“Azərbaycana 10 milyardlarla vəsait qoyulub”backend

“Azərbaycana 10 milyardlarla vəsait qoyulub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az müsahibəni təqdim edir:

– Azərbaycan Prezidenti ötən ay azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, Azad İqtisadi Zonaların yaradılmasının sürətləndirilməsi məqsədi ilə işçi qrupu yaradılacaq və həmin qrupa siz rəhbərlik edəcəksiniz. Sizcə, Azərbaycan bu sahədə qısa zaman ərzində öz sözünü deyə biləcəkmi?

– Azərbaycanın yerləşdiyi coğrafi məkanda mövcud olan imkanlardan tranzit məqsədlər üçün daha səmərəli istifadə etmək ideyası bu gün yaranmayıb. Buna misal olaraq Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərlərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini, indi tikintisi gedən TANAP, TAP enerji layihələrini, Bakı-Tbilisi-Qars dəmiryolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrini göstərmək olar. Adlarını çəkdiyim layihələrin hamısı ardıcıllıqla həyata keçirilir. Belə bir strateji regionda yerləşən Azərbaycanın bir məkan kimi tranzit imkanlarını artırmaq üçün yeni-yeni layihələr gələcəkdə də həyata keçiriləcək. Eyni zamanda Bakı Ticarət Limanı və Ələtdə yaradılacaq Azad İqtisadi Zona da yaxın illərdə reallaşdırılacaq. Ələt Azad İqtisadi Zonası Azərbaycanın bütün sahələrdə inkişafına müsbət töhfələr verəcək.

– Qısa bir zamanda Azərbaycanda Cəbəl Əli kimi Azad İqtisadi Zonanın yaradılmasını və investorların bura cəlb edilməsi imkanlarını necə qiymətləndirirsiniz?

– Onu bu gün demək hələ tezdir. Ancaq artıq gedən proseslər onu göstərir ki, belə bir imkandan istifadə etsək, bir az öncə dediyim böyük enerji və nəqliyyat layihələrini nəzərə alsaq, Ələtdə Azad Ticarət Zonasını yaratsaq, təbii ki, bu, Azərbaycan üçün yeni iqtisadi imkanlar, dövlət büdcəsinə yeni gəlirlər deməkdir. Eyni zamanda yeni iş yerləri yaranacaq. Bütün bu göstəricilər ildən-ilə artaraq gedəcək. Əgər bu gün Azad İqtisadi Zonadan söhbət gedirsə, təbii ki, bu, yüz milyonlarla investisiya vəsaitinin qoyulması deməkdir. Ancaq bu qədər vəsaitin hamısını Azərbaycan tərəfi qoymamalıdır. Bu vəsaitləri gələcəkdə Azad Ticarət Zonasında çalışacaq və iş quracaq şirkətlər qoyacaq. Azərbaycan isə buradan müvafiq gəlirlər əldə edəcək.

– Ələt Azad Ticarət Zonası üzrə Azərbaycan dövləti ilə investorların maraqlarının bərabər şəkildə qorunması üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?

– Bilirsiniz, Azərbaycan artıq bu sahədə öz siyasətini dünyaya təqdim edib. Həmin siyasətin məntiqli nəticəsidir ki, indiyədək Azərbaycana 10 milyardlarla vəsait qoyulub. Özü də bu vəsaitlər daha çox riskli layihələrə yatırılıb. Misal üçün, Bakı-Tbilisi-Ceyhan kimi böyük və riskli layihəyə vəsait yatırıb, onu reallaşdırırlarsa, bunun kimi digər layihələri də həyata keçirirlərsə, deməli Azərbaycanda artıq bu siyasət təcrübəsi var. İnvestorlar da bunu yaxşı bilirlər. Əminəm ki, Azərbaycan yeni layihələrdə də bu siyasəti davam etdirəcək və ölkəmizə investorlar cəlb olunacaq. Burada investorların da, dövlətin də maraqları qorunmalıdır. Bunların balansı nəticəsində bu layihələr uğurla həyata keçirilə bilər.

– Bəs bu məsələnin qanunvericilik prosesləri necə aparılacaq? Azad Ticarət Zonasının yaradılması ilə bağlı qanun layihələri hazırlanırmı?

– Cənab Prezident tərəfindən imzalanan Fərmanla Azad İqtisadi Zonaların yaradılmasının sürətləndirilməsi məqsədi ilə işçi qrupu yaradılıb. Burada ilk növbədə qanunlardan söhbət gedir. İşçi qrupu da məhz bu məqsədlə yaradılıb. Qanun olmasa, investor həmin qanunu görməsə, ona inanmasa, gəlib ölkəyə vəsait qoymaz. Deməli, investorları ölkəmizə cəlb edən və Azərbaycanın dövlət maraqlarını müdafiə edən müvafiq qanunlar olmalıdır. Yəni, dövlətlə gələcəkdə iş görəcək investorların maraqlarında balans tapılmalıdır. Bunun da təməlində ilk növbədə qanunlar dayanır. Təbii ki, Azad Ticarət Zonasının həyata keçirilməsi üçün də müvafiq qanunvericilik və normativ hüquqi aktları, müvafiq qaydalar olmalıdır. Sözügedən sənədlər isə elə hazırlanmalıdır ki, həm gələcək investorlar, həm də ərazidə çalışacaq şirkətlər üçün maraqlı və cəlbedici olsun. Ən əsası isə dövlət olaraq Azərbaycan üçün maraqlı olsun. Əgər bu olmasa, o zaman bizim həmin işləri görməyə marağımız olmayacaq. Bizim də əsas marağımız odur ki, Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirək, yeni iş yerləri yaradaq, büdcəyə yeni gəlirlər gətirək və sairə. Cənab Prezidentin siyasətinin təməlində də məhz bu məsələ dayanır.

– Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün başqa hansı addımların atılması lazımdır?

– Bu sahədə də zəruri tədbirlər görülür, lazımı addımlar atılır. Bunun ciddi nəticələrini görmək üçün müəyyən zaman lazımdır. Burada söhbət hansısa qanunun qəbul edilməsindən, hər hansı qərarın verilməsindən getmir. Söhbət ondan gedir ki, psixoloji cəhətdən hamımız yeni yanaşmanı qəbul edə bilək. Əminəm ki, bu gün qəbul olunan qərarlar və keçirilən tədbirlərin böyük faydası olacaq. Bu gün görülən tədbirlər nəticəsində Azərbaycanın neft və qaz hasilatından asılılığı kəskin şəkildə azalacaq. Bu, yaxın illərdə mümkün olacaq.

– Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bir sıra layihələr bəzi qonşu dövlətlər tərəfindən qısqanclıqla qarşılanıb. Sizə elə gəlmirmi ki, Azərbaycanda salınan Azad Ticarət Zonası da bəzi dövlətlərin qısqanclığına səbəb ola bilər?

– Azərbaycanın ulu öndəri Heydər Əliyevin və indiki Prezident cənab İlham Əliyevin apardığı müstəqil və uğurlu siyasət ilk növbədə Azərbaycan xalqının maraqlarına tam uyğun şəkildə həyata keçirilir. Bu siyasətə kimsə qısqanclıqla yanaşa bilər. Əgər Azərbaycanın maraqlarına uyğundursa, ölkəmizin inkişafı üçün əhəmiyyətlidirsə, o zaman bu layihələr ölkəmizdə həyata keçiriləcək. Məgər vaxtilə Bakı-Tbilisi-Ceyhan, \”Azəri-Çıraq-Günəşli\” layihələrinə də qısqanclıq olmayıb? Təbii ki, olub. Həmin vaxtı bu layihələrə qarşı bəyanatlar verilirdi, nələr yazılırdı, nələr söylənilirdi. Ancaq Azərbaycan öz müstəqil siyasətini ardıcıllıqla, uzaqgörənlik və inadkarlıqla həyata keçirir. Ona görə də kiminsə qısqanıb-qısqanmamasından asılı olmayaraq, cənab Prezident belə qərarlar verəndə ilk növbədə Azərbaycan dövlətini və xalqını düşünür. Təbii ki, bütün bunlara da xüsusi siyasi bacarıq və məharət lazımdır ki, qısqanclıq olan yerdə öz xalqının və dövlətinin maraqlarına uyğun olan siyasətini də həyata keçirə biləsən. Əminəm ki, bütün bu layihələrə Azərbaycan rəhbərliyi qərar veribsə, deməli bunlar həyata keçiriləcək.

Digər tərəfdən isə, burada qısqanclığa əsas da yoxdur. Əgər hər hansı əlverişli layihə varsa, digər dövlətlər də orada iştirak etməyə çalışacaq. Eyni zamanda Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizi yaradıla və həyata keçirilə bilər. Burada nə qısqanclıq ola bilər? Hər istiqamətin və layihənin öz yeri və dəyəri var. Ona görə də burada hər hansı qısqanclıqdan danışmağa dəyməz. Əsas odur ki, hər hansı bir layihə Azərbaycan üçün əlverişli və önəmlidirsə, o həyata keçirilir.

İnterpress.az