“Mənə ölüm cəzası verilsə də, razıyam”backend

“Mənə ölüm cəzası verilsə də, razıyam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimovun sədrlik edib.

Məhkəmədə dünyasını dəyişən tələbələrdən birinin valideyni olan Xatirə Nəsibova çıxış edərək deyib ki, vəkillə təmin olunmaq üçün Vəkillər Kollegiyasına müraciət etsə də, onlardan qəbz tələb olunub: \”Bizə dedilər ki, məhkəmədən kağız gətirin\”.

Hakim isə bildirib ki, vəkillə müqavilə bağlamaq zərərçəkmiş şəxslərin hüquqi varislərinin şəxsi işləridir.

Bunun üçün məhkəmənin edəcəyi heç bir şey yoxduur.

\”Sizə verilən bildirişlə özünüzə vəkil tuta bilərsiz\”- deyə hakim qeyd edib.

Məhkəmədə dünyasını dəyişən 6 tələbənin valideyni qəza nəticəsində dəyən ziyanla bağlı mülki iddia qaldırıblar.

Təqsirləndirilən sürücü N.Hüseynov iddianın qəbul edilməsinə etiraz etmədiyini deyib. Amma o pulu ödəmək imkanının olmadığını söyləyib.

Valideyn X.Nəsibova deyib ki, sürücü bu iş üzrə həbs olunan sonuncu şəxsdir.

\”Yük maşını 2 saata oradan boşaldılmalı idi. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları kamerada həmin maşını görüblər, yol polisi işçiləri də həmin maşını görüb heç bir tədbir görməyiblər. Yük maşınının sürücüsü və həmin məsul şəxslər məhkəməyə çağırılıb dindirilməlidir\”- deyə valideyn bildirib.

Hakim bu çıxışa cavab olaraq bildirib ki, əlavə şahidlərin dindirilməsi barədə vəsatət əsas şahidlər dindirildikdən sonra məhkəməyə təqdim edilə bilər.

Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən N.Hüseynov ittihamla özünü təqsirli bildiyini deyib.

Prosesin davamında hadisə barədə ifadə verərən sürücü deyib ki, martın 9-u səhər saat 8-ə qalmış tələbəri götürmək üçün 20 yanvar dairəsinə gəlib.

\”Uşaqlar maşına doluşdular, söhbət edirdik. Mən özümü günahkar sayıram, özümü müdafiə etmək fikrim yox idi. Ömrümün sonuna kimi vicdan əzabı çəkəcəyəm, mənə ömürlük cəza da verilsə. Çünki mən o uşaqlarla ailə kimi olmuşam. Sadəcə ehtiyatsızlıq ucbatından oldu. Əvvəl Biləcəridən düşəndə, sonra da Xırdalan qəbiristanlığının yanında \”xolostoy\” sürətlə düşdük. Deyib gülə-gülə gedirdik. Rozanın toyu olacaqdı, o barədə danışırdıq, lağ-lağa edirdik. Bir anlıq beyin tormozlaşdı, heç nə görmədim, heç nə eşitmədim. Sanki lal, kar kor idim. Qabaqda oturan uşaqlardan Abbas qışqırdı ki, Namiq əmi, sanki yuxudan oyandım. Gördüm ki, birinci kubikin üstünə çıxmışam, ikinciyə çıxmamaq üçün tez rulu burdum, sükan qırıldı. Bircə onu edə bildim ki, maşını Zilin arxasından çıxartdım. Özüm qapını sındırıb çıxdım, sonra da şüşələri sındırıb yaralıları çıxartmağa başladım\”- deyə sürücü dəhşətli hadisənin təfərrüatlarını danışıb.

O, ifadəsinin davamında qəza anında maşında yalnız Çinarənin öldüyünü gördüyünü deyib: \”Rozanı çıxartdım, nəfəs alırdı. Lalənin bircə başında qara ləkə var idi. Canıyev Rəşadla İbrahim mənim ən yaxın dostlarım, qardaşlarım idi. İbrahimgildən xəbərim olmadı.

Siz valideynsiz, mənə ölüm cəzası verilsə də, razıyam. Mən vicdanım qarşısında əzab çəkirəm. Onlar nur kimi uşaqlar idi\”.

Hakim təqdirləndirilən şəxsən maşını niyə \”xolostoy\”da sürməsinin səbəbini soruşub: \”Belə sürəndə idarəetmədə sükan və əyləc tutmamaq ehtimalı var\”.

N.Hüseynov isə cavab verib ki, tələsmədikləri üçün bu cür sürüb.

Valideynlər isə məhkəməyə deyib ki, uşaqlar sürücüyə yalvarıblar ki, asta sürsün, amma o buna əməl etməyib.

15-20 ildir sürücü işlədiyini deyən N.Hüseynov hafisənib ehtiyatsızlıqdan baş verdiyini deyib: \”Sürətlə hərəkət etmirdim. Hər şey kameraya da düşüb, mənim müdafiəyə, müdafiəçiyə ehtiyacım yoxdur. Bu hadisə ehtiyatsızlıqdan baş verdi, o uşaqlarla qərəzliliyim olsaydı onlara dayılıq etməzdim. Məsələn, İbrahim pis adamlara qoşulmuşdu, onunla çayxanada oturub söhbət etdim, onu başa saldım. Maşını təzə təmir etdirmişdim, reysə çıxanda saz idi. Maşın mənim adıma deyildi, öz maşınımı 3 ay əvvəl satmışdım. Bu maşının da sığortası olmadığı üçün etibarnamə ala bilməmişdim, buna görə etibarnaməm yox idi. Maşında 17 oturacaq var idi, qanunla 14 nəfər götürə bilərdim, amma uşaqlar çox idi, ona görə artıq sərnişin götürdüm. Tələbə çox idi, uşaqlar gəlib deyirdilər ayaqüstə gedək, deyirdim olmaz, amma məcbur olub mindirirdim. Qəza vaxtı maşında 26 tələbə var idi, sıx-sıx oturmuşdular. Sürətim 90-100 arası idi\”.

Təqdirləndirilən sürücünün dediklərinə.cavab verən mərhum İbrahim Nəsibovun anası Xatirə Nəsibova deyib ki, oğlunun çirkin yola düşməsi barədə deyilənlər yalandır:

\”Mənim uşağımın adını çəkməsin. Türmədə özünü asıb öldürsün\”- deyə valideyn qəzəblənib.

N.Hüseynov ifadəsində heç bir sürücü ilə mərc gəlmədiyini, ötüşmədiyini deyib.

Roza Muradovanın atası Eynulla Muradov ifadə verərək deyib ki, Namiq yüksək sürətlə sürdüyü üçün son 1 həftədə qızı onun maşınına minməyib: \”Həmin gün Namiq gəlib qızıma deyib ki, bağışla, daha bərk sürməyəcəm, məcburən qızımı maşına mindirib\”.

E.Muradov deyib ki, qızının dəfninə 22 min manat xərc çəkib: \”Bununla bağlı da mülki iddia vermişəm, pulun ödənilməsini tələb edirəm\”.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.

Xatırladaq ki, hadisə bu ilin martın 9-da Sumqayıt yolunda baş verib.

Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi \”Ford\” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus \”ZİL\” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə dünyasını dəyişib, 20 tələbə yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. (musavat)

İnterpress.az