Azərbaycan Şimali İrlandiyanı qəbul edəcəkbackend

Azərbaycan Şimali İrlandiyanı qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Şimali İrlandiya yığmasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç mundiala vəsiqə şansını saxlamaq baxımından böyük əhəmiyyət kəsb edir. C qrupunun lideri Almaniya yığmasının büdrəyəcəyi real olmadığından, digər kollektivlər üçün əsas hədəf 2-ci pilləni tutub, pley-off mərhələsinə vəsiqə əldə etməkdir.

Hazırda Şimali İrlandiya 10 xalla Bundestimin ən yaxın izləyicisi statusunu daşıyır. Lakin Bakıdakı dueldən sonra vəziyyət dəyişə bilər. Hesabında 7 xal olan Azərbaycan yığması qalib gələcəyi halda 2-cilik ehtimalını artıracaq.

Daha əvvəl DÇ-2006 və DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinə rəqib olan Şimali İrlandiya yığması Bakıda qələbə üzü görməyib. 2004-cü il oktyabrın 9-da 0:0 hesablı heç-heçə qeydə alındığı halda, 2013-cü il oktyabrın 11-də “Bakcell Arena”da baş tutan matçda Berti Foqtsun rəhbərlik etdiyi yığma britaniyalıları 2 cavabsız qolla üstələyib.

Lakin səfər qarşılaşmaları ilə bağlı statistika rəqibin lehinədir. Əvvəlki iki tsikldə ümumilkdə 4 xal qazanan (2:0, 1:1) Şimali İrlandiya cari seçmə mərhələdə Belfastda 4:0 hesablı qələbəyə sevinib.

Azərbaycan yığması ilə oyun ərəfəsində Yeni Zelandiyanı yoldaşlıq görüşündə 1:0 hesabı ilə üstələyən britaniyalılar Bakıdakı iqlimə uyğunlaşmaq üçün iyunun 3-dən etibarən Türkiyədə 4 günlük hazırlıq keçib. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv isə paytaxtda və Avstriyada olmaqla, 20 günlük təlim-məşq toplanışında olub.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

VI tur, C qrupu

10 iyun

20:00. Azərbaycan – Şimali İrlandiya

Hakimlər: Xavyer Estrada Fernandes, Migel Martines Munuera, Teodoro Sobrino Maqan, Alexandro Xose Ernandes (hakimlər briqadası İspaniyadandır)

Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan)

FİFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İnterpress.az