Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Mais Məmmədov ANS-in qeyri-adi müraciətinə izahat verdi

“Biz hökuməti söyməmişik, danlamamışıq, sadəcə olaraq, istəyirik ki, hökumət bizi eşitsin”

Dərc edilib 19 may 2017 [08:48]

Yayımı dayandırılımış ANS telekanalının kollektivi 14 il öncə dünyasını dəyişən eks-prezident Heydər Əliyevə müraciət ünvanlayıb. ANS kollektivinin bir qisminin də çalışdığı istipress.com saytında dərc olunan müraciətdə onların səslərinə səs verilmədiyi və problemlər içərisində olduqları qeyd olunub.


Müraciətdə deyilir ki, artıq 10 aydır keçmiş Sovetlər Birliyinin ilk müstəqil televiziya və radiosu bağlanıb. Kollektiv telekanalın arxivini əldə edə bilmədiklərindən şikayətlənib. “Arxivimizə girişimizə yasaq qoyulub. Müstəqil jurnalistikamızın ən qabaqcıl nümayəndələrinin çalışdığı ANS-in əməkdaşları pərən-pərən düşüb. Müraciət etdiyimiz dövlət qurumları bizə yalnız sükutla cavab verirlər. Səs verdiyimiz prezidentə səsimiz gedib çatmır. ANS 25 illik keçmişindən məhrum edilib. Otaqlarımızın qapısı hüquq-mühafizə orqanlarının əmri ilə möhürlənib. Öz əmlakımıza əl vura bilmirik”,- deyə müraciətdə qeyd olunur.


Bəs kollektivin bu qeyri-adi müraciətinin izahı nədir?

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov “Yeni Müsavat”a bildirdi ki, müraciəti heç də hansısa şəxsin fikri saymaq doğru deyil: “Bu müraciət tamamilə kollektivin fikridir. Orada yazılanlar nə mənim, nə Mir Şahinin, nə Vaqifin, nə də Seyfullanın sözləridir. Bütün vəziyyətimiz orada öz əksini tapıb. Bunun başqa cür izahı yoxdur. Biz çox pis vəziyyətdəyik və heç kim səsimizi eşitmir. ANS fəaliyyətdə olduğu zaman kollektiv işləyirdi, maaş alırdı və öz işlərini sevirdilər. Biz vaxtilə güllə altında işləmişik. Yaxşı, belə olan halda bizdən nə terrorist çıxar ki? Kim işləmirsə, yalnız onların fəaliyyətində nöqsan olmur. Biz işlədiyimiz üçün nöqsanlarımız da olub. Nöqsan olanda cərimə etmək, cəza vermək olar. Ancaq bağlamaq doğru deyil. Vəziyyətimiz çox pisdir”.

Müraciətin hökumət tərəfindən necə qarşılanacağı barəsində isə Mais Məmmədovun fikirləri aşağıdakı kimidir: “Biz hökuməti söyməmişik, danlamamışıq, sadəcə olaraq, istəyirik ki, hökumət bizi eşitsin. Azərbaycan vətəndaşlarıyıq və buna da haqqımız var. Biz öz ölkəmizi çox sevirik və heç zaman aramızdan casus, terrorist çıxmayıb, çıxa da bilməz. 79 yaşım var, özüm də şəkər xəstəsiyəm. Ayaqda güclə durduğum halda, işdən çıxmamışam. Yeganə jurnalistəm ki, mənə deyirdi-filan yerə getmə, ancaq gedirdim. İrandan reportaj verdiyim zaman uşaqlarımın həyatı təhlükə altına düşmüşdü. Yəni bizim hər birimizin iş xatirəsi, tarixi var. Hər nə isə...”

Onu da qeyd edək ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti, Mir Şahin Ağayev sosial şəbəkədə yazdığı statusda bildirib ki, ANS-i hakimiyyət yox, kütləvi laqeydlik bağlayıb: “Mənim davam hakimiyyətlə deyil, bu laqeydliklədir”.

Telejurnalist Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, əslində müraciəti normal qarşılamaq lazımdır: “Kimin hara ümidi və gümanı varsa, ora da müraciət edir. Mən buna pis baxmıram. Əsas nəticədir. Mənə elə gəlir ki, ictimai diqqəti cəlb etmək üçün forma kimi bu cür müraciət seçilib. Bu, yeni tərzdir və məncə, hökumətdə qıcıq yaratmaz. Hesab edirəm ki, bu müraciət qanundankənar, ruhi-mənəvi məsələdir. İndiki vəziyyətdə ANS-lə necə davranılmalı olduğunu söyləmək çətindir. Çünki bizim bilmədiyimiz çox məsələlər var. Ancaq bütün hallarda hesab edirəm ki, bir televiziya kanalının bağlanması söz və mətbuat azalığına ciddi zərər vurur. Xüsusilə də hazırkı zamanda, bizim televiziyaların böhran keçirdiyi ərəfədə televiziyanın bağlanması arzuolunan deyil. Bu baxımdan, kanalın açılmasının tərəfindəyəm”.

ANS rəhbərliyinin laqeydlik məsələsinə gəlincə isə Q. Məhərrəmli aşağıdakıları bildirib: “Əslində məsələnin ən mürəkkəb tərəfi də burasıdır. Çünki bu, çox mütəhərrik məsələdir. Düşünürəm ki, ANS təxminən 10 il öncə bağlanan zaman cəmiyyətimiz onlara kifayət qədər güclü dəstək vermişdi. Həmin zaman bir resurs olaraq, ANS bundan istifadə etmədi. Görünür ki, o vaxt buna, həm də ehtiyac olmadı. Ancaq açıldıqdan sonrakı dövrdə mənə elə gəlir ki, ANS ictimai maraqlara o qədər də böyük diqqət yetirmədi. Cəmiyyətin müəyyən gözləntiləri vardı ki, onunla bağlı bir qədər problemlər oldu. Bu baxımdan, insanlardan bu gün ANS-ə geniş dəstək yoxdur. Əlbəttə ki, bu, bir faktdır. Görünür ki, ANS-çilər də bundan məyus olublar. Bütövlükdə isə Azərbaycan cəmiyyəti o qədər də güclü deyil. Cəmiyyət bu kimi prinsipial məsələlərdə dəstək ifadə edə bilmir. Cəmiyyəti hər kəs qınasa da, buna doğru baxmıram”.

Politoloq Fərhad Mehdiyev isə hesab edir ki, əslində bu müraciət birbaşa olaraq hökumətədir: “Bir az xahiş, bir az narazılıq, amma daha çox sitəmdir. Mövcud hökumətin buna necə reaksiya verəcəyini təhlil etmək əvəzinə, müraciəti lağa qoymaq əsas mənzərəni görməmək deməkdir. ANS açılmalıdır. Çünki müstəqilliyi az olsa da, alternativ xəbər alma mənbəyi idi”.

İnterpress.az














Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 409