Avropadan Azərbaycana dəstək mesajları – ərazi bütövlüyümüz diqqətdəbackend

Avropadan Azərbaycana dəstək mesajları – ərazi bütövlüyümüz diqqətdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağ probleminin ədalətli həllində sözsüz ki, beynəlxalq birliyin mövqeyi böyük rol oynayır və sonda yenə həlledici təsirini göstərəcək. Şübhə yox ki, əsas vasitəçi dövlətlər kimi ABŞ və Rusiyanın məsələyə yanaşması da çox önəmlidir, bununla belə, Moskva və Vaşinqton da Qarabağla bağlı beynəlxalq ictimai rəyi nəzərə almaya bilməz. Beynəlxalq rəy isə BMT, AŞ PA, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatının məlum qərarlarından göründüyü kimi, Azərbaycanın tərəfindədir.

Həmçinin ayrı-ayrı ölkələrin ədalətli mövqeyi ortadadır və vaxtaşırı təsbit və bəyan edilir. Eləcə də ATƏT-in Minsk Qrupunun üç həmsədr dövləti – ABŞ, Rusiya və Fransanın mövqeyi pis-yaxşı hələ ki beynəlxalq hüquqa yaxındır. Hər halda, separatçı qurumun indiyədək bu üç dövlət də daxil, heç bir ölkə tərəfindən tanınmaması özlüyündə az şey demir.

Başa çatmaqda olan həftə ərzində baş verən siyasi hadisələr bir daha Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın haqq işinin dünyada daha anlaşıqla qarşılandığını nümayiş etdirdi. Onlardan biri kimi Azərbaycan prezidenti İlham Əliyevin Avropa Birliyinin mühüm ölkələrindən biri, “Şərq tərəfdaşlığı” layihəsinin müəllifi, dost Polşaya etdiyi səfər zamanı prezident Andjey Duda ilə görüşdən sonra qəbul edilmiş birgə bəyannaməni göstərmək olar. Azərbaycanın dövlət başçısı həmin bəyannaməni Dağlıq Qarabağla bağlı yer almış qeydlərə görə də yüksək qiymətləndirib.

“Bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün istiqamətlərini, həmçinin siyasi, iqtisadi, enerji, nəqliyyat məsələlərini ehtiva edir. Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da deyilir və göstərilir ki, bu münaqişə ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini tapmalıdır. Bu ədalətli mövqeyə görə, cənab prezident, Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əlavə etmək istəyirəm ki, Azərbaycan dövləti və xalqı erməni işğalından iyirmi ildən çoxdur ki, əziyyət çəkir. Bu işğal nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Bu münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu tezislər Birgə Bəyannamədə öz əksini tapıb” – Azərbaycan prezidenti deyib.

Azərbaycanın ərazi bütövlüyü məsələsi bu günlər Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında da səslənib. Belə ki, dost Moldovanın baş naziri Pavel Filip AŞ PA-da Qarabağ məsələsini də qaldırıb və ölkəmizə dəstək verib.
“Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir”. Bunu o, sessiyada etdiyi çıxışı zamanı deyib.

Münaqişələrin ölkələrin inkişafına mənfi təsir göstərdiyini bildirən Moldovanın hökumət başçısı Avropa Şurasını onların həlli istiqamətində səylərini daha da gücləndirməyə, bu istiqamətdə dialoqlar təşkil etməyə çağırıb. Pavel Filip Gürcüstan və Ukraynadakı münaqişələrlə yanaşı, Dağlıq Qarabağ probleminə də toxunub və adıçəkilən münaqişələri dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipi əsasında həll etməyin vacibliyini sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Ancaq əfsuslar olsun ki, Dağlıq Qarabağ problemi ilə bağlı başqa reallıqlar, ikili standart yanaşmalar da var. Söhbət öncəliklə münaqişənin həllində vasitəçilik missiyası tapşırılmış iri dövlətlərin – Rusiya və ABŞ-ın hələ də işğalçı Ermənistana loyal yanaşması, onu öz adı ilə çağırmağa həvəsli olmamasından gedir. Aydındır ki, işğalçı öz adı ilə çağırılsa, o zaman ona qarşı beynəlxalq sanksiyalar gündəmə gəlməlidir.

Bu da hələ ki gözə dəymir. O üzdən özünü arxayın hiss edən təcavüzkar tərəf sülh danışıqlarında konstruktiv mövqe tutmaqdan yayınır, təxribatçı davranışı və maksimalist tələbləri ilə böyük sülhü əlçatmaz edir.

Yaranmış vəziyyətdə Azərbaycanın tək yolu təbii ki, öz hərbi potensialını durmadan artırıb haqq savaşına hazırlaşmaqdır. Məntiqlə düşmən başqa seçim qoymayıbsa, öz üzərində heç bir beynəlxalq təzyiq hiss etmirsə, o zaman müharibə qaçılmaz olacaq. Sadəcə, gec-tezliyi var – hərgah, aparıcı dövlətlər bunda maraqlı olmasalar da.

“Azərbaycan Qarabağı qaytarmaq üçün müharibəyə hazırlaşır”.

Musavat.com-un məlumatına görə, bu sözləri tanınmış rusiyalı siyasi və hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktoru Aleksandr Xramçixin Rusiyadan Azərbaycana son partiya silahlar göndərilməsini 1 in.am portalına şərh edərkən deyib.

“Rusiya Azərbaycana ilk növbədə kommersiya maraqlarından çıxış edərək silah satır. Azərbaycan silahların tam haqqını ödəyir, Rusiya da müvafiq surətdə onu alır. Ancaq Azərbaycanın siyasəti nöqteyi-nəzərincə, bu, müharibəyə hazırlıqdır” – ekspert bildirib.

Onun sözlərinə görə, bu, Bakı ilə Moskva arasında bir neçə il öncə əldə olunmuş anlaşmaya uyğun surətdə reallaşan planlı bir göndəriş olub. “Mən təkrar edirəm, bu, bir kommersiya sövdələşməsidir. Çünki neftin qiyməti yüksək olduğu dönəmdə Azərbaycan ən yeni hərbi texnikalar almağa hazır idi. Rusiya da bu silahlardan ona satıb. Vəssalam, tər-təmiz bir kommersiya”, – deyə Xramçixin erməni tərəfini sakitləşdirməyə çalışıb.

Rusiyalı analitik erməniləri sakitləşdirməyə çalışmaqda davam edərək deyib: “Ermənistan isə Rusiyadan ”İsgəndər\” kompleksləri alıb. Bu – eksklüziv bir silah tədarüküdür. Çünki belə bir silah Rusiyadan və Ermənistandan savayı heç bir başqa ölkədə yoxdur. Özü də bildiyim qədər, Ermənistan bu sistemi tam qiymətinə almayıb. Rusiya hesab edir ki, Azərbaycanda istənilən nöqtəni vurmaq bacarığına malik “İsgəndər”lərlə Azərbaycana silah verilməsini tamamilə kompensasiya edib\”.
Bununla belə, rusiyalı ekspert etiraf edib ki, Rusiya silah-sursatı Azərbaycanın hərbi potensialına artmasına gətirib. “Əlbəttə ki, Rusiya siyasəti nöqteyi-nəzərincə Moskva kompensasiyanı təmin edib. Lakin Azərbaycanın yanaşması axı başqadır: Bakının nəzərincə, bu, təbii ki, müharibəyə hazırlıqdır. Azərbaycan Qarabağı qaytarmaq üçün yeganə olan müharibəyə hazırlaşır” – o qeyd edib.

Xatırladaq ki, iyunun 24-də Azərbaycanın Müdafiə Nazirliyi Rusiyadan yeni növ silah-sursat alındığı haqda məlumat yayıb. Yayılan fotolardan göründüyü kimi, bu hərbi texnika arasında “Xrizantema C” tank əleyhinə raket sistemləri də var. Bu texnikanın üstünlükləri haqda danışan rusiyalı ekspert deyib: “Xrizantema”, necə deyərlər, döyüş meydanı üçündür və bu silah Azərbaycana müharibənin gedişində gərək olacaq. Bu silah əlbəttə ki, Ermənistana qarşı tətbiq olunacaq. Mən düşünmürəm ki, Azərbaycan İranla müharibəyə hazırlaşır. Əlbəttə ki, nəzəri baxımdan heç nəyi istisna eləmək olmaz. Bununla belə, Azərbaycanın tək düşməni Ermənistandır\”.

Bu arada “Global Firepower” analitik mərkəzi dünya ölkələrinin hərbi qüvvələrinin 2017-ci ilə olan reytinqini açıqlayıb. Reytinqə 132 ölkə daxil edilib. Azərbaycan ordusu 59-cu yerdə qərarlaşıb. Gürcüstan ordusu 80, Ermənistan ordusu isə 95-ci yeri tutub.

İlk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Fransa düşüb. Siyahıda qardaş Türkiyə ordusu 8-ci, İran isə 20-ci yerdə göstərilib. Reytinq ölkənin havada, quruda və suda olan potensial imkanları nəzərə alınmaqla, 50 faktor əsasında tərtib olunub.
Bu hesabatdan da göründüyü kimi, Azərbaycan regionda ən güclü orduya malikdir və torpaqlarımızı hər an erməni işğalçılarından təmizləmək üçün yetərli potensialı var. Odur ki, təcavüzkar tərəf nə qədər tez bu sərt reallıqları ciddiyə alıb ədalətli sülhə gəlsə, bir o qədər də ən əvvəl onun üçün sonluq yaxşı olar və böyük itkilərdən yayınar.

İnterpress.az