“Beynəlxalq ictimaiyyət erməni təxribatına münasibət bildirməlidir”backend

“Beynəlxalq ictimaiyyət erməni təxribatına münasibət bildirməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdən İnterpress.az-a verilən məlumata görə, bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bu gün Azərbaycanda səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşdə deyib.

Azərbaycan-Avstriya əlaqələrindən danışan I vitse-spiker bildirib ki, dövlət başçılarının qarşılıqlı rəsmi və işgüzar səfərləri, ölkələrimiz arasında imzalanmış Memorandum əlaqələrin inkişafına şərait yaradıb.

Z.Əsgərov qeyd edib ki, Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu dostluq münasibətlərinin dərinləşməsinə özünəməxsus töhfə verir. Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan bu istiqamətdə bir sıra qlobal və regional layihələrə imza atıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Z.Əsgərov erməni vandalizminin nəticəsi olan Xocalı soyqırımından, əsir və girovlarımızın aqibətindən, itkin düşmüş 3 min 118 Azərbaycan vətəndaşının taleyinin indiyədək naməlum qaldığından, terroru dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistan rəhbərliyinin qanunsuz əməllərindən, ölkəmizdə törətdikləri çoxsaylı terrorla bağlı nümayəndə heyətinə ətraflı məlumat verib.

O, Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılmasına dair 1994-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, həmçinin sonrakı illərdə digər qurumların, Avropa Şurasının, Avropa Parlamentinin qəbul etdikləri müvafiq sənədlərin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğulayıb.

Milli Məclis sədrinin birinci müavini iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində qətl edilən 2 yaşlı Zəhranın və nənəsi Sahibə Quliyevanın faciəsindən söz açıb. Z.Əsgərov beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa dövlətlərinin ikili standartlardan əl çəkərək bu hadisəyə münasibət bildirməli olduqlarını diqqətə çatdırıb. Hazırda ATƏT-ə sədrlik edən Avstriyadan Dağlıq Qarabağ probleminin çözümündə Azərbaycanın ədalətli mövqe gözlədiyini deyib.

Avstriya parlamentində ən böyük və ən nüfuzlu müxalifət partiyasını təmsil etdiklərini bildirən Yohanes Hübner səmimi etiraf edib ki, hazırda ikili standartlar məsələsi beynəlxalq hüquqda özünü göstərir. Avropa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini lokal məsələ kimi qəbul edir və düşünür ki, iki qonşu dövlət bu problemi öz aralarında həll etməlidirlər. Avstriya isə neytral siyasət yürüdür. Sonra bu payız Avstriyada keçiriləcək parlament seçkilərindən söz açan Y.Hübner bildirib ki, qələbəyə ümidlidirlər və Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar.

Avstriyalı qonaqlar Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşüblər.

Komitənin sədr müavini Sevinc Fətəliyeva ölkəmizdə Azərbaycan-Avstriya münasibətlərinin inkişafına böyük önəm verildiyini bildirib. Müstəqil Azərbaycan dövlətinin Şərqlə Qərb arasında körpü rolu oynadığını qeyd edib. Hərtərəfli əməkdaşlığın genişləndirilməsi vacibliyini vurğulayıb.

Deputat Azər Kərimli dünyadakı siyasi proseslərə toxunub, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi vacibliyinə dair fikirlərini bölüşüb, beynəlxalq siyasətdə ikili standartların doğurduğu acınacaqlı nəticələrdən danışıb.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə Avstriya parlamentinin deputatları Y.Hübner siyasi məsələlərə dair görüşlərini açıqlayıb, Aksel Kasseger isə iqtisadi sahədə əməkdaşlıqla bağlı fikirlərini diqqətə çatdırıb. Görüşdə komitənin üzvü Bəxtiyar Əliyev də iştirak edib.

İnterpress.az