Yunuslar İnterpolun axtarışına verilə bilərbackend

Yunuslar İnterpolun axtarışına verilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, hazırda Hollandiyada mühacir həyatı yaşayan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus haqqında Apelyasiya Məhkəməsi onların ölkəyə məcburi gətirilmələri barədə qərar çıxarıb. Qərar mayın 17-də Yunusların barələrindəki hökmdən verdikləri şikayətlə bağlı keçirilən məhkəmədə elan olunub. 31 maydakı növbəti məhkəmə iclasına qədər onlar gətirilməlidir.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkil Elçin Sadıqov vəsatət qaldırıb. O, təqsirləndirilən şəxslərin ölkədən çıxışına Ali Məhkəmənin icazə verdiyini, ona görə də onların iştirakı olmadan prosesin keçirilməsinin mümkün olduğunu söyləyib. Məhkəmə vəsatəti rədd edib.

Yunuslar haqqındakı bu qərar bir sıra müzakirələrə yol açıb. İndiki beynəlxalq şərtlər daxilində onların Azərbaycana gətirilmələri mümkünsüz görünür. Çünki istənilən Avropa ölkəsi belə qərarın icrasına imkan vermir. İstər həmin dövlətlərin imici baxımından, istərsə də daxili qanunları ilə bağlı bu tipli qərarların icrası mümkün olmur. Belə olan halda məhkəmənin qərarının icrası üçün Yunuslar barəsində İnterpol xətti ilə axtarış elan olunmasından başqa Azərbaycan hökumətinin çıxış yolu qalmır. Çox güman ki, bu qərar da veriləcək.

Leyla və Arif Yunuslar məhkəmə qərarına münasibətlərini bildiriblər. Onlar hesab edirlər ki, xaricdə olsalar da, fəaliyyətlərini davam etdirirlər ki, bu da Azərbaycan hökumətinin narahatlığına səbəb olub və səbəbdən də belə qərar çıxarılıb. Fəaliyyətlərini dayandırmadıqlarını deməklə yanaşı, ər-arvad Sülh və Demokratiya İnstitutunun da xaricdə fəaliyyət göstərdiyini qeyd ediblər. Onlar azərbaycanlı məmurlarla bağlı “Maqnitski” siyahısı hazırladıqlarını söyləyiblər. Bundan əlavə, Yunuslar onları gözləyən İnterpol təhlükəsindən də söz açıblar. Bildiriblər ki, əgər barələrində İnterpol xətti ilə axtarış verilərsə, Azərbaycan hakimiyyəti özünü gülünc vəziyyətə qoyacaq. Ölkə iqtidarının razılığı ilə ölkəni tərk edən Yunusların birdən-birə bu qədər dəyişmələri ciddi müzakirələr sırasındadır.

E.Sadıqov “Yeni Müsavat”a açıqlamasında hansı halda hüquqlarını müdafiə etdiyi şəxslərin İnterpolun axtarışına verilə biləcəyi yollarından söz açdı: “Məcburi şəkildə ölkəyə gətirilmə ilə bağlı qərar tam qanunsuzdur. Əgər bu qərarın icrası mümkün olmayacaqsa, ondan sonra onlar axtarışa verilə bilərlər. Belə şəxslər mühacir statusu alıblarsa, o zaman axtarış da əhəmiyyətini itirir. Məcburi şəkildə gətirilmə ilə bağlı qərar yalnız Azərbaycan ərazisində qüvvədədir. Onu icra edən orqan Daxili İşlər Nazirliyidir. Bu qurumun verilən qərar əsasında Hollandiya ərazisində hansısa bir əməliyyat keçirmək səlahiyyəti yoxdur. Sonradan axtarış elan olunarsa, o zaman İnterpol əməliyyat apara bilər. Yunusların ölkədən gedərkən hakimiyyətə təşəkkür etmələri barədə məndə heç bir məlumat yoxdur. Amma onu deyə bilərəm ki, Ali Məhkəmənin qərarı ilə onlar ölkədən çıxıblar, yəni qanunsuz ölkəni tərk etməyiblər. Bu baxımdan, onların özlərinin axtarışa verilmələri qanunsuz olacaq. Onların hakimiyyətə bu cür davranışları ilə bağlı onu deyə bilərəm ki, Leyla Yunus daim insan hüquqlarının müdafiəsi işi ilə məşğul olub. İndi də bu işini davam etdirir”.

Hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, əməllərində cinayət olan və ölkədən qaçanlarla bağlı İnterpola hökumət müraciət edir: “Belə şəxslərin hansı ölkədə olmaları müəyyən ediləndən sonra həmin ölkənin hüquq-mühafizə orqanlarına müraciət edilir ki, həmin şəxslər tələb irəli sürən ölkəyə verilsin. İndiki halda o şəxslərin Azərbaycana gətirilmələri üçün hökumət sübut etməlidir ki, o şəxslərin əməllərində doğrudan cinayət tərkibi var. Yunuslara münasibətdə inanmıram ki, Azərbaycan məhkəməsi istədiyinə nail olub, onları ölkəyə gətizdirə bilsin. Çünki bildiyimiz kimi, Avropa Məhkəməsinin Yunuslar barədə qərarı var ki, onların həbsləri qanunsuz olub. Bu baxımdan, bu qərarı Yunusların olduğu ölkə əlində əsas tutaraq, imtina edəcək. Buna da hüququ əsasları olacaq”.

Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci, 192.2.2-ci, 213.2.2-ci, 320.1-ci və 320.2-ci, 274-cü maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.

Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsində A.Yunus barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabr ayının 9-da isə L.Yunus barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib, o, 5 il sınaq müddəti təyin olunmaqla, məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb. Həmin məhkəmə qərarından narazı qalan L.Yunus və A.Yunus kasasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.

Ali Məhkəmədə isə kasasiya şikayəti qismən təmin olunub, Bakı Apelyasiya Məhkəməsinin 09.12.2016-ci il tarixli apelyasiya şikayətinə yekun baxış iclasının qərarı ləğv edilib və iş yeni apelyasiya baxışına qaytarılıb.

Onu da xatırladaq ki, L.Yunus və A.Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə iddia ərizəsini təmin etməyib. Onlar qərardan apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsi də onların şikayətini təmin etməyib. Həmin qərardan narazı qalan L.Yunus və A.Yunus kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Məhkəmə onların şikayətini təmin edib.

Ötən ilin aprel ayında L.Yunus və A.Yunus Azərbaycanı tərk edərək Hollandiyaya gediblər. Onlar hazırda həmin ölkədə müalicə alırlar.

İnterpress.az