Putin-Ərdoğan görüşü – Qarabağ niyə müzakirə edilmədi?backend

Putin-Ərdoğan görüşü – Qarabağ niyə müzakirə edilmədi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərinin yekunlarını şərh edib. Həmin şərhi təqdim edirik:

\”Birincisi, prezidentlərin əsas müzakirə mövzusu Suriya idi. Əldə olunan razılaşmaya görə, Suriyada təhlükəsizlik zonaları yaradılacaq. Putinin bu təklifini Ərdoğan bəyəndi. Yaxın müddətdə Suriyada təhlükəsizlik zonaları yaradılacaq. Hazırda bunun mexanizmləri Astanada bütün tərəflər arasında müzakirə olunur.

İkincisi, Rusiya Türkiyəyə C-400 raketləri satmağa qərar verib. Bu həm Türkiyə, həm də Rusiya üçün vacibdir. Rusiya tarixində ilk dəfə olaraq NATO üzvü olan ölkəyə silah satacaq. Türkiyə isə digər dövlətlərdən ala bilmədiyi müdafiə məqsədli raketləri Rusiyadan alacaq. Çünki NATO-ya üzv olan ölkələr tərəfdaşları Türkiyəyə müasir raketlər satmırlar.

Üçüncüsü, Rusiya və Türkiyə prezidentləri iqtisadi münasibətlərdəki embarqonu ortadan qaldırdılar. Rusiya Türkiyənin kənd təssərrüfatı məhsullarının Rusiya bazarına ixracına maneə yaratmayacaq. Türkiyə isə Rusiyadan taxıl alınmasıyla bağlı embarqonu ortadan qaldırdı. Türkiyə Rusiyadan taxıl alacaq. Yeganə Türkiyədən Rusiyaya ixrac olunan pomidorla bağlı razılaşma əldə olunmadı. Putin bunu belə izah etdi ki, Rusiyada pomidor istehsalçılarına kreditlər verilib və onlar məhsullarını satmalıdırlar. Ancaq Putin onu da vəd etdi ki, müəyyən zamandan sonra Türkiyə pomidorlarının ixracına şərait yaradılacaq.

Dördüncüsü, Rusiya ilə Türkiyə arasında enerji əməkdaşlığı tam gücüylə davam edir. Rusiya \”türk axını” layihəsini reallaşdıracaq. Bu boru xətti ilə Rusiya qazı Qara dənizin dibi və Türkiyə üzərindən Avropanın cənubundakı ölkələrə çatdırılacaq. Digər tərəfdən Rusiya Türkiyənin Akkuyu ərazisində dəyəri 22 milyard dollar olan atom elektrik stansiyasını tikəcək.

Putinlə Ərdoğan arasındakı görüşdə həll olunmayan məsələlərdən biri kimi vizanı göstərmək olar. Rusiya vətəndaşları viza almadan 90 gün ərzində Türkiyədə qala bilərlər. Daha əvvəl bu 60 gün idi. Rusiya isə Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv etmək istəmir. Putin sadəcə onu dedi ki, Rusiyada biznesi olan Türkiyə vətəndaşlarına uzunmüddətli vizaların verilməsi mümkündür.

Ərdoğan Putinlə görüşdə ona rusiyalı hərbçilərin Suiyada silahlı kürdlərlə şəkillərini təqdim etdi. Ərdoğan Putindən onu istəyir ki, Rusiya hərbçiləri Suriyada silahlı kürdlərlə əməkdaşlıq etməsinlər. Putin cavabında Ərdoğana deyib ki, Türkiyəyə narahatlıq yaradacaq addımlar atmayacaq. Ancaq Kremlin Suriyada silahlı kürdlərə, faktiki isə PKK kimi terrorçu təşkilata bağlı olan YPG və PYD ilə əlaqələrini kəsəcəyinə təminat yoxdur. Çünki ABŞ hərbçiləri də bu qruplaşmalarla əlaqələrini gücləndirirlər. Kreml isə istəmir ki, YPG və PYD tamamilə ABŞ-ın nəzarəti altına keçsin. Ona görə də YPG və PYD-nin simpatiyalarını qazanmaq uğrunda Rusiya ilə ABŞ arasında yarış gedir. Sadəcə bu yarışda ABŞ və Rusiya Türkiyənin maraqları əleyhinə addım atmış olurlar. Təsadüfi deyil ki, Ərdoğan Rusiyadan sonra ABŞ-a səfər edəcək və PYD ilə YPG-ə əlaqələrin zərərli olması məsələsini Vaşintonda prezident Donald Trampla görüşdə qaldıracaq.

Azərbaycanda ən çox müzakirə olunan sual budur: Rusiya və Türkiyə prezidentləri Soçidəki görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini niyə müzakirə etmədilər?

Türkiyənin və Rusiyanın əsas gündəm mövzusu Suriyadır. Çünki bu ölkədə müharibə gedir və bu müharibə həm Rusiyanın, həm də Türkiyənin təhlükəsizlik maraqlarına toxunur. Ona görə də prezidentlər Suriya mövzusunun müzakirəsinə daha çox vaxt ayırırlar. Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində atəşkəs intensiv pozulsa da, müharibə yoxdur. Ona görə də bu məsələ nə Moskvanı, nə də Ankaranı ciddi narahat edir.

Doğrudur, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı dostu Vladimir Putinin Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməsini istəyir və bu mövzunu tez-tez Rusiya prezidentinin diqqətinə çatdırır. Ancaq çox təəssüf ki, Putin Ərdoğan qədər Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Ona görə də Ərdoğan razılaşması mümkün olmayan məsələ ətrafında Soçidə Putinlə geniş müzakirə açmaq istəməyib.

İnterpress.az