YAP-çı deputatdan bəstəkara sərt etirazbackend

YAP-çı deputatdan bəstəkara sərt etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

E.Məmmədov “Ölkə.Az”-a açıqlamasında bildirib ki, rayon, şəhər, mərkəz, əyalət və kənd ayrı-seçkilik söhbətləri salmaq Azərbaycanı bölmək və parçalamaq kimi çıxır:

“Bütün bu söhbətlər vaxtilə Azərbaycanı bölmək məqsədi ilə edilib. Bunun da müsbət nəticəsi olmayıb. Bu gün biz böyük Azərbaycanda yaşayırıq, uğrunda çalışırıq. Fərqi yoxdur ki, biz harada – kənddə, rayonda, yoxsa, Bakıda doğulmuşuq. Hər birimiz Azərbaycan millətinin nümayəndəsiyik. Heç kim tutduğu mövqeyə görə və doğulduğu yerə görə qiymətləndirilə bilməz. Hər kəs öz əxlaqı, mədəniyyəti, bacarığı və davranışı ilə dəyərləndirilməlidir”.

YAP-çı deputat Aygün Səmədzadəyə iradını da bildirib:

“Mən istəmirəm ki, kiminsə xətrinə dəyəm. Ancaq istəyirəm ki, hörmətli akademikimiz Ziyad Səmədzadənin qızı gedib tarix və ədəbiyyat, müxtəlif tarixi şəxsiyyətlər haqqında kitabları vərəqləsin və oxusun. Əgər Aygün Səmədzadə gedib həmin kitabları oxusa və orada tarixi şəxsiyyətlərin doğulduğu yerlərə nəzər salsa, görər ki, Azərbaycanı bütün sahələrdə dünyada tanıdan görkəmli şəxslərin 98-99 faizi mənim kimi rayonlarda, kəndlərdə dünyaya gələnlərdir. Sual olunur, bəs dahi Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, ulu öndər Heydər Əliyev və digərləri harada doğulub? Bu siyahıda minlərlə adamın adını sadalamaq olar. Təbii ki, hər yerin özünəməxsus görkəmli insanları var. Bu heç kəsə haqq qazandırmır ki, yerlibazlıq edək. Yəqin ki, hörmətli akademikimiz Ziyad Səmədzadə də bu cür yanlış fikirlərinə görə öz qızını tənbeh edər”.

Xatırladaq ki, bəstəkar Aygün Səmədzadənin “Yerlipərəst və qohumbaz deyiləm. Düşünürəm ki, milləti geriyə aparmağın ən asan yollarından biri məhz sadaladığım keyfiyyətlərdir. İnsanın zəkasını, savadını, istedadını, qabiliyyətini yerliçiliyə qurban vermək böyük bəladır. Qohumbazlıq və yerlibazlıq söhbətlərini Bakıya sonradan gələnlər dəbə gətirib. Ümumiyyətlə, heç bir vaxt “filankəs bakılıdır” deyə, onu üstün tutaq söhbəti nə ailəmdə, nə də yaxın çevrəmdə olmayıb. Yerlibaz söhbətləri isə həmişə Bakıya sonradan gələnlər salıb. Yəqin düşdükləri yer, təklik, ev üçün darıxmalar da müəyyən aqressiya, özünü müdafiə halları yaradıb, bunu da anlayıram. Amma bu Bakını sevməməyə səbəb deyil”, fikirləri sosial şəbəkələrdə etirazla qarşılanıb.

A.Səmədzadə bildirib ki, Bakı onun üçün doğmadır, çünki bu romantika məhz doğmalıqdan yaranır:

“Mənə çox maraqlıdır, Bakını və bakılıları bu qədər sevməyən adamlar niyə burada yaşayır. Hər bölgənin yalnız öz balaca vətənini sevən adamı qayıtsın yurduna, orda da yaşasın onda. Ora da həkim, müəllim, jurnalist, vəkil lazımdır. Nə danışsaq, nə proqnozlar versək də, Azərbaycanı yalnız mütəşəkkil aydınlıq inkişaf etdirə bilər”.

Bəstəkar qeyd edib ki, Azərbaycanı sevir, Azərbaycanın hər qarışı onunçün vətəndir və Azərbaycanın hər qarış torpağı da, suyu da, çörəyi də, ağacı da doğmadır:

“Gəlin nə Azərbaycanı incidək, nə də hər gələnə qucaq açan Bakını. Ara-sıra paylaşdığınız Bakı və bakılılardan narazı statuslarınıza münasibətimi Bakılılar günündə bildirdim. Misal var, deyərsən mərd olar, deməzsən dərd olar”, – deyə A.Səmədzadə deyib.

Əməkdar incəsənət xadiminin fikrincə, təhsil müəssisələrində rüşvət də məhz rayon adamları tərəfindən yaradılıb. O, firkini bununla əsaslandırıb:

“Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa və motal pendiri və sair gələnəcən. Və bu gün on yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir. Yerlibaz şərhlərə ehtiyac yoxdur”.

İnterpress.az