Yəhudi bloggerin məhkəmədəki ilk ifadəsi etiraz doğurdubackend

Yəhudi bloggerin məhkəmədəki ilk ifadəsi etiraz doğurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə erməni işğalı altında olan Qarabağa qanunsuz səfər edən və Azərbaycanın bütövlüyünə qarşı çağırışlar səsləndirdiyi üçün Belarusda tutularaq ölkəmizə gətirilən bloger Aleksandr Lapşinlə bağlı məhkəmə istintaqına start verildi. Bakı Ağır Cinayətlər Məhkəməsində başlanan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə Aleksandr Lapşin özünü təqsirli bilmədiyini deyib.

Məhkəmə ona sərbəst ifadə verməsini təklif edib. Lakin A.Lapşin suallara cavab vermək istədiyini söyləyib. Dövlət ittihamçısının suallarını cavablandıran A.Lapşin bloger olduğunu, turist kimi iki dəfə Qarabağa səfər etdiyini deyib. Dövlət ittihamçısını “işğal altında olan ərazilərin Azərbaycana məxsus olduğunu bilirdinizmi” sualına cavabında A.Lapşin “O ərazilər Azərbaycana məxsusdur” deyib: “Həmin ərazilərin Azərbaycana məxsus olduğunu internet vasitəsi ilə öyrənmişəm. Onda bildim ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Qarabağa gedəndə Azərbaycan tərəfinə heç bir müraciət etməmişəm. İşğal olunmuş ərazilərdə olarkən oteldə qalmışam. Heç kimlə əlaqə saxlamamışam. Məni Qarabağda müşayiət edən qara saçlı şəxs idi. Orada olarkən Ermənistan tərəfinin rəhbər şəxslərindən heç kəslə görüşməmişəm. Səfərim barədə məqalələr yazmışam. Öz turistlik təəssüratlarımı yazmışam. Hər iki xalqa hörmətim var. Həmin videoları mən və digər şəxslər də çəkib. Özümün çəkmədiyim videolarda görüntülərdə varam. Həmin vaxt Georgi Artyonov və onun həyat yoldaşı Yuliya da yanımda olub. Mən yazılarımda Dağlıq Qarabağı coğrafi ərazi kimi göstərmişəm. Hər bir münaqişəli zonalarda xüsusi qeydlər etmişəm. Həmçinin bir çox ölkələrdə-Suriya, Əfqanıstan, Kosova, Qətər, Abxaziya, Osetiyada da olmuşam”.

Məhkəmənin növbəti iclası bu günə – iyulun 3-nə təyin edilib.

Bəs A.Lapşinin məhkəmədə ilk ifadəsi səmimi qəbul edilirmi? Bu cür ifadələr Azərbaycanı qane etməlidirmi və onun barəsində çıxarılacaq hökmə necə təsir edə bilər?

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Lapşin ifadəsində səmimi deyil, ağ yalan danışır: “Çünki onun məlumatsız olması mümkünsüz idi. İstər bloger, istər deputat, istər mədəniyyət işçisi qismində Dağlıq Qarabağa səfər edənlərin heç biri təsadüfən o əraziyə getmir. Onların səfərləri hamısı öncədən xüsusi erməni mərkəzləri tərəfindən təşkil olunmuş səfərlərdir. Belə şəxslərin səfərinin maliyyəsini də ermənilər ödəyir. Lapşin də şübhəsiz ki, bu qayda ilə səfər etmişdi və öncədən dəqiq bilirdi ki, getdiyi ərazilər ermənilər tərəfindən işğal olunub və o ərazilər Azərbaycanındır. Ermənilərin Lapşin kimi adamların Qarabağa səfərlərini təşkil etməsi Dağlıq Qarabağdakı qondarma rejimin dünyada təbliğini aparmaq üçündür. Təsadüfi deyil ki, Lapşin də məhz bu təbliğatı aparırdı. İndi məhkəmədə ifadəsi özünü təmizə çıxarmaq üçündür. Ola bilsin ki, vəkili belə danışmasını məsləhət edib, müdafiəni o şəkildə qururlar. Lapşinin ifadəsi inandırıcı deyil və məhkəmə də ona inanmamalıdır. Amma Lapşin səhvini etiraf edirsə, Dağlıq Qarabağın və səfər etdiyi digər torpaqların işğal olunduğunu, Azərbaycanın əraziləri olduğunu etiraf edirsə, bu, yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Amma şübhəsiz ki, məhkəmənin işinə qarışa bilmərik. Lapşin Azərbaycan qanunlarını pozub və yəqin ki, buna uyğun da cəzalandırılacaq. Çünki bu cür adamlara qarşı sərt cəza tətbiq olunmalıdır ki, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən və qondarma separatçı rejimi təbliğ edən digər şəxslər üçün ibrət olsun. Ona görə də Lapşinə barəsində açılmış cinayət işləri üçün nəzərdə tutulan cəzanın sərt formasında cəza kəsilməlidir”.

Qeyd edək ki, Lapşinin həbsi ilə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, müxtəlif dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub. Lapşin özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Aleksandr Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib. 2016-cı ilin dekabrında A.Lapşin Belarusda həbs edilib. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına məlumatlar təqdim olunub. Belarus Baş Prokurorluğu 2017-ci il yanvarın 17-də Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.

A.Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırlşlar) və 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

İnterpress.az