Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Öz yazdığınızı özünüz anlayırsınız?”

"Son 1 ayda neft 20%-ə yaxın, son 1 həftədə 10% ucuzlaşıb. ABŞ və Kanadada həm neft buruqlarının sayı, həm hasilat hər həftə artır və bu OPEC anlaşmasını kağız parçasına çevirir”.


Dərc edilib: 22 iyun 2017 [12:41]
Baxış sayı: 506

İnterpress.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli neftin ucuzlaşmasını şərh edərkən deyib. Onun sözlərinə görə, dünyada neft bolluğu yaşanır: "Əslində OPEC-ə daxil olan ölkələrdə də hasilat artır. Liviyada son 2 ayda hasilat günlük 400 min bareldən 800 min barelə qalxıb, yaxın 2 ayda 1,2 mln. barel olacaq. Nigeriya da hasilatı günlük 200 min barel artırıb.

Dünyada neft bolluğu yaşanır, tək tankerlərdə bu gün 107 mln. barel neft var ki, alıcı tapa bilmədiklərindən və rezervuarlar dolduğundan açıq dənizlərdə və okeanlarda dayanıb müştəri gözləyirlər”.

İqtisadçı milli valyutaların ucuzlaşması barədə də danışıb: "Son 1 həftədə rus rublu dollar qarşısında 7% ucuzlaşıb, Qazaxıstan təngəsində də ucuzlaşma var. Çünki hər iki ölkədə iqtisadi institutlar, birjalar, işlək iqtisadi qanunlar var.

Bizdə isə dövlət iqtisadiyyatıdır, heç bir məntiqə, iqtisadi qanunlara söykənmir, əmrlə, "əl idarəsi" ilə, günlük problemlərin günlük həllinə yönəlik düşüncə ilə idarə olunur. Manatı inzibati qaydada saxladılar - iqtisadi aktivlik çökdü, banklar batdı, kreditləşmə dayandı, ÜDM azaldı, alver, iş yerləri və insanların gəlirləri azaldı.

Bu gün Mərkəzi Bank açıqlama yayıb, dili çətin, anlaşılmaz, sanki yapon dilindən "google translate" dən istifadə etməklə ana dilimizə tərcümə edilmiş söz yığınıdır. Nə yeni çağırışların analizi var, nə normal "vizion" var, sadəcə deyirlər ki, avqusta uçot dərəcəsi aşağı salınacaq, güya bu da bank-kredit faizlərini aşağı çəkəcək. Bu ölkədə MB-ın uçot dərəcəsi 2,5% olan dövrdə kredit faizləri 20-25% idi, yəni, uçot dərəcəsinin aşağı-yuxarı olmasının elə bir ciddi təsiri yoxdur, amma avqusta faizlər aşağı düşəcəksə, deməli manat kütləsi dövriyyədə artacaq, bu isə manatın ucuzlaşmasına səbəb olacaq”.

N. Cəfərli Mərkəzi Bankın yürütdüyü siyasəti tənqid edib: "Mərkəzi Bank bu ilin ilk 5 ayını 2016-cı ilin ilk 5 ayı ilə müqaisə edərək çox pozitv və çətin cümlələr qurub - iqtisadiyyat artıb, xarici ticarətdə müsbət saldo var, və bütün bunları aparılan siyasətin pozitiv nəticəsi kimi qeyd edib. Hörmətli MB, kimi aldadırsınız, özünüzü? Niyə axı? Bəzi rəqəmlərin yaxşılaşmasının tək və yeganə səbəbi var: 2016-cı ilin ilk 5 ayında neftin ortalama qiyməti ilə, 2017-ci ilk 5 ayının qiymətləri arasında 30% fərq var - neft bahalaşdı deyə, orta qiyməti 55 dollar oldu deyə bəzi rəqəmlər yaxşılaşdı, vəssalam.

İndi də neft 44 dollardır, cəmi 2-3 ay belə qalsa ÜDM-ın azalması sürətlənəcək, ticarət balansında mənfi saldo olacaq, qurduğunuz bütün "uğur hekayəsi" suya düşüb axıb gedəcək. Anlayırsınız bunu, ya da elə yox - heç olmasa öz yazdığınızı özünüz anlayırsınız, yoxsa hər dəfə elə sizin üçün də "tərcümə" etməliyəm?!” (bakupost)

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 478