Rəsul Quliyevin nümayəndəsindən Əli Kərimliyə ittihamlarbackend

Rəsul Quliyevin nümayəndəsindən Əli Kərimliyə ittihamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Əli Kərimli qanadının gəncləri ard-arda istefa verirlər. Onların Amerikada mühacirətdə yaşayan sabiq spiker Rəsul Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasına qoşulmaları iki siyasi qurumu üz-üzə qoyub.

AXCP və GAP tərəfdarları sosial şəbəkələrdə bir-birilərini “qırırlar”. İttihamlar, təhqirlər “havada uçuşur”. Kərimli tərəfdarları istefa verənlərin bəzilərinin partiya üzvü olmadıqlarını, GAP-ın qəsdən siyahını genişləndirmək üçün bu cür taktiki gediş etdiyini iddia edirlər. Əks düşərgə isə onların dediklərini təkzib edir.

GAP-ın sədri Ağasif Şakiroğlu “Yeni Müsavat”a açıqlamasında üç ay öncədən AXCP və Milli Şuranın onlara qarşı kampaniyaya start verdiklərini bildirdi: “Mart ayından etibarən AXCP rəhbərliyinə yaxın olan şəxslərin, həmçinin Milli Şura adlanan ictimai birliyin rəhbərliyinə daxil olan şəxslər hakimiyyətlə mübarizə aparmaq əvəzinə bütün resurslarını Gələcək Azərbaycan Partiyasına, mənə və xüsusilə də Rəsul Quliyevə qarşı yönəldərək, olduqca primitiv və özlərinin üslubunda murdar bir kampaniya aparırlar. Son günlər isə AXCP daxilində olan bir sıra gənclərin onları tərk edərək rəhbəri olduğum partiyaya qoşulmaları onlarda xüsusi narahatçılıq yaradıb. Və AXCP sədri Əli Kərimlinin şəxsi komandası ilə bu sosial şəbəkə ”qəhrəmanları\” öz aləmlərində bizə qarşı mübarizə aparır. Sosial şəbəkədə özləri yazır, bəyənir, paylaşır və bununla da özlərinə təsəlli tapırlar. Əgər dedikləri həqiqət idisə, partiyanın mətbuat xidməti normal bir açıqlama verərdi, məsələ də bununla bitərdi. Bu məsələ isə onlara o qədər yer edib ki, isterikadan çıxa bilmirlər. Həm də bütün bu olanlar ona hesablanıb ki, digər AXCP-dən istefa verməyə hazırlaşan insanlar baxıb bu təhqirlərə istefa verməsinlər. Düşünsünlər ki, “biz də istefa versək Əli Kərimli bizi biabır edəcək”. Əli Kərimli partiyadaşlarını şantaj etməklə ətrafında saxlamaq istəyir. Bu da mənasızdır. Mən Əli Kərimlidən fərqli olaraq, partiyamda olan şəxsləri müdafiə etməkdən çəkinmirəm və bundan sonra gələcək insanları da müdafiə edəcəm. Kiminsə arxasında gizlənərək yazı yazıb, başqa bir insan adından yaymaq Əli Kərimli xüsusiyyətidir, Əli Kərimli “əxlaqıdır”. Mənim təbiətimdə gizlənmək, bəziləri kimi fərarilik etmək yoxdur. Bir deyəcəklər, beş cavablarını alacaqlar. Allaha şükür, bu günə qədər nə sövdələşmə ilə nəsə əldə etmişəm, nə də Rəsul Quliyevə, Eldar Namazova, Vəfa Quluzadəyə və sairələrinə minnətçi düşüb kiminsə qəbuluna girib “mənə atalıq et, kimsəsiz cavan oğlanam” deyib göz yaşı tökməmişəm. Alnım açıq, üzüağ, bacardığım səviyyədə öz məhdud imkanlarım hesabına fəaliyyət göstərirəm. Qoy keçmişi ləkəli olan insanlar narahat olsunlar…\”

A.Şakiroğlu bəzi ittihamlar da səsləndirdi: “Əli Kərimli öz aləmində digər müxalifət liderlərinə qara yaxmaqla müxalifətdə monopolist olmasını təmin etmək yolu seçib. Düşünür ki, müxalifəti monopoliyaya ala bilərsə, bu gün əlinə oynadığı ”5-ci kolon\”un rəhbərindən daha çox bəxşiş alacaq. Bu səbəbdən də bu eybəcər yolu davam etdirir. Ümumiyyətlə isə bu müxalifətçilik həyatı 24 ildir davam edir. Proses çox uzun çəkdiyindən bəziləri olan-qalan ağıllarını da itiriblər. Çox təəssüf… İndi Əli Kərimli yazıb, başqalarının adından tirajladır ki, sən demə, “Rəsul Quliyev hakimiyyətin adamıdır və hakimiyyətə işləyir”… Adama deyən lazımdır ki, ay insan, bəs belə idisə 2005-ci ildə Rəsul Quliyevlə eyni siyasi blokda, bərabər statusda sən nə gəzirdin? Və ya 2013-cü ildə adını belə Rəsul Quliyev təyin etdiyi Milli Şuraya niyə qoşulub onunla müttəfiq olurdun? Bu adam o dərəcədə isterikaya düşüb ki, keçmişini unudur. Əli Kərimlinin məntiqi ilə yanaşsaq ki, “Əli Kərimli Rəsul Quliyevlə və digərləri ilə eyni səviyyədə olan şəxs deyil, böyük səviyyəli şəxsdir”, o zaman ortaya belə nəticə çıxır; Əli Kərimli 2005-ci ildən 2013-cü ilə qədər səviyyəsiz bir tip olub. Yəni bunu mən yox, elə rəy yazanlar deyir. Adamların düşüncə tərzi budur\”.

GAP sədri istefaların davamlı olacağının da anonsunu verdi: “İstefalar davamlı olacaq. Fərdi və kollektiv xarakter daşıyacaq. İndi AXCP-də can qoymuş gənclərə oradan istefa verib gedəndən sonra olan münasibət digər səmimi cəbhəçiləri də çox ciddi düşündürür. İstefa, digər partiyaya transfer normal bir haldır, amma normal cəmiyyətdə. Bizdə nə qədər ki, siyasətdə cılız insanlar var və bu cılız insanlar da ”müxalifət liderliyinə\” iddialıdır, belə də olacaq. Gənclərin niyə bizi seçmələri isə yəqin ki, siyasi mövqeyimizlə və ideoloji baxışımızla bağlıdır. Çox təəssüf, Əli Kərimli düşünmür ki, bu gənclər məni niyə tərk elədi? Problemim nədir? Gəncləri təhqir etdirməklə işini bitmiş hesab edir. Bu gənclərin Gələcək Azərbaycan Partiyasına transfer etmələri, AXCP daxilində bir qrup insanın Elçibəyi təhqir etməsi və bu təhqirlərə partiya rəhbəriyinin susması ilə bağlıdır. Hər halda, mənə verilən informasiya belədir. Görünür, bəziləri Elçibəyin hesabına kişi olduqlarını unudublar. Biz partiya olaraq müxalifətdə olduğunu iddia edən heç kimlə qarşıdurmada deyilik. Təəssüflər olsun ki, bəziləri özlərinə rəqib olaraq bizi görürlər. Bizim AXCP-dən fərqli olaraq daha ciddi işlərimiz var. 18 iyunda Əli Kərimli özünün və Cəmil Həsənlinin mühafizəçilərini göndərib xahiş edib ki, özü və oğlunun London macəraları ilə bağlı partiyamızın sosial şəbəkədəki səhifəsindəki paylaşımını silək, moratorium elan edək. Biz xahişi nəzərə alıb, söz verdik və həyata keçirdik. Gecə saatlarında isə Əli Kərimli öz xislətinə sadiq qalaraq yeni bir yazı yazaraq bir yeniyetmə gənc vasitəsilə tirajladıb… Özü də guya biz qorxumuzdan silmişik… Adamda üz olar. Görünür, bəziləri heç primitiv sözlərinə sahib çıxa bilmirlər. Verdikləri sözü tuta biləcək qədər qürurlu deyillər… Bir deyəcəklər, beş cavablarını alacaqlar. Gerisini özləri düşünsünlər\”.

İnterpress.az