YAP-ın “A” takımı – qurultayda kimlər partiya rəhbərliyini tərk edəcək?backend

YAP-ın “A” takımı – qurultayda kimlər partiya rəhbərliyini tərk edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin hakim partiyası AKP mayın 21-dəki qurultayında idarəetmə orqanlarında bir sıra dəyişikliklər etdi. Partiyanın rəhbəri daxil olmaqla, strukturlarında yeniləmələr oldu. Bu məsələ Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyasını (YAP) gündəm edib. Buna səbəb də, uzun illərdir YAP-ın idarəetmə strukturunda heç bir kadr dəyişikliyinin olmamasıdır.

Hazırda qurumun əsas qolları olan İdarə Heyəti və Siyasi Şurasının siyahısına diqqət yetirəndə qəribə bir mənzərənin şahidi oluruq. 20 nəfərlik İdarə Heyətində normal vəziyyət olsa da, 86 nəfərlik Siyasi Şurada kifayət qədər maraqlı isimlər var. Məsələn, siyasi həyatdan çoxdan uzaqlaşmış Nizami Xudiyev kimi… Elələri də var ki, qarşılarında “müvəqqəti işləmir” yazılıb. Bu tipli şəxslərin də hamısı vaxtı ilə hakimiyyətin yüksək postlarında təmsil olunmuş və sonradan bu və ya digər səbəblərdən vəzifələrini itirmiş şəxslərdir.

YAP-ın növbəti qurultayı gələn il olacaq. O qurultayda hakim partiyanın kökündən dəyişikliklərə məruz qalıb-qalmayacağı, hansı isimlərin rəhbərlikdən xaric olunacaqları indidən suallar doğurur.

YAP-ın həm İdarə Heyətinin, həm də Siyasi Şurasının üzvü olan, deputat Siyavuş Novruzov əvvəlcə AKP-nin son qurultayına toxunaraq, təmsilçisi olduğu siyasi qurum ətrafında gedən söz-söhbətlərə belə aydınlıq gətirdi: “Türkiyədə çox mühüm addım atıldı. Bunu sizin qəzetiniz vasitəsilə yaxından izlədim. Qardaş ölkə çox böyük dönüş etdi, Ərdoğan yenidən partiyanın rəhbərliyinə qayıtdı. O üç ildən artıq idi ki, rəhbərlikdən getmişdi. Əvvəlki qurultaylarda mütəmadı olaraq iştirak edirdik. Son qurultay fövqəladə olduğuna görə, qonaq dəvət etməmişdilər. Verilən qərarlar çox əhəmiyyətlidir. Türkiyə hazırda regionda aparıcı dövlət kimi, siyasi və iqtisadi, hərbi, terrorizmə qarşı mübarizə məsələlərində adından söz etdirir. Vaxtı ilə ümummilli liderimiz məsələ qaldırmışdı ki, Türkiyə prezident idarə-üsuluna keçsin. Uzun illər keçdi və gələn təhdidlər nəticəsində Türkiyə başa düşdü ki, prezident üsul-idarəsinə keçmək üçün referenduma ehtiyac var. Vaxtı ilə partiyamız barədə də belə bir məsələ qaldırılmışdı ki, ümummilli liderimiz sədrlikdən getməlidir, prezident seçildikdən sonra. Yaşadığımız həyat onu göstərdi ki, ən doğru yolu ulu öndərimiz tutub. Türkiyə də bu sistemə qayıtdı, yəni Ərdoğan prezident kimi partiya rəhbərliyinə qayıtdı. Vahid siyasi komandanın təşkilini yalnız vahid siyasi partiya edə bilər. Sovetlər dönəmindən sonra bir sıra ölkələrdə insanlar partiyalarda qalıb siyasi fəaliyyətlərini davam etdirdilər. Azərbaycan, Qırğızıstan kimi ölkələrdə bunlar olmadı və nəticədə ciddi siyasi dəyişikliklər oldu. Ayaz Mütəllimov nümunəsini göstərə bilərəm. Siyasi təşkilat olmadan bu addımları atmaq mümkün deyildi. Müstəqil siyasətçi müstəqil fəaliyyət göstərə bilməz, bunların hamısı komanda şəklində olmalıdır. Partiyamız barəsində gedən söz-söhbətlərə gəlincə, nizamnaməmizə uyğun olaraq, beş ildən bir qurultay çağırılır. Əgər zərurət yaranarsa, qurultay vaxtından əvvəl də çağırıla bilər. Bu da sədrin, Siyasi Şuranın səlahiyyətindən asılıdır. Rayon təşkilatlarının 3/2 də çağıra bilər. Qurultaylarımızın hər birində tərkibdə dəyişikliklər olur. Yəni Siyasi Şuranın tərkibinin dəyişməsi yalnız qurultayın səlahiyyətinə asılıdır. O cümlədən, qurultayda İdarə Heyətinin də tərkibində dəyişiklik olur. Bu il ərzində konfranslarımızı keçirəcəyik. Konfranslar yekunlaşandan sonra partiya qərar versə, qurultayımızı keçirəcəyik. Rayon təşkilatlarının sədrliyində də dəyişikliklər gedir”.

YAP funksioneri onu da bildirdi ki, partiyada elə şəxslər var ki, qurumun yaradılmasında və formalaşmasında böyük xidmətləri olub: “Bunların içərisində ”91-lər\” var. Müxtəlif dövrlərdə ayrı-ayrı dövlət vəzifələrində təmsil olunanlar var ki, indi bu postlarda deyillər, lakin partiyada təmsil olunurlar. Bu da onların xidmətləri ilə bağlı olan məsələdir. Hər qurultayda təxminən 20-30% arasında tərkibdə dəyişiklik olur. Yəni birdən-birə partiyanın bütövlükdə rəhbər strukturunun dəyişikliyi məsələsi yoxdur. Elə məsələlər var ki, burada yaş amili önə çıxır, yaxud siyasi fəaliyyət də ortaya çıxır. Amma bununla yanaşı partiyamızda o insanların hər birinin xidmətləri nəzərə alınır. Məsələn, vaxtı ilə “91-lərin” üzvü olan, partiyanın siyahısından millət vəkili seçilən, İstanbulda konsul olan Xeyrəddin Qoca işsizdir, amma prezident təqaüdçüsüdür. Bu cür şəxslərin sayı çoxdur. Partiyada olmaq vəzifə ilə ölçülmür, burada partiyaya xidmət də önəmlidir. Partiyanın qurultayları beş ildən bir keçirilir ki, bu müddət gələn il tamam olur. Əgər zərurət yaranarsa, partiyanın aidiyyəti qurumları qurultayı vaxtından əvvəl çağıra bilərlər, partiyanın sədri, Siyasi Şura və rayon təşkilatlarının 3/2-si. Amma bir faktı da deyim ki, Siyasi Şura üzvü vaxtından əvvəl də xaric oluna bilər. Partiya siyasətinin ziddinə hərəkət edərsə, partiyanın nizamnaməsini pozarsa, vaxtından əvvəl xaric edilə bilər. Belə hallar indiyə qədər olub ki, həmin şəxslər partiyadan çıxarılıblar. Cinayət törətdikdə, cinayət məsuliyyətinə cəlb olunduqda, məhkəmənin onun haqqında hökmü olduqda, belə şəxslər yuxarıda qeyd etdiyimiz qərara məruz qalıblar\”.

İnterpress.az