağazadan zəng vurudum. Kimsə yox idi dükanda. Bəlkə səs qulağına qeybdən gəlib? Bəlkə sənə vergi veriblər?

Şəfa titrədi. Tahir açıq-aşkar onu dolayırdı. \”Necə yəni evdə tək qalırsan? Kiminlə qalmalıyam ki? Dinmədi, bir həftə soyuq-soyuq dolandılar. İndiyənəcən də bu soyuqluq sanki evin divarlarına, əşyalarına, pal-paltarlarına, hər şeyə, hər şeyə çökmüşdü. Bu soyuqluğu yuyub aparmağa gücləri çatacaqdımı? Amma deyəsən bunu heç biri yumaq istəmirdi. Şəfaya qüruru əngəl olmuşdu, Tahirə nə mane olurdu? Onu bilmirdi…

Bu evi Şəfaya işdən növbə əsasında vermişdilər. İki otaqlı mənzil üzü dənizə baxırdı. Əvvəllər Tahirlə bir yerdə işləyirdilər. Hər ikisi maaşa baxırdı. Sonra Tahir özü ilə birlikdə Sankt-Peterburqda bir yerdə oxuyan tələbə yoldaşı ilə təsadüfən şəhərdə rastlaşmışdı. Dostu Bakıda kommersiya işlərinə başlamaq niyyəti ilə gəlibmiş. Əlində mayası da vardı. Tahirə onunla şərik olmağı təklif etmişdi. Amma bir az pul gərək olacaqdı. Bu barədə Tahir utana-utan evdə söhbət açanda Şəfa düşünmədən nənəsindən ona yadigar qalan brilyant qaşlı qolbağı stolun üstünə qoydu. Tahir səhərisi həmin qolbağı dostu ilə birlikdə zərgərin yanına aparıb 1700 dollara satdı. Bununla da hər şey yaxşılığa doğru dəyişməyə başladı, Tahirin işləri yavaş-yavaş yoluna düşdü… Son vaxtlar əli lap yaxşı gətirirdi. Evlərini təmir elətdirdilər. İndi də təzədən bəzi xırda-para işlər gördürüb santexnika sistemini təzələmişdi. Özünə yeni xarici markalı maşın aldı. Bağ tikdirməyə hazırlaşırdı. Torpaq almış, bunun üçün bütün lazımi sənədləri qaydaya salmışdı… Şəfa hər gün Allaha şükür edirdi. Dolanışıq üçün zəruri olan hər şeyləri vardı. Sözsüz ki, daha maaş tabelinə qol çəkəcəkləri günü intizarla gözləmirdilər.

…Uşaqları olmurdu. Professor hələ keçən ilə qədər acı bağırsaq kimi uzanan analizlərdən, üzücü müayinələrdən sonra Şəfanı kənara çəkib demişdi ki, özünüzü yormayın. Havayı işdir… Hətta xəstəxanadan evə qayıtdıqları gün aralarında olan söhbəti də Şəfa sonradan heç kəsə demədi.
-Şəfa, bəlkə mən çıxım, gedim, sən özünə yenidən ailə qurasan, ana olasan. Bəlkə…
Əlini Tahirin şişkin dodaqlarının üstünə qoydu:

– Ssss. Elə şey danışma. Hara gedəcəksən ki. Mənim uşağım da sənsən, böyüyüm də. Kimimiz var ki…
Tahirin gözlərində işıq yandı:
– Sağ ol, Şef! Sənə qurban olum…

Həmin gündən Şəfa əlindən gələni ikiqat artırdı ki, Tahir taleyin bu qəddar xəsisliyini özünə dərd eləməsin. Baxmayaraq ki, nəvə arzusu ilə alışıb-yanan qaynanası hələ də bu məsələdə Şəfanı günahkar bilirdi…
Çaynikin zavod fitinə bənzəyən səsi onu xəyaldan ayırdı. Gedib çay dəmlədi, bir stəkan süzdü özünə. Heç axıracan içməyə də hövsələsi çatmadı. Otaqlara yenidən göz gəzdirdi. Tozsoranı işə saldı. Uğultunun içindən telefonun səsi sanki quyudan gəldi. Rəfiqə idi:

– Salam Şef!
– Sabahın xeyir!

– Ayrı vaxt yuxudan nazla durursan. İstirahət günü nə tez durmusan?
– Nə bilim yata bilmədim… Neynirsən, haralardasan? 3-4 gündü səsin çıxmır.
– Evdəyəm – dedi Rəfiqə. Duruxdu və durğun səslə Tahiri soruşdu.
– Yaxşıdı. Rayona gedib?
– Xeyir ola?
– Həm anasına baş çəkəcək, həm də bəzi işləri vardı. Bir-iki günə gələr…
Rəfiqə Şəfanın səsindəki kədərli ovqatı hiss elədi və istehzalı bir səslə :
– Şəfa, nəsə birtəhər danışırsan, nə olub?
– Heç… Dur gəl bizə… Bir az dərdləşək… Özümü narahat hiss edirəm.
– Yox, bir az işlərim var…
Bu dəfə Şəfa duruxdu:
– Nə iş? Sən ki, daha işə çıxmırsan. Bütün günü evdəsən, bazar gününə niyə saxlamısan işlərini?
– Şəhərə çıxacam. Bir az alacaqlarım var.

Sakitcə sağollaşdılar…

Bakıya gəlişini xatırladı… İnstitutdakı qızlarla elə də qaynayıb qarışmazdı. Nənəsi demişkən hamısı \”fasonlu” idi… Rəfiqə ilə ilk iş yeri olan poliqrafiya sexində tanış oldu. Elə birinci gündən dostluqları başladı. Sadəliyi, şirinliyi xoşuna gəldi. Toylarında da bir-birinin yanında oturdular. Şəlalənin, Zamiqin doğum evində çıxarılmasında belə Tahirlə yaxından iştirak etdilər. Yedikləri-içdikləri ayrı getməzdi… Beş il qabaq Murtuzun avtomobil qəzasında həlak olmasından sonra isə Şəfa bir an belə Rəfiqəni tək buraxmazdı. Tez-tez Tahiri də özünə qoşub aparırdı Rəfiqəgilə. Yolda əllərinə düşəni alırdılar. Tahir də \”yazıqdı, iki uşağı təkbaşına böyüdür” – deyirdi. Şəfa daha çox Zamiqi istəyirdi. Elə ifadəli gözləri vardı ki… Murtuz öləndə iki yaşı yenicə tamam olmuşdu. O. məktəbə gedəndə Şəfa söz verdiyi kimi məktəb çantasından tutmuş, dəftər-qələminə, geyiminə qədər hamısını almışdı. Rəfiqənin anasının sonsuz təşəkkürlərinə isə Şəfanın əvəzinə Rəfiqə özü cavab verdi: \”Heç mən də elə-belə Rəfiqə deyiləm eeee, onun üçün, həm özüm rəfiqəyəm, həm adım Rəfiqədi. Mən \”padruqaların kvadratıyam!”
Birdən-birə 5 ay qabaq ərizə yazıb işdən çıxmasının səbəbini isə bu \”padruqaların kvadratı” niyəsə heç Şəfaya da açıqlamamışdı… Hamı Şəfadan soruşurdu səbəbini. Necə olsa həm də Şəfa onun kiçik müdiri sayılırdı… Birgə işlədikləri sexin baş mühəndisi Şəfaydı. Axı niyə birdən-birə? Rəfiqə bunu sex rəisi ilə arasında olan kiçik insidentlə bağladı. Şəfa nə qədər elədi, onu fikrindən daşındıra bilmədi:
-Nə olsun, Vahid müəllim hamımızı danlayır. Amma bir iş olanda da o dəqiqə hamını başına yığır. Dərdinə şərik olur. Xeyrə-şərə qatılır. Özü dəfələrlə deyir ki, mənə fikir verməyin, qoca kişiyəm. Hirslənsəm də, sonra bunun altını özüm çəkirəm….

Rəfiqənin cavabı isə Şəfanı daha da yandırıb-yaxdı:

-Elə şeylər var ki, gərək onu deyib heç kəsi incitməyəsən. Mən dərdimi təkbaşına çəkməyə öyrəşmişəm…
Ürəyində onu asıb-kəssə də, daha üzünə bir söz demirdi. \”İki balan var. İkisi də məktəbli. Nəylə saxlayacaqsan? Qardaş-bacı, dost-tanış da adama bir gün kömək edər, iki gün kömək edər. Hə isə. Onsuz da son vaxtlar özünü birtəhər aparır.”
Hər gün zəngləşirdilər, iki-gündən bir görüşdülər. O gün mənim gözlənilməz gedişimdən özünü lap itirdi. Hələ konfeti soruşanda lap qızardı. Bəlkə kimisə var… Nə bilim vallah, imanımı da yandırmayım, müqəddəs aydı… Heç həmişəki havada deyil… Dərd-çəkənə, filana da bənzəmir… Gözlərinin içi gülür.”
İşdən çıxıb birbaşa onlara getmişdi. Mətbəx stolunun üstünə qalaqlanmış şirə və pivə butulkalarını, toyuqları, seçmə pendir və yağ çeşidlərini görüb sevinclə dedi:

– Kefə baxırsız ha… Ooo, bizim konfetimiz, hardan almısan?
– Supermarketdən!
– Hansından?
– Yeri yadımda qalmadı.
– Hm…

Şəfa xeyli tutuldu. Axı Rəfiqə heç vaxt supermarketə gedən deyil. Həmişə deyirdi ki, orda hər şey ikiqat qiymətə olur. Bazarlığını həmişə yolüstü ucuzvari mağazalardan edərdi. Özü də işləmir… Bu konfetləri Tahir həmişə hardansa alıb gətirirdi. Üstündə gözəl bir qız-oğlan şəkli olan tünd yaşıl kağızlı konfetləri öz araalrında \”Leyli-Məcnun” qoymuşdular. Çox bahalı idi. Tahir nə vaxt ondan alsa, Şəfa onu tən ortadan ikiyə ayırar, \”onun balaları var” – deyə Rəfiqəyə aparardı. \”Uşaqların payıdır.”
Şəfa daha dinmədi. Rəfiqə ikisinə də çay süzüb kresloya oturdu. Şəfaya elə gəldi ki, çayını içənə qədər \”rəfiqələrin kvadratı” bir neçə dəfə stəkana sarı boylandı… \”Nə gec qurtardı.” Daha ondan sonra ora getməmişdi. Bir-iki dəfə qaçaraq Rəfiqə özü gəlmişdi.

Artıq bütün işlərini qurtardı. Dünən yuyub asdığı paltarlara ütü çəkdi, qabları yudu. Bir az yır-yığış etdi. Lap darıxdı. \”Bəlkə Tahirə zəng edim. Deyim mən gedirəm Rəfiqəgilə. O gün də kefi yox idi… İşdən çıxandan lap təklənib. Bütün çətin günlərimiz bir yerdə olub. Yenə o məni yada saldı. Zəng vurmuşdu, səni də soruşdu, salam dedi. Həm də Zamiq üçün lap darıxmışam.” Zamiqi düşünən kimi gülümsündü. \”Mənim gözləri göyçək oğlum. Bu ifadəni deyəndə lap atılıb-düşürdü Zamiq. Tahirin əl telefonu sönülü idi… Hazırlaşmağa başladı. Eybi yox. Yəqin özü zəng vurar. \”Otvetçik”ə qoyaram bilər…

Mərtəbələri qaranəfəs qalxdı. Zəngi basan kimi qapını Zamiq açdı:

– Aaaa, Şafa xala! Qucağına atıldı.
-Salam, mənim balam! Darıxmışdım sənin üçün… Hələ yuxudan indi durursuz? Maman getdi?
– Hə.
– Bəs səni tək qoyub evdə?
– Yox, Şəlalə yatır. Nənəm də axşamlar gəlib bizdə qalır.
– Niyə? Maman bəyəm axşam gəlməyəcək?
– Yox, mamam iki gündən sonra gələcək.
– Niyə? Hardadı ki?
-Tahir əmi ilə gedib rayona… Onun anasına baş çəkməyə… Xəstəymiş…
Zamiqdən iki yaş böyük Şəlalə qəfildən qapının önünə atıldı. Yuxudan indi dursa da, arxadan Zamiqə bir dümsük ilişdirdi:
– Nə danışırsan? Mama sənə nə tapşırmışdı?
Zamiq çaşqınlıqla dodağını dişlədi, nəsə xatırlayıb doluxsundu:
-Vay, mama məni öldürəcək… Demişdi nənədən başqa kimsəyə qapını açmayaq…
Pillələri ölü kimi düşdü. Qulaqları güyüldəyirdi. Cəmi iki saat qabaq Rəfiqənin istehzalı səsi sanki beyninin içində uğuldayırdı: \”Tahir necədir?”

İnterpress.az