“Bölgədə gedən proseslər Azərbaycanın xeyrinə cərəyan edir”backend

“Bölgədə gedən proseslər Azərbaycanın xeyrinə cərəyan edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxınlarda Azərbaycan və Rusiya prezidentlərinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvindən sonraya təsadüf edəcək ilk görüşünün olacağı gözlənilir. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanaya gedəcəyi xəbəri yayılıb. Qazaxıstandakı səfirimiz Rəşad Məmmədova istinadən yayılan xəbərdə ölkə başçısının “Gələcəyin Enerjisi” EKSPO-2017 beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın milli pavilyonunun açılışına qatılacağı bildirilir.

Məlumatlara görə, Astanada Azərbaycan və Rusiya prezidentləri-İlham Əliyev və Vladimir Putinin bir araya gəlməsi də istisna olunmur.
Bu ay Tehranda da Azərbaycan və Rusiya rəhbərlərinin görüşü gözlənilir. “Yeni Müsavat”ın xəbər verdiyi kimi, əsasən “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı layihələrin icra vəziyyətinə həsr olunacaq zirvə görüşü çərçivəsində öncə İran, Azərbaycan və Rusiya liderlərinin üçlü təması olacaq. Yəni Astana təması baş tutmasa belə, İlham Əliyevlə Vladimir Putinin tezliklə bir araya gələcəyi gözlənilir.

Azərbaycan prezidenti ilə Rusiya prezidentinin görüşündən gözləntilər barədə politoloq Qabil Hüseynli “Yeni Müsavat”a fikirlərini bölüşüb.

ğQabil Hüseynli bildirdi ki, Rusiyanın mövqelərinin dünyada zəifləməkdə olması fonunda Azərbaycanın Rusiya üçün də, İran üçün də önəmi durmadan artır. Bu vəziyyət isə keçirilməsi gözlənilən görüşlərdə Azərbaycanın üstünlüyü baxımından öz təsirini göstərəcək: “Açığını etiraf etmək lazımdır ki, bölgədə gedən proseslər Azərbaycanın xeyrinə cərəyan edir. Məsələn, ABŞ tərəfi Cənub Qaz Dəhlizi layihəsinin üzərində ciddi surətdə dayanmağa başlayıb və Baltik dənizindən keçəcək ikinci Rusiya-Avropa qaz kəmərinin çəkilişinə isə əngəllər yaradılmaqdadır. Üstəlik də bugünlərdə Konqresdə Rusiya üçün sanksiyalar paketinin yeni daha ağır formasının hazırlandığı bildirilir və bunun qəbul ediləcəyi ehtimalı da böyükdür. Digər tərəfdən, Rusiyanın daxilində kütləvi etirazlarla müşayiət olunan hərəkat yüksələn xətt üzrə davam edir. Yəni ölkə əhalisinin ölkənin siyasi elitasına etimadının elə də yüksək olmadığı göz önündədir. Bir sözlə, Rusiya rəhbərinin vəziyyəti getdikcə tündləşməkdədir. Belə bir şəraitdə Putin əvvəlki kimi ambisiyalı və təkəbbürlü davranmaq tərzindən əl çəkməyə başlayıb. Bunu Amerika televiziyalarından birinə verdiyi müsahibədən də görmək olar. Rusiya prezidenti ABŞ-la danışıqlara can atdığını açıq bəyan edir. Belə bir fonda Azərbaycan prezidentinin mövqeləri daha da möhkəmlənməkdədir. Məsələn, Azərbaycan prezidentinin türk dünyası ilə əlaqələri güclənir, İranla münasibətlər də Azərbaycan üçün əlverişli istiqamətə getməkdədir. Yaranmış situasiya danışıqlar masası ətrafında özünü büruzə verməlidir. Zənnimcə, həm Astanada, həm İranda gözlənilən görüşlərdə Azərbaycan prezidenti kifayət qədər özünə güvənli bir şəkildə danışıqlar prosesində iştirak edəcək”.

Politoloq onu da dedi ki, Qazaxıstanda açılacaq sərgi Azərbaycanda bu yaxınlarda açılmış eyni adlı sərgidən sonra açılır. Azərbaycanda illərdir ki, bu sərgi ənənəvi olaraq davam edir və sərgiyə Azərbaycanda daha çox Avropa və Amerika dövlətləri qatılır. Yəni Azərbaycanın bu məsələdə böyük təcrübəsi var və bu da Azərbaycan prezidentinə əlavə üstünlüklər gətirir: “Hesab edirəm ki, Astanada keçiriləcək tədbirdə Vladimir Putinlə söhbət olacaq. Çünki hazırda Putinin belə söhbətlərə Əliyevdən daha çox ehtiyacı var. Rusiyanın yuxarıda dediyim kimi, vəziyyəti elə də yaxşı deyil. Ona görə də Putinə ikitərəfli danışıqlar daha çox ehtiyacdır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan və onun rəhbəri ilə danışıqlar, məncə, Putin üçün əhəmiyyətlidir”.

Q.Hüseynli vurğuladı ki, İranda keçiriləcək görüşdə isə Azərbaycanın mövqeləri daha üstün olacaq. Çünki “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsində Azərbaycan aparıcı ölkədir: “Rusiya da, İran da Azərbaycanın bölgənin həm elmi-texniki cəhətdən, həm iqtisadi imkanları baxımından, həm də ölkə rəhbərinin bu proseslərə münasibəti baxımından lider səviyyəsində olduğunu qəbul etməkdədirlər. Hər iki görüşdə Azərbaycan prezidentinin iştirak etməsi Azərbaycanın qarşısında duran bir sıra problemlərin həlli baxımından əhəmiyyətli hadisə ola bilər. ÜAK məsələsi əslində xırda məsələdir. Bu məsələni ÜAK sədrinin özü də həll edə bilər. Prezidentlərin görüşündə daha böyük məsələlərin müzakirə edilməsi gözləniləndir. Məsələn, Qarabağ məsələsi ilə bağlı ciddi fikir mübadiləsi ola bilər. Çünki son dövrlərdə Rusiya sülh danışıqları ilə bağlı verdiyi vədlərin çoxunu yerini yetirməyib. Azərbaycanın qarşı tərəfə kifayət qədər deyiləcək sözləri var. Azərbaycanın indiki dövrdə Rusiyaya əl uzatmasının Rusiya üçün ağırlaşmaqda davam edən proseslərdə xeyli əhəmiyyəti ola bilər”.

İnterpress.az