“Yazıçının borcu siyasətə deyil, həqiqətə xidmət etməkdir…”backend

“Yazıçının borcu siyasətə deyil, həqiqətə xidmət etməkdir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı yazıçı, ekstremist-faşist mövqeyi ilə tanınan Eduard Limonovun bugünlərdə qondarma Qarabağ Respublikasına qanunsuz səfər etməsi Azərbaycanda ciddi etirazlarla qarşılanıb. Onun bu addımına görə ölkəmizə gəlişi də yasaqlanıb.

Belə ki, Azərbaycanın xarici işlər nazirinin rəsmi nümayəndəsi Hikmət Hacıyev bu barədə danışaraq bildirib ki, Limonov məsələsinə baxılıb, onun Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri barədə xəbər təsdiqini tapıb: “O, öz adını yenilənmiş qara siyahıda tapa bilər”, – deyə H. Hacıyev bildirib.

Bəs hadisə ilə bağlı yazıçılarımız nə düşünür?

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı Rəşad Məcid bildirib ki, əslində bu məsələyə münasibət bildirmək yazıçıların işi deyil: “Rusiya Yazıçılar Birliyinin xeyli sayda üzvü var və onların içərisində bizə də rəğbəti olan rus yazıçıları az deyil. Həmçinin ermənilərə rəğbət bəsləyənləri var. Mənə elə gəlir ki, bu məsələyə daha çox diplomatik müstəvidə cavab verilməlidir. Xarici İşlər Nazirliyi buna oxşar situasiyalarda olduğu kimi, indi də öz mövqeyini bildirməlidir. Əgər o, hər hansı bir əsər yazarsa, buna yazıçılar münasibət bildirə bilərlər. Ümumilikdə isə bu, qeyd etdiyim kimi, Xarici İşlər Nazirliyinin işidir”.

“Yazıçının borcu siyasətə deyil, həqiqətə xidmət etməkdir...”

AYB-nin mətbuat katibi Xəyal Rza söyləyib ki, yazıçıların çoxunun bu məsələdən xəbərləri yoxdur: “Ona görə də münasibət bildirmirlər. Şəxsən mənim özümün xəbərim yox idi. Hesab edirəm ki, ölkənin xarici siyasət xətti elə bir səviyyədədir ki, adi fərdlərin xüsusi canfəşanlığına ehtiyac yoxdur. Dövlətimiz kifayət qədər yüksək səviyyədə xarici siyasət həyata keçirir. Ona görə də dəfələrlə görmüşük ki, bu cür şəxslər o ərazilərə getmələrinə peşman olub, sonradan Azərbaycandan üzr istəyiblər. Ona görə də düşünürəm ki, kimliyindən asılı olmayaraq, istər ədəbiyyatçı, istərsə də musiqiçi qanunsuz olaraq Azərbaycanın işğal altında olan ərazilərinə səfər edirsə, gec-tez bunun hesabını ağır şəkildə ödəyəcək. Düşünürəm ki, heç kim kifayət qədər inkişafda olan Azərbaycanı cılız Ermənistana dəyişməz. Bəzən bilməyərəkdən, bəzən də ermənipərəst olduqları üçün ora səfər edənlər bir gün peşman olacaqlar”.

“Yazıçının borcu siyasətə deyil, həqiqətə xidmət etməkdir...”

Jurnalist-yazar Həmid Herisçi isə hesab edir ki, tarixən rus yazarları Qafqaza “Həcc ziyarəti” kimi baxıblar: “Tarixi sənədlərə nəzər salarsaq, Puşkindən, Lermentovdan bəri bunu, görmüş olarıq. Onlar üçün Qafqazda olub ucadan uçan qartallara baxmaq, dağ zirvələrinə tamaşa etmək önəmli olub. Təəssüf ki, ermənilər rusların bu cür şakəri ilə oynamağı bacarıblar. Yəni rus yazıçılarını dəvət edib, onlardan öz məqsədləri üçün istifadə ediblər. Biz azərbaycanlılar isə bunu etmirik. Şəxsən mən bu yaxınlarda məşhur Rusiya yazarı Aleksey Proxanovu, Quranı tərcümə edən Valeriya Poroxovanı Azərbaycana dəvət etmək istədim, ancaq dəstək verən olmadığı üçün təkbaşına gücüm çatmadı. Onu da qeyd edim ki, məşhur Rusiya yazıçısı, beşinci imperiya diskursunu rus mətbuatına gətirmiş Aleksey Proxonov malakandır və İsmayıllıya gəlib İvanovkanı görmək istəyirdi. 79 yaşlı yazıçının arzusunu qəlbində qoymaq, məncə, günahdır. Nəzərə alın ki, o, həm də Putinlə çox yaxın münasibətləri ilə tanınır. Eyni sözləri Poroxova da aid etmək olar. Heç nə, səylərimiz ertələndi və nəticə budur ki, Limonov getdi Dağlıq Qarabağa. Bunu təbii qəbul edirəm. Biz də gərək rusiyalı yazıçıları çağıraq və təbliğatımızı aparaq. Bu, azad rəqabətdir. Biz işi görə bilmirik, ancaq ermənilər görürlər. Məsələn, gürcülər artıq rus yazarlarını Gürcüstana dəvət etmək istəmirlər. Onlar bundan artıq yorulublar. Biz, görünür, Rusiyanın təkcə siyasi deyil, həm də ictimai xadimləri, xüsusən də rus ədəbiyyatını yaradan insanlarla yaxşı işləməliyik. Nəticədə rus ədəbiyyatında öz tərəfdarlarımız olmalıdır. Təəssüf ki, hələ ki bunu yarada bilmirik və başlayırıq qışqırmağa. Ermənilər isə bunu bacarırlar”.

“Yazıçının borcu siyasətə deyil, həqiqətə xidmət etməkdir...”

Tənqidçi Əsəd Cahangir “Yeni Müsavat”a mövzu ilə əlaqədar aşağıdakıları bildirdi: “Deməzdim ki, bu, Azərbaycan yazıçılarının günahıdır. Sadəcə olaraq, bu, Rusiyanın bir neçə əsrlik ermənipərəst siyasətinin məlum Rusiya-Ermənistan münasibətlərinin ədəbiyyatdakı ifadəsidir. Əlbəttə ki, Rusiyanın da şair və yazıçılarının hamısı ermənipərəst deyil. Rusiya çox böyük ölkədir və onun müxtəlif təmayüllü yazıçıları var. Orada da bir növ şovinizmə, avantüraya meylli, imperiyapərəst yazıçılar var. Yəni Rusiyanın Jirinovski tipli yazıçıları da var. Limonov da yuxarıda qeyd etdiyim yazıçılardandır və o, qalmaqallı şəxs kimi tanınır. Bu mənada onun belə bir səfər etməsi tamamilə gözlənilən idi. Belə məqamda hesab edirəm ki, Azərbaycan yazıçıları bu faktı mütəşəkkil şəkildə pisləməlidirlər. Bundan başqa təzyiq vasitəsi görmürəm. Bütövlükdə götürəndə isə ən qorxulusu o deyil ki, rus yazıçısı qeyri-qanuni olaraq Qarabağa gəlir. Qorxulu olan budur ki, artıq müəyyən Azərbaycan yazıçıları arasında ermənipərəst mövqedə olanlar var. Bu, Azərbaycan bədii sözünün, ədəbiyyatının mənəvi məğlubiyyətidir. Hətta mən, artıq həmin yazıçının adını çəkməyi də rəva bilmirəm. Ancaq bu meyl getdikcə güclənə və gənclər arasında onun pozucu təsiri arta bilər. Hesab edirəm ki, biz yazıçılar ilk növbədə öz içərimizdə olan ermənipərəstlərə qarşı mübarizə aparmalıyıq. Ona görə yox ki, biz azərbaycanlıyıq və hökmən öz mövqeyimizi müdafiə etməliyik. Sadəcə olaraq, Qarabağ problemində həqiqət Azərbaycanın tərəfində olduğu üçün həqiqət naminə ermənipərəstlərə qarşı mübarizə aparmalıyıq. Yazıçının borcu siyasətə deyil, həqiqətə xidmət etməkdir. Qarabağ məsələsində isə həqiqət Azərbaycan xalqının tərəfindədir”.

Xatırladaq ki, Limonovun rəhbərlik etdiyi Milli-Bolşevik Partiyasının 5 dəfə qeydiyyata alınmasından imtina edilib. 2007-ci ildə partiya məhkəmə tərəfindən ekstremist təşkilat olaraq tanınıb və onun fəaliyyəti Rusiya ərazisində qadağan edilib. Partiya Rusiya ərazisində ilk qadağan edilmiş təşkilatdır.

İnterpress.az