“Anam namaz qılır, içkili getsəydim…”- qonaq getdiyi qohumunun yataq otağına girdibackend

“Anam namaz qılır, içkili getsəydim…”- qonaq getdiyi qohumunun yataq otağına girdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Həmidov Səbuhi Mirhəmid oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Həbs edilən Səbuhi Həmidov ilk dəfədir məhkumluq həyatı yaşayır.
İttihama görə, S.Həmidov 2017-ci ilin mart ayında qohumu və qonşusu olan Habil Sultanovun dəvəti ilə onun evinə gəlib, spirtli içki içdikdən sonra tamah məqsədi ilə evdən qızıl və pul oğurlamaq istəyib.

Bu məqsədlə o, qohumu H.Sultanovun həyat yoldaşı Sahibə Mirzəyevanın yataq otağına girərək oradan qızılları götürmək istəyib. Bu zaman səsə ayılan Sahibə Mirzəyeva evindəki qonaq tərəfindən zorakılğa məruz qalıb. Həmidov evin sahibəsini ağızını əli tutuaraq onu qışqırmağa qoymayıb. O, qadından səs salmamasını tələb edib. Əks halda onu və uşaqlarını öldürəcəyini deyib. Səs-küyə Habil Sultanov da oyandıqda Səbuhi Həmidov məqsədinə çatmadan evdən qaçıb.

Bundan sonra ev sahibləri polisə müraciət ediblər. Hadisəni törədən Səbuhi Həmidov 2 gün sonra saxlanılıb.

S.Həmidov istintaqa ifadəsində özünü təqsirli bildiyini deyib.

Hökməli qəsəbə sakini S.Həmidov ailəlidir və bir övladı var. O, ailəsi ilə birlikdə yaşadıqlarını, Habil Sultanovla da qonşu olduqlarını bildirib. Evindən oğurluq etmək istədiyi Habil Sultanov atasının dayısı oğludur. O, ifadəsində əvvəl daş karxanasında işlədiyini, son zamanlar isə işsiz olduğu üçün gününün çoxunu Habilgildə keçirdiyini söyləyib.

İşləmədiyi üçün atası ilə də problemlərinin olduğunu deyən S.Həmidov qohumunun evindən oğurluq etməsini borclarının olması ilə izah edib:
“Həmin gün Habillə söhbət elədik. Sonra mən onlardan çıxıb iş axtarmağa getdim. Çıxanda Habil dedi ki, istəsəm axşam onlarda qala bilərəm. O gün iş axtarsam da tapa bilmədim. Evə gələndə yarım litr araq, 100 qram kolbasa və çörək aldım. Yolda yeyib-içdim. Məhəlləyə çatanda fikirləşdim ki, evə getməyim. İçdiyim üçün atam mənimlə mübahisə edəcəkdi. Həm də anam namaz qılır, içkili getsəydim onunla da mübahisəmiz olacaqdı. Buna görə də Habilgilə getdim. Habil ikinci mərtəbədə mənim üçün salınmış yeri göstərdi. Yerimdə nə qədər elədimsə, gözümə yuxu getmədi. Borclarımı fikirləşirdim”.

S.Həmidov deyib ki, bir anlıq ağlına evdən oğurluq etmək gəlib. O, evində gecələdiyi ev sahibinin qızıllarının olacağını düşünüb. Bu məqsədlə də gecə saat 1-də yataq otağına girib, dolabda qızıl axtarakən evin sahibəsi onu görüb və hadisənin davamı ittihamda yazıldığı kimi baş verib.
İş üzrə şahid qismində zorakılığa mərzu qaldığı bildirilən Sahibə Mirzəyeva da ifadə verib.

S.Mirzəyeva bildirib ki, evlərində qonaq olan S.Həmidovu otağa girərkən görüb və qışqırmaq istəyərkən zorakılığa məruz qalıb. Səbuhi əli ilə onun ağızını tutaraq sakit olmasını, əks halda uşaqlarını və özünü öldürəcəyini deyib: “Əlindən qaçmaq istəyərkən qolum qapıya dəydi və xəsarət aldım. Səsə yoldaşım da oyandı. Səbuhi evdən qaçanda yoldaşım onun arxasınca çaynik atdı”.

Ev sahibi Habil Sultanov da iş üzrə şahid qismində dindirilərkən hadisənin təfərrüatı ilə bağlı eyni məzmunlu ifadə verib.
Habil Sultanov evindən oğurluq emtək istəyən qohumu ilə münasibətlərinin yaxşı olduğunu, yoldaşlıq etdiklərini deyib. Hətta qohumunun atası ilə münasibətlərinin yaxşı olmadığını bilərək ona evlərində qalmağı da təklif edib.

Təqsirləndirilən Səbuhinin atası Mirhəmid Həmidov da dindirilib.

M.Həmidov şahid kimi ifadəsində oğlu ilə münasibətlərinin son 1 ayda yaxşı olmadığını deyib və hadisə haqda bildirklərini belə danışıb:
“Həmin gün axşam saat birdə həyətdə səs eşitdim. Həyətə çıxanda gördüm ki, qoşum və qohumum olan Sahibəgil bizə gəlir. Səbəbini soruşanda dedilər ki, Səbuhi evlərindən oğurluq etmək istəyib. Buna inanmayaraq Səbuhini çağırdım. Bildim ki, evdə yoxdur. Həmin gecəni yata bilmədim. Səhər saat 8 olanda Səbuhi evə gəldi. Ondan hadisə barədə soruşanda başını aşağı saldı və əməlini etiraf etdi. Bunu işləməməsi və borclarının olması ilə izah elədi”.

S.Həmidov Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə təqsirli bilinir.

İnterpress.az