Lapşinin taleyi Limonovu gözləyirmi – Azərbaycan nə etməlidir?backend

Lapşinin taleyi Limonovu gözləyirmi – Azərbaycan nə etməlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı yazıçı, ekstremist-faşist mövqeyi ilə tanınan Eduard Limonovun bugünlərdə Azərbaycanın işğal altındakı ərazilərində olması ölkəmizdə ciddi etirazlarla qarşılanıb. Limonov səfəri azmış kimi, Kremli qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırması sərt təpkilər yaratmaqla yanaşı, bir sıra müzakirələrə yol açıb.

Onun səfəri zamanı etdiyi qeydlərin “Svobodnaya pressa” nəşrində dərc olunması bir sıra suallar yaradıb. Limonov açıq şəkildə qeydlərində müasir Azərbaycanın bir hissəsinin, o cümlədən Qarabağ xanlığının həmişəlik Gülüstan müqaviləsi ilə Rusiyaya verildiyini yazır.
Ekspertlər indiki vaxtda Limonovun meydana atılmasını təsadüf saymırlar. Onlar hesab edirlər ki, ÜAK-ın ləğvindən sonra Azərbaycan-Rusiya əlaqələrində yaranan soyuqluqdan o və digər ermənipərəst qüvvələr istifadə etməyə, bu yolla Kremlin qondarma rejimi tanımasına nail olmaq istəyirlər. Bunun reallaşacağına inananlar isə, demək olar yoxdur.

Rəsmi Bakının bu istiqamətdə hansı addımları ata biləcəyi ilə bağlı ən müxtəlif fikirlər var. Bu ilin əvvəllərində ölkəmizə ekstradisiya olunan Aleksandr Lapşinin taleyinin Limonovu da gözləyə biləcəyi ilə bağlı fikirlər də səslənir. Düzdür, Rusiyanın onu Azərbaycana təhvil verəcəyi o qədər də inandırıcı deyil. Amma istənilən halda, Azərbaycan tərəfin Limonov barəsində cinayət işi qaldırması vacib hesab olunur, bu yolla onu yerində otuzdura bilmə ehtimalları yüksək dəyərləndirilir. Burada Limonovun “dil uzatdığı” Türkiyə, Ukrayna, Qazaxıstan kimi ölkələrlə birgə hərəkət etməyin önəmi də vurğulanır.

Politoloq Elçin Mirzəbəyli Limonovun hərəkətlərində sırf cinayət əməlinin olduğunu bildirdi: “Limonovun adı artıq ”qara siyahı\”ya salınıb. Lakin bu siyahının oxşar hadisələrin qarşısını ala biləcəyini düşünmürəm. “Qara siyahı” ictimai qınaq xarakterlidir və hüquqi məsuliyyət yaratmır. İşğal altında olan Azərbaycan ərazilərinə səfər isə cinayət əməlidir. Buna görə də belə şəxslər haqqında cinayət işi açılmalı və hətta qiyabi hökm də verilməlidir. Daha sonra bu hökmün icrası haqqında düşünmək olar. İsrailin təcrübəsində qiyabi hökmlərin icrası ilə bağlı çoxsaylı faktlar var. Bu təcrübəni öyrənmək və tətbiq etmək olar – təbii ki, cinayətin ağırlığı nəzərə alınmaqla. Bununla yanaşı, Azərbaycanın işğal altında olan ərazilərinin hüquqi statusunun da müəyyənləşdirilməsinə böyük ehtiyac var. Belə bir qanun layihəsi tərəfimizdən artıq xeyli müddətdir ki, Milli Məclisə təqdim olunub. Amma təəssüf ki, hələ də müzakirəyə çıxarılmayıb. Eduard Limonovun İran maşınları haqqında dedikləri isə bir neçə məqsəddən qaynaqlana bilər. Birincisi, Limonov demək istəyir ki, Dağlıq Qarabağa onsuz da səfər edənlər var. Azərbaycan etiraz etmək istəyirsə, qoy ilk növbədə İrana etsin. Bu həm də digər ölkələrə verilən mesaj kimi qiymətləndirilə bilər. İkinci məqsəd isə provokativ xarakterlidir və dövlətlərarası münasibətlərin gərginləşməsinə xidmət edir\”.

Politoloq hesab edir ki, işğal altında olan Azərbaycan ərazilərinə səfər edənlər cəzasız qalmayacaqlarını bilməlidirlər: “Ukrayna və Türkiyənin bu məsələdə bizimlə birgə hərəkət edəcəklərinə inanmıram. Ukrayna heç bu ölkədə yaşayan azərbaycanlıların ermənilərin təsiri altında olan hüquq-mühafizə orqanlarının təqiblərindən qorunmalarına təminat verə bilmir. Rəsmi Kiyev beynəlxalq təşkilatların Ukrayna və Gürcüstanın ərazi bütövlüyünə Azərbaycandan fərqli münasibət göstərmələrinə belə etirazını bildirmir. Bu məsələdə kimdənsə dəstək gözləmək lazım deyil. Bu səfərin ÜAK-la bağlı olması isə inandırıcı deyil. Çünki daha öncə də belə səfərlər həyata keçirilib. Zənnimcə, Qarabağa getdikdən sonra Bakıda konsert verən Soso Pavliaşvilinin məlum açıqlamalarından sonra Eduard Limonovun bəyanatlarından təəccüblənmək lazım deyil. Maraqlıdır, görəsən Lapşin, yaxud Limonovla Pavliaşvili arasındakı fərq nədən ibarətdir? Məncə bu barədə daha ciddi şəkildə düşünməyə ehtiyac var”. (musavat)

İnterpress.az