Gürcüstan azərbaycanlılarının vəziyyəti ürəkaçan deyilbackend

Gürcüstan azərbaycanlılarının vəziyyəti ürəkaçan deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstandakı soydaşlarımızın çoxluq təşkil etdikləri Kvemo-Kartli bölgəsində onların maddi durumlarının ağır olması ilə bağlı Azərbaycan mətbuatında xəbərlər yer almaqdadır. Bununla bağlı bbc.com həmin bölgədən reportaj hazırlayıb. Yazıdan görünür ki, soydaşlarımızın vəziyyətləri o qədər də ürəkaçan deyil.

79 yaşlı Zərqələm Əliyeva Marneuli rayonunda oğlu və nəvələri ilə birgə yaşayır. Onun 40 yaşlı oğlu Firdovsi Piriyev 8 il öncə iflic keçirdiyindən iş görmək qabiliyyətini itirib. Gəzmək çətinliyi olan Zərqələm Əliyeva isə günün çox hissəsini mətbəxdə oturaq vəziyyətdə yemək hazırlamaq və ya qabları yumaqla keçirir.

Firdovsi Piriyevin hər iki uşağı məktəbə gedə bilmir. 11 yaşlı Aytən Piriyeva V sinifdə oxusa da, çox vaxt atasının ağrılarına görə evdə qalıb ona baxmalı olur. 8 yaşlı İmran Piriyev isə heç vaxt məktəbə getməyib.

“Uşaq olduğu üçün yolu özü keçə bilməz, kimsə ona nəzarət etməlidir, həm də evdə bizə kimsə baxmalıdır. Eyni zamanda maddi dəstəyə də ehtiyac var”, Firdovsi Piriyev deyir.

Marneuli bələdiyyəsinin sosial yardım mərkəzinin direktoru Mamuka Şubitidzenin sözlərinə görə, uşaqların təhsili məsələsi ilə bağlı sosial yardım mərkəzinin qaynar xəttinə (1505) zəng edilməlidir.

Gürcüstanın “Təhsil haqqında qanunu”na görə, uşaqların təhsildən yayındırılması qanun pozuntusu sayılır. Amma buna baxmayaraq, Gürcüstan hökuməti hələ ki məsələ ilə bağlı susmağa üstünlük verir.

Piriyevlər ailəsi bildirir ki,\” maddiyyat və evin pis vəziyyətdə olması\” səbəbindən torpaqlarının bir hissəsini satıb evin təmirinə xərcləməli olublar, amma bundan sonra 2014-cü ildən hökumətin onlara verdiyi aylıq 220 larilik sosial yardımı dayandırılıb.

“Bizə sosial yardım verirdilər, evi təmir etdirdikdən sonra sosial yardımı dayandırdılar. Bir iki dəfə pulsuz dərman verdilər, amma o da çatmır. İndi də güclü ağrılarım var”, Firdovsi Piriyev bildirir.

Firdovsi Piriyev onu da qeyd edib ki, sosial yardımdan əlavə anası və özü ayrı-ayrılıqda 180 lari təqaüd alır, ancaq bu da yaşayış üçün onlara kifayət etmir.

Marneuli sakini Pərvin Abdullayev da deyir ki, 3 il əvvəl 57 yaşlı anası Sürəyya Muxayeva xərçəng xəstəliyinə görə əməliyyat olunub.

Əməliyyatdan sonra ailə vəziyyətləri pis olduğu üçün “Marneuli rayon sosial yardım mərkəzi”nə müraciət ediblər. Amma nəticə gözlənilən kimi olmayıb.

“Müraciətdən sonra ərizəmizi qəbul etdilər, ailə vəziyyətini dəyərləndirmək üçün bir həftə sonra gəldilər. Həyətimizə və evə baxıb yazdılar ki, ev 2 mərtəbəlidir, 2 ədəd televiziya və başqa əşyalar var. Həyətlərində meyvə ağacları boldur. Sonra cavab gəldi ki, sizə sosial yardım verilməyəcək”, deyə Abdullayev qeyd edir.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Yeni Müsavat”a məsələ ilə bağlı bunları dedi: “Gürcüstandakı soydaşlarımızın kasıb olması kimi fikirləri dilə gətirməyin nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Azərbaycanın da elə yerləri var ki, iş yerləri yoxdur, başqa problemlər mövcuddur. Amma bununla belə insanlar yaşaya bilirlər. Əsrlərlə belə yaşayıblar və artıq buna vərdiş də ediblər. Hər bir halda bir şəxs yoldaşları ilə birlikdə Borçalıda bir evin qonağı olsun və bilsin ki, o ailənin zəngin süfrə açmaq imkanları var. Orada istər gürcü, istərsə də, azərbaycanlı olsun, humanitar tələbatlı ailələr sayılırlar. Dövlətin qanunları ilə onların hüquqları qorunur. Gürcüstan sosial sığorta ilə bağlı keçmiş postsovet və Cənubi Qafqaz ölkələri içərisində liderdir. Xəstəliklər üzrə dövlət sığorta siyasətini yürüdür. Başqa tipli insanlar da var ki, sosial müdafiəsizdirlər. Onlara dövlətin rəsmi şəkildə humanitar yardımı var. Qardaşım orada həkimdir və bilirəm ki, vətəndaşlara hansı güzəştlər var”.

Z.Məmmədli Azərbaycan tərəfin soydaşları ilə bağlı edə biləcəyi məsələlərə də toxundu: “Oradakı soydaşlarımızın problemləri kifayət qədər çoxdur. Əcnəbilərə soydaş statusu verirlər. Azərbaycan isə bu statusu qəbul etməyib. Oradakı həmin xəstə də Azərbaycan üçün əcnəbidir. Soydaş statusu olarsa, humanitar pəncərədən yardım oluna bilər. Azərbaycanın uzadacağı əl humanitar işdir. Bu iş də sərhədlər tanımır. Orada mərkəzlərimiz və digər aidiyyəti yerlərimiz var”.

İnterpress.az