Eldar Mahmudovun “müxalifətə sızmasının” pərdəarxasıbackend

Eldar Mahmudovun “müxalifətə sızmasının” pərdəarxası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumətyönümlü saytlardan birində İqbal Ağazadənin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun şəxsi agenti olduğunu iddia edən yazı tirajlanıb. Yazıda İ.Ağazadə ilə yanaşı MTN-in agentura şəbəkəsinin müxalifət daxilinə sızması da vurğulanır. Artıq İ.Ağazadə ittihamları rədd edib. E.Mahmudov müxalifətə necə sıza bilib? Məqsədi nə olub? Müxalifətdən öz məqsədləri üçün istifadə edə bilərdimi?

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyir ki, Professionallıq nöqteyi-nəzərindən xüsusi xidmət orqanının müxalifətə sızması lazımsızdır:

– Demokratik ölkələrdə belə bir addım kiminsə ağlına belə gəlməz. Məsələn, ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi düşünsün ki, bu gün demokratlar hakimiyyətdədir, sabah respublikaçılardan agent götürsünlər bunu etməzlər. Bu proses o vaxt yarana bilər ki, hansısa bir müxalif qüvvə qeyri-qanuni, antikonstitusion yolla hakimiyyətə gəlmək istəyir, bu hərəkət qanunsuz olduğuna görə xüsusi xidmət orqanı ora sızır ki, gələcəkdə baş verə biləcək qanunsuzluqlaırn qarşısını alsın. Azərbaycanda belə proses yoxdur. Əksinə, müxalifdirsə, hakimiyyətə gəlmək istəyirsə, içindən agent, məxfi əməkdaş əldə olunması üçün tədbir görülür. İçəridən informasiya olmalıdır, yeri gələndə təsir edirlər. Bu mənada bir sıra antidemokratik ölkələrdə belə addımlar atılır. Xüsusi xidmət orqanının vəzifəsi deyil ki, mütləq müxalif partiyadan məxfi əməkdaşlığa cəlb etsinlər. Belə hal yoxdur. Amma Azərbaycanda xüsusi xidmət orqanı bu işlə məşğul olub. Göstəriş verilib, öz maraqları çərçivəsində ediblər, bunu söyləmək çətindir. Bu təkcə Eldar Mahmudovun dövründə belə olmayıb. Sovet hökuməti dövründə, sonradan müstəqillik dövründə də belə olub. Müxalif düşərgədən mütləq şəkildə məxfi əməkdaşlar cəlb olunmalı, informasiya əldə edilməlidir. Çox təəssüf ki, belədir, hərçənd ki, belə olmamalıdır.

– Müxalifətin ələ alınması metodologiyası necədir?

– Azərbaycanda müxalifətin maliyyələşməsi məsələsi şəffaf deyil. Məsələn, Türkiyədə ana müxalifət partiyalarına dövlət qoruma, nəqliyyat verir, vəsait ayırır. Bunlar Azərbaycanda olmadığına görə hakimiyyət üçün maraqlıdır ki, müxalifət haradan maliyyələşir, gəlir əldə edir? Kim sponsorluq edir? Məqsədləri nədir? İnqilab etmək istəmirlər ki? Hakimiyyətə qanuni yolla gəlmək faktiki olaraq mümkünsüzdür. Normal seçki keçirilmir. Buna görə də müxalifətə kompromat toplanır ki, yeri gələndə istifadə etsinlər. Normal demokratik ölkələrdə belə olmur.

– Eldar Mahmudovun müxalifətçilər arasından özünə dəstəkçilər axtarmasına səbəb nə ola bilərdi?

– Eldar Mahmudovun hakimiyyətə gəlmək iddiasının olmasına inanmıram. Əgər belə iddiası olubsa, onun müxalifətdən dəstək alaraq hakimiyyətə gəlmək kimi planı təbii ki, yox idi. Əgər Eldar Mahmudov hakimiyyətə gəlmək istəsəydi, zordan istifadə edərdi, təbii ki, bu halda da müxalifətə ehtiyac qalmazdı. Mümkündür ki, şəxsi məqsədi üçün olmasa da, ümumi işə görə kimlərisə “verbovka” edib. Bunu kimsə təsdiqləyə və ya təkzib edə bilməz. Bu gün müxalifətdən kimlərinsə adını hallandırıb Eldar Mahmudovun adına bağlamaq düzgün deyil.

İnterpress.az