Abutalıbov nəhəng işə nəzarəti itirdi – 50 milyon gəlir gətirirdi…backend

Abutalıbov nəhəng işə nəzarəti itirdi – 50 milyon gəlir gətirirdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Yeni Müsavat”a istinadən xəbər verir ki, iyunun 20-də prezident İlham Əliyevin fərmanı ilə Dövlət Reklam Agentliyinin yaradılmasından sonra BŞİH-in bu sahədəki səlahiyyətləri alınıb.

İllərdir ki, BŞİH-in strukturunda Reklam və İnformasiya İdarəsi adlı bir qurum fəaliyyət göstərir. Reklam və İnformasiya İdarəsi qanunvericiliklə küçə reklam daşıyıcılarına aid edilmiş reklamların yerləşdirilməsinə icazələrin verilməsini təmin edir, şəhər ərazisində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcıları ilə müqavilələr bağlayır, küçə reklam daşıyıcılarının uçotunu aparır, dövlət və qeyri-dövlət, bayram, işgüzar, idman və digər tədbirlərin təşkilində iştirak edir, idarənin maliyyə-təsərrüfat fəaliyyəti və görülən işlərin tərkibi, kəmiyyəti, keyfiyyəti barədə statistik hesabatlar hazırlayır, təhlil edir, təkliflər verir. Bu quru statistik məlumatların arxasında isə gerçək olan hər ay milyonlar qazanılan reklam bazarı idi ki, BŞİH illərdir bu gəlirli sahənin şəriksiz sahibi hesab olunurdu.

Bəzi məlumatlara görə, ölkədə reklam bazarının illik dövriyyəsi 100-150 milyon manata yaxındır. Bu məbləğin yarıdan çoxu isə məhz çoxlarının adi lövhə kimi gördüyü Bakının küçə reklamının – billboardların payına düşür. Bəzi mənbələr iddia edir ki, Abutalıbovun rəhbərlik etdiyi meriya bu reklam biznesindən rəsmi olaraq illik 50 milyon manatdan çox gəlir əldə edir. Mediada illərdir Abutalıbovun tənqid hədəfinə çevrilməsinin əsas səbəblərindən biri də bu gəlirli sahəyə nəzarət, daha doğrusu, nəzarətsizlik idi. İddialar var ki, mer və onun yaxın adamları böyük bir meqapolisə çevrilmiş Bakının reklam bazarında illərdir şəriksiz səlahiyyət sahibi olmaqla yanaşı, qurumun hesabına yığılan gəlirləri də büdcədən yayındıra biliblər.

İnternet resurslarında Hesablama Palatasının illik hesabatlarında meriyanın reklam işlərində \”əskiklər”(əlbəttə ki, cüzi məbləğ göstərilməklə) üzə çıxarması barədə məlumatlar var. Amma bu, sadəcə, reklam adlı biznesdən gələn gəlirin miqyası baxımından \”dənizdə bir damladır”. Təsadüfi deyil ki, BŞİH reklam bazarından olan gəlirlərini ictimaiyyət üçün heç vaxt açıqlamayıb. Böyük ehtimalla bu pullar neft gəlirlərinin ölkəyə axdığı vaxtda korrupsiya \”yemi”nə çevrilib. İndi isə hökumət hər bir manatın hesabatını aparmaqda maraqlıdır və bu proses təkcə BŞİH rəhbərliyi üçün deyil, digər dövlət strukturları rəhbərləri üçün də yaxşı gələcək vəd etmir.

Yada salaq ki, xeyli müddətdir ki, Abutalıbov da sabiq nəqliyyat naziri Ziya Məmmədov nümunəsində olduğu kimi, nəzarət sahələrini itirməkdədir. Əvvəl nəqliyyat və yolların təmir-tikintisindən uzaqlaşdırılan mer bir müddət əvvəl parkinqlərə nəzarəti də itirdi. Bununla da Abutalıbov bir çox ciddi gəlir qaynaqlarından faktiki məhrum edilib.

Ekspertlərdən biri qəzetə deyib ki, Abutalıbov Bakıdakı pul axın xətlərini elə qarışdırıb ki, onları ancaq bu cür açmaq olar. Yəni hazırda Bakının icra başçısının əlindən alınan sahələr onun \”ərəb saçı”na döndərdiyi biznes sahələrinin sağlamlaşdırılması sürəcidir.

İnterpress.az