Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


"Bölgədə müharibənin başlama ehtimalı kifayət qədər böyükdür"

ABŞ Milli Kəşfiyyat İdarəsi Qarabağda genişmiqyaslı əməliyyatların keçirilə biləcəyini bəyan edib.

Dərc edilib 15 may 2017 [17:24]

ABŞ Milli Kəşfiyyat İdarəsinin dünyadakı risklər barədə hesabatında qurumun direktoru Daniyel Kouts bildirib ki, Azərbaycan və erməni tərəfinin kompromislərə getmək niyyətlərinin olmaması və ölkələr daxilində artan təzyiqlər Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Danışıqların dalana dirənməsi bir çox ekspertləri müharibənin ola biləcəyi ilə bağlı xəbərdarlıq etməyə sövq edir.

Dağlıq Qarabağ problemi ilə bağlı fikirlər və Azərbaycanın görməli olduğu işlərlə bağlı politoloq Elşən Manafov fikirlərini "Ölkə.Az"-la bölüşüb:

"Bölgədə müharibənin başlama ehtimalı kifayət qədər böyükdür. Ötən ilin iyun ayından sonra Azərbaycan və Ermənistan arasında xarici işlər nazirləri və prezidentlər səviyyəsində danışıqlar baş tutmayıb. Bu yaxınlarda Moskvada iki ölkənin xarici işlər nazirlərinin baş tutan danışıqları mahiyyət etibarı ilə danışıqlar naminə gedən danışıqlardır. Hərçənd ki, bu günlərdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov danışıqlar naminə danışıqların heç zaman aparılmadığını bəyan etdi. Güman edirəm ki, Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmsi istiqamətində gedən danışıqlarda Ermənistan tərəfinin mövqeyi məhz etirazçı xarakteri daşıyır və erməni tərəfinin bu mövqeyi ATƏT-in Minsk qrupunda təmsil olunmuş həmsədr dövlətlərə bəllidir. Görünür nə ATƏT, nə də onun Minsk qrupu bu problemin gerçəkdən beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsində maraqlı deyillər. Nəyə görə maraqlı deyillər məsələsinə isə aydınlıq gətirilməlidir. Əslində indiki vəziyyət nə müharibə, nə də sülh vəziyyəti kimi qiymətləndirilməlidir. Bir çox hallarda bunu Azərbaycan rəsmiləri də, ekspertlər də erməni tərəfinin qeyri-konsturuktiv mövqeyi ilə əlaqələndirirlər. Maraqlıdır ki, Ermənistan beynəlxalq birliyin müqəddəratını həll edəcək dövlət deyil. Bu mənada Ermənistana münasibətdə ATƏT-in Minsk qrupunda həmsədrlərin mövqeyi suallar doğurmaya bilməz. Ermənistan beynəlxalq hüquq normalarına əməl etmirsə, ATƏT-in Minsk qrupunun bu problemlə bağlı təkliflərini qəbul etmirsə, onda niyə beynəlxalq hüququn Ermənistana qarşı sanksiyaları işə düşmür? Niyə Ermənistan BMT-nin bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamə ilə bağlı öhdəliklər yerinə yetirmir? Çoxlu suallar var. Biz bəyan edirik ki, bu xristian təəssübkeşliyi ilə bağlı məsələlərdən irəli gəlir. Ancaq Kosova məsələsindən gördük ki, Kosova əhalisinin böyük əksəriyyəti müsəlman olsa belə, ABŞ-ın dəstəyi ilə müstəqilliyi tanındı. Bu da onu göstərir ki, geosiyasi maraqlar olan yerdə xristian təəssübkeşliyi arxa plana keçir. Görünür bu bölgə uğrunda sözün gerçək mənasında gözləntilər hələ qarşıdadır. Düşünürəm ki, Qərb məhz Cənubi Qafqaz uğrunda geosiyasi mübarizənin müstəvi üzərinə gətirilməsində ya maraqlı deyil, ya da resurslar buna imkan vermir. Qərb hələ ki, Suriya və post-sovet məkanının digər bölgələrində qarşıdurmanın qızışmasında, Rusiyanın bu bölgələrdə təsir dairəsinin azaldılmasında, Rusiyanın bu bölgələrdən sıxışdırılmasında maraqlıdır. Qərb üçün ilk növbədə əsas prioritet Ukrayna, Gürcüstan, Suriya problemidir.

Cənubi Qafqazda Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində Qərbin sərgilədiyi mövqe onu göstərir ki, Qərb Rusiyaya ciddi güzəştə gedir. Nə qədər ki, Qərb güzəştlərə gedir, Azərbaycan tərəfinin isə Rusiyaya ciddi təsir etmə imkanları yoxdur. Müstəqil dövlətik, müstəqil siyasət yeridirik. Ancaq etiraf etmək lazımdır ki, Azərbaycan regional miqyas istisna olmaqla, qlobal miqyasda cərəyan edən proseslərə müdaxilə etmək imkanları kifayət qədər məhdud olan bir dövlətdir.

Dağlıq Qarabağ probleminin həlli birmənalı şəkildə bölgədə geosiyasi vəziyyətin dəyişməsinə səbəb ola biləcəyindən nə Qərb, nə də Rusiya beynəlxalq birliyin nəzərdə tutduğu addımları atmaq istəmir. Qarabağ probleminin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması deməkdir. Bu halda isə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, Azərbaycanda neft sektoru ilə yanaşı qeyri-neft sektoru sahəsindən gəlirlərin artması, müdafiə xərclərinin azalması ilə nəticələnəcək. Bu isə Qərbin müvafiq dairələrini və Rusiyanı qane etmir. Ermənistan bu anlamda bölgədəki proseslərə müdaxilə etmək üçün Rusiyanın bir vasitəsidir".

Azərbaycandan asılı olan məsələlərə gəldikdə isə politoloq qeyd etdi ki, bu, siyasi və iqtisadi islahatların davam etdirilməsidir:

"Azərbaycan asılı olan əsas məsələlərdən biri Azərbaycan iqtisadiyyatının və ölkə banklarının sağlamlaşdırılması istiqamətində islahatların aparılmasıdır. Çünki bu islahatları aparmadan Azərbaycan gerçəkdən nəzərdə tutduğu digər ciddi addımları ata bilməyəcək. Bölgə ilə bağlı geoiqtisadi layihələrin həyata keçirilməsində Azərbaycanın mövqeyi bir qayda olaraq nəzərə alınır.

Azərbaycanın müdafiə xərcləri ilbəil artır. Təbii ki, müdafiə xərclərinin artması sosial layihələrə pulların ayrılmasının qarşısını alır. Düşünürəm ki, Azərbaycan iqtidarı bu istiqamətdə də siyasətini quracaq. İlk növbədə ölkənin milli təhlükəsizliyinə cavabdeh olan qurumların, bu qurumlardakı mövcud vəziyyətin dəyişdirilməsi ölkə hakimiyyətinin diqqət mərkəzindədir. Son baş verən olaylarda azərbaycanlı hərbçilərin və kəşfiyyatçıların Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi göstərir ki, bu sahədə də problemlər var.

Düşünürəm ki, bütövlükdə Azərbaycan hakimiyəti bu problemlərin həllinə kompleks şəkildə yanaşmalıdır. Bu isə Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlarda daha güclü olmağa imkan verəcək".

İnterpress.az














Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 426