Müxalifət liderləri nə edir?backend

Müxalifət liderləri nə edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddətdir ki, ölkədə müxalifətin varlığı hiss olunmur. İqtidar tərəfindən hansı addımın atılmasından asılı olmayaraq, müxalifət yalnız susqunluq nümayiş etdirir. Elə ictimaiyyətdə də müxalifətin fəaliyyətinə qarşı biganəlik açıq-aşkar hiss olunur.

Bunu sosial şəbəkələrdən, həmçinin mediada müxalifətlə bağlı olan xəbərlərin oxunma sayından da görmək mümkündür. Belə ki, insanlar müxalifət cameəsinin ən öndə olan liderinin belə açıqlamalarına bir o qədər də maraq göstərmir, müxalifətin hər hansı bir fəaliyyəti, mitinqlə bağlı xəbərlərə çox zəif reaksiya verirlər.

Bəs müxalifət liderləri bu gün nə işlə məşğuldurlar?

İlk olaraq onu qeyd edək ki, son illər müxalifət liderləri öz fəaliyyətlərini daha çox sosial media üzərində qurublar. Onlar sosial şəbəkələrdəki şəxsi səhifələrində hər hansı bir məsələyə münasibət bildirib, bəyanatlar yayırlar. Real həyatda isə müxalifət liderlərini daha çox hansısa tanınmış şəxsin yas mərasimində və ya məhkəmələrdə görmək mümkündür.

Məsələn, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin sosial şəbəkədə son paylaşdığı məlumat Qiyas İbrahimovla bağlıdır. İ. Qəmbər bildirib ki, məhbusun apelyasiya məhkəməsində iştirak edib: \”Qiyas kimi işıqlı gənclərimizi zindan və qandalda görmək çox ağır, amma məğrur və mübariz görmək çox qürurvericidir\”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə bastainfo saytına haker hücumu olması barəsində məlumat paylaşıb. A. Hacılı bildirib ki, hakimiyyət azad sözün təpkisinə duruş gətirə bilmir.

AXCP lideri Əli Kərimlinin fəaliyyəti demək olar ki, tamamilə sosial şəbəkə üzərindədir. O, hər gün ölkədə və xaricdə baş verən hadisələrə sosial şəbəkədə münasibətini yazmaqla reaksiya verir.

ADP sədri Sərdar Cəlaloğlunun sosial şəbəkədə hesabı olmasa da, onun boş zamanlarında daha çox elmi fəaliyyətlə məşğul olması kimsəyə sirr deyil. Hətta bir müddət öncə Sərdar Cəlaloğlunun “Kosmik hadisələr haqqında nəzəriyyə”sinin Nobel Sülh Mükafatına layiq görülə biləcəyi ilə bağlı mətbuatda xəbərlər də dolaşırdı.

VİP sədri Əli Əliyev partiyasının qurultayından sonra partiyadaxili işlərlə məşğuldur. Partiya sədri hesab edir ki, ilin ikinci yarısında ölkədə prezident seçkiləri keçiriləcək. Elə əsas hazırlıqları da bununla bağlıdır. Əli Əliyev sosial şəbəkədə əsasən xaricdə və ölkədə baş verən siyasi hadisələrə münasibət də bildirir.

KXCP sədri Mirmahmud Mirəlioğlunun isə nizamnamələrinə uyğun olaraq partiyadaxili işlərlə məşğul olduğunu öyrəndik.

Ümid Partiyasının sədri İqbal Ağazadənin də sosial şəbəkədəki səhifəsi xeyli aktivdir. Səhifədə əsasən İ. Ağazadənin Milli Məclisdəki çıxışları, qaldırdığı problemlər paylaşılır ki, bu da insanlar tərəfindən maraqla qarşılanır. Məlumata görə, Ümid Partiyası növbəti ildə qurultay keçirməyi planlaşdırır. Buna görə də yay boyunca partiyanın rayon təşkilatlarının konfransları keçiriləcək.

Yeni yaranan AG Partiyanın lideri Tural Abbaslı da sosial şəbəkədə passiv sayılmaz. T. Abbaslı sosial şəbəkədə daha çox ölkədəki problemlər barəsində fikirlərini bölüşür. Məlumata görə, partiya hələ ki təşkilatlanma prosesində olduğu üçün Tural Abbaslı da daha çox bu işlə məşğuldur.

Onu da qeyd edək ki, ölkədə keçirilən müxtəlif anım tədbirlərinə müxalifət partiyalarının bəziləri birlikdə gedirlər. Ancaq bəzi partiyaları anım tədbirləri belə birləşdirə bilmir. Onlar bu kimi tədbirlərə belə partiya olaraq tək qatılmağa üstünlük verirlər. (musavat)

İnterpress.az