Sabir Rüstəmxanlıdan Saleh Mehmetə ikinci cavabbackend

Sabir Rüstəmxanlıdan Saleh Mehmetə ikinci cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əziz Saleh bəy! Sənin “ölkəmizdə ingilis və rus dillərinə də Azərbaycan türkçəsi ilə yanaşı dövlət dili statusunun verilməsi” təklifinə mənim etirazıma ikinci cavabını da maraqla oxudum.

Birinci yazımda dediyim kimi, mən bu təklifi Azərbaycanın milli-mənəvi maraqlarına, dövlətçilik siyasətinə zidd olan, ziyanlı və yolverilməz hesab edirəm; bütün tarixi, siyasi, praktiki bilgilər və dünya alimlərinin bir çox araşdırmaları mənim mövqeyimi təsdiq edir. Bu, əslinsə, sübuta ehtiyacı olmayan bir məsələdir. Ana dilimiz dövlət dilidir. Bunun yanında bir sıra dünya dilləri də mükəmməl şəkildə öyrədilməlidir.

Bu məsələdən başqa, yerdə qalan bütün fikirlərimiz üst-üstə düşür; strateji hədəflərimiz eynidir.

Sənin yüksək mədəniyyət və dərin biliklə yazdıqların son dərəcə önəmlidir və hər bir vətəndaşın bilməli olduğu məsələlərdir. Buna görə də fikirlərinə sayğıyla yanaşıram və bir çox təkliflərinin arxasında xalqımızın gələcəyi ilə bağlı rahatlıqsızlıgının dayandıqlarını bilirəm.

Lakin gündəlik görüşlərimizdə və sosial mediada müşahidə olunan budur ki, xarici dilin dövlət dili elan edilməsini daha çox ana dilində oxumayanlar, ana dilini pis bilənlər və ya qarışıq ailələrin uşaqları müdafiə edirlər. Məni ağrıdan odur ki, biz – ana dilimizi qanunlarımıza uyğun, qoruyib inkişaf etdirmək barədə söz açan və “xarici dilləri öyrənmək üçün onların dövlət dili olması şərt deyil” deyən kimi, həmin adamlar “bizim dilimizlə kənara çıxmaq olmur, ingiliscə və ruscanı öyrənməliyik” məntiqiylə (əslində, tamamilə əsassız iddiadır!) ortaya düşürlər. Sanki mən ingiliscə və rusca öyrənməyin əleyhinəyəm; yaxud ingilis dilini boğazımıza rəsmi xalta edən kimi dilimiz qanad taxacaq və Biləcəridən Londona kimi yayılacaq… Sonra bunun böyrünə bir “millətçi” damğası da vururlar; guya millətçi olmaq – millətsiz, kosmopolit olmaqdan, millətini sevmək – millətinə, dilinə, mədəniyyətinə ikrahla baxmaqdan və ya “biz millət deyilik!” deyib milyonlarla insana həqarət etməkdən, böyüklərimizin ruhunu incitməkdən daha pis bir iş imiş. Burda deyirlər: kösöv oturub ocağın halına ağlayır…

Dəyərli qardaşlar! Mənim çoxsaylı kitab və məqalələrimdə bircə cümləmi göstərin ki, orda mən rus dilinə, rus dilinin və digər xarici dillərin öyrənilməsi və öyrədilməsi məsələsinə etiraz edim. Əksinə, mən kəndlərimizdə ingilis və rus dili müəllimlərinin çatışmadığına və bunun gələcəktə törədə biləcəyi fəsadlara sərt münasibətimi Milli Məclisdə dəfələrlə bildirmiş, bu işin tezliklə yoluna qoyulması üçün yollar da göstərmişəm. İngilis və rus dillərini, imkan daxilində çin, alman, ərəb və hətta düşmənimizin dilini də öyrənməliyik. Gənclərimizin əsas əcnəbi dillərini dərindən bilməsi vacibdir və bunun səbəblərini yazılarında sən də ətraflı izah etmisən. Lakin xarici dilin dərindən öyrədilməsi bir təhsil problemidir; bundan ötrü o dilin hökmən dövlət dilinə çevrilməsinə ehtiyac yoxdur və bu şərt deyil!

İngilis və rus dilini yeni müstəqillik qazanmış Azərbaycana dövlət dili olaraq gətirsək, ola bilsin, yeni nəslin dünyaya çıxışında müəyyən dəyişikliklər olacaq və ola bilsin xürafatçı “islam mollalarının” sayı nisbətən azalacaq, lakin eyni sürətlə vətəndən uzaqlaşan bir nəslin “ingilis və rus mollalarına” çevrilmə dövrü başlanacaq.

Bu gün ingilis dili ”dünya dili” olduğu kimi, dünən yunan, latın, ərəb dilləri də təxminən bu səviyyədə bölgənin və ya dünyanın rəsmi dilləri sayılırdı. Ərəb və fars dillərinin imkanları Azərbaycan türkçəsindən artıq idi; onların oturuşmuş yazı dili ənənəsi vardı. Ərəb dili dünyanın ən zəngin dillərindən biri sayılırdı (indi də sayılır) və hər ikisi, elan olunmasa da, Azərbaycanda din, rəsmi yazışma və təhsil dilinə çevrilmişdi. Sənin məntiqinlə yanaşsaq, gərək o dillərin ölkəmizdəki yüksək statusu ana dilimizin inkişafına ciddi təsir göstərəydi. Nəticəsi nə oldu? Onların təsiri ilə Azərbaycan türkçəsi zənginləşdi? “Bəli, zənginləşdi” deyərək dilimizdəki ərəb, fars sözlərini misal gətirənlər olar. Lakin bu zənginləşmə yox, dilin işğalı idi. Hakim səviyyədə olmaları nəticəsində bu dillərin sözləri türkcənin yüzlərcə doğma kəlməsinii vurub sıradan çıxartdı. Yüz illər boyunca dilimizin təbii inkişaf və sözyaratma mexanizmləri donduruldu, digər türk ləhcələriylə doğma sözlərin qarşılıqlı alış-verişi unutduruldu, millətin ruhundan qopan doğma kəlmələr arxaikləşdirildi, əcnəbi sözləri işlətmək “oxumuşluq” əlaməti sayıldıqca öz söz bulaqlarımız qurumağa başladı. Adətən dillərin ölümü belə başlanır…

Eyni proses bu gün də Avropa sözlərinin basqısı və süzgəcdən keçirilmədən, maneəsiz şəkildə rəsmi ədəbi dilimizə, qanunların dilinə doldurulması ilə davam edir. Üstəlik bu dillər dövlət dilinə çevrilsə, ana dilimiz yenidən orta əsrlərə bənzər bir şəkildə ingilis və rus sözləri ilə dolacaq və məncə bu, inkişaf deyil. Belə inkişaf, böyük mənada, millətə heç nə verməz… Əgər yabançı dili öz evində yuxarı başa keçirmək yerli dilin inkişafına təkan versəydi, onda gərək dörd yüz ilə yaxın rus dili mühitində yaşayan yakut-sak, altay, şor, xakas, başqırd, çuvaş dilləri təxminən rus dili qədər inkişaf etmiş olaydılar. Təəssüf ki, belə deyil və rus dilinin yayılması Sibir türklərinin dilinə sarsıdıcı zərbə vurmuşdur.

Hər hansı dilin geniş yayılması və zəngin informasiya daşıyıcısı olması bu dilin balaca ölkələrin dövlət dilinə çevrilməsinə əsas verirsə, onda əcəba, bizdən də balaca olan Gürcüstan, Ermənistan, Litva, Latviya, Estoniya niyə bu “fürsətdən” istifadə etmirlər? Yaxud nisbətən balaca slavyan dövlətləri “böyük resursları olan Rusiya”nın dilini niyə öz ölkələrində ikinci dövlət dilinə çevirmirlər? Qazaxıstanda isə rus dilinin ikinci dövlət dili olması qazaxların inkişafı qayğısından irəli gəlmir, orada başqa yol yoxdur, çünki əhalinin yarısı ruslardır. Bizdə də əhalinin yüzdə qırxı və ya əllisini təşkil edən başqa bir millət olsa, onun dilinə dövlət dili statutu verməyə məcbur idik…

Dillərin dünya dlinə çevrilməsi, geniş yayılması onun zənginliyi və ya söz dağarcığının böyüklüyü ilə bağlı məsələ deyil; o dilin daşıyıcısı olan xalqın dünyadakı mövqeyi ilə bağlıdır. Bu \”üstünlük\” estafeti tarix boyu əldən-ələ keçib və inanıram ki, bu gün hegemon olan dillər nə vaxtsa dünyada ikinci dərəcəli dillərə çevriləcək..Buna görə də, böyüklərə təzim etməkdənsə özümüz böyüməliyik.

Onsuz da ana dilimizin zənginləşmə qaynaqlarından biri Avropa dilləridir; lakin ikinci, daha mühüm bir mənbə var ki, bu da digər türk ləhcələridir. Bu ləhcələrun genəl lügət fondunda təxminən bir milyon kəlmə var, o kəlmələrin bir qismi bizim yazılı dilimizə və nitqimizə qaytarılmalıdır. Təəssüf ki, bu qarşılıqlı zənginləşmə də bir sıra “azərbaycançı”, lakin Azərbaycanı bilməyənlərin gülünc etirazı ilə qarşılanır: “vay, türk sözləri bizim dilimizi korladı!” Anlamırlar ki, “türk sözləri” dedikləri tərtəmiz öz sözlərimizdir. Dilimizi rus sözləriylə dolduranlar niyə öz sözlərimizdən qorxurlar?

Əziz Saleh bəy, ikinci məktubunda qoyduğun məsələlər, əslində, dövlət dili prableminin sərhədlərini aşır. Çox ciddi din, toplumsal, siyasət, idarəetmə sorunlarına toxunursan. İslam dininin bu gün müsəlman aləmini üzləşdirdiyi müşküllər barədə yazdıqlarınla mən də razıyam, lakin bu, sizi belə narahat edirsə, o zaman millətimizin islamdan qopub başqa bir din qəbul etməsini və ya Tanrıçılığa qayıtmasını təbliğ etməliyik. Din vicdan məsələsidir, dil məsələsi deyil! İslam modernləşməlidir, buna söz yox. Bu cəhətdən Azərbaycan, dövlət və millət marağını əsas tutaraq, cəsarətli addımlar ata və bu modernləşməni çoxdan gözləyən islam aləminə nümunə ola bilər. Hər hansı bir din millətin inkişaf yolunda əngələ dönürsə, onun ayağında qandala çevrilirsə, onu qırıb atmaqdan başqa çarə yoxdur. Tarix boyu həmişə belə olub.

Bir dəfə İranın Azərbaycandakı səfirindən soruşdum: “Cənab səfir, siz niyə İrandakı 150-200 minlik ermənilərə hər cür şərait yaradırsınız, lakin 35 milyonluq Azərbaycan türkünə heç bir haqq tanımırsınız?” O, bir az düşünüb cavab verdi: “Ağa, ermənilər dini azlıqdır. Biz dini azlıqlara haqq tanıyırıq. Amma türklər, yəni siz bizim şiə qardaşlarımızsınız…” Dedim: “Sizin məntiqinizdən belə çıxır ki, biz İran deyilən ölkədə milli haqlarımızı almaq üçün şiəlikdən, lazım gəlsə, hətta islamdan əl çəkməliyik. Siz belə düşünürsünüzsə, mən sabahdan təbliğata başlamalıyam ki, ay millət, biz müsəlman qaldıqca, bizim bu müsəlman-fars qardaşlarımız milli-mədəni inkişafımıza imkan verməyəcək, yəni bizi adam yerinə qoymayacaqlar…” Böyükelçinin sifəti dəyişildi: “Ağa, siz həqiqi müsəlmansınız, elə iş görməzsiniz!” Dedim: “Görərəm! Çünki siz həqiqi müsəlman deyilsiniz!”

İllər keçir və mən bir daha əmin oluram ki, islamin ehkama və siyasi alətə çevrilməsi Azərbaycan türkləri üçün “ölüm, olum“ sualına çevrilməkdədir. Lakin indilikdə bu, bizim həll edəcəyimiz məsələ deyil və bunun dövlət dili məsələsinə də heç bir aidiyyəti yoxdur!

Düzü, Qazaxıstanla bağlı yazdıqların məni ürəkdən sevindirdi. Lakin qardaş Qazaxıstanda dil, dərslik, lüğət, bilgisayar texnologiyası və ana dilinin inkişafına təkan verən digər ciddi işlər görülürsə, bunun səbəbi rus dilinin ikinci dövlət dili olması deyil, bunun səbəbi düzgün, ağıllı, qeyrətli, uzaqgörən idarəçilikdir; Qazaxıstan hökumətinin qazax xalqına sevgisidir, dövlətçilik və vətəndaşlıq məsuliyyətidir, düzgün kadr siyasətidir, hər bir vətəndaşı qorumaq istəyi və bunun sonucunda qazaxlar arasında yüksələn passionarlıqdır…

Son olaraq və ən əsası. Bizdə hər hancı bir məsələyə münasibətdə əks cəbhədə dayansalar da strateji hədəfləri bir olan Azərbaycan ziyalılarının yeni bir fikirbölüşmə, razılaşma, milli mənafe naminə xırda siyasi oyunbazlıqlardan imtina ənənəsi yaradılmalıdır. Xalqın fikir yönünü xeyirli istiqamətə yönəldə bilən yüksək intellektli, dürüst və ciddi mənəvi əsaslara söykənən söhbətlərə çox ehtiyac var. Təəssüf ki, bu gün bir araya gəlmək çətinləşib və bəzən dərdlərini bölüşməyə adam tapmırsan. Bu baxımdan bizim dialoq onu göstərir ki, mübahisələrdən, fikir ayrılıqlarından qorxmadam, insanlar, qruplar, siyasi partiyalar, iqtidar-müxalifət arasındakı əlaqələr düşmənçilik və inkar müstəvisindən – bir millətin övladı olduqlarını və bugün üzləşdiyimiz çətinlikləri dərk edənlərin məsuliyyət müstəvisinə keçirilməlidirlər.

İnterpress.az