MTN generalı: “Nəyə görə həbs olunduğumu anlamıram”backend

MTN generalı: “Nəyə görə həbs olunduğumu anlamıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ələsgər Əliyevin epizodu üzrə şahidlər ifadə veriblər.

Ə. Əliyevin bacısı Lalə Yavərova deyib ki, Mərdəkanda yerləşən torpaqlarda onun da payı olub. Əlavə edib ki, bir gün qardaşı ona zəng edərək, hədə-qorxu ilə bu torpağının əlindən almaq istədiklərini bildirib: \”Məcbur olub, qardaşımın dediyi Rövşən adlı şəxsin adına etibarnamə verdim. Qardaşıma deyirdilər ki, torpağı verməsə, həbs edəcəklər\”.

Şahid Rövşən Abbasov torpaq alınması ilə bağlı MTN-nin Xəzər rayon şöbəsinin rəisi Rafiq Səfərov tərəfindən tapşırıq aldığını deyib: \”Rafiq mənə dedi ki, 50 sot torpaq sahəsi lazımdır. Mən də tanışım Ələsgərin belə bir torpağı olduğunu dedim. İşdən sonra gedib, Rafiqlə birlikdə torpağa baxdıq. Sənədləşməyə qədər 50 sot torpağa 50 min manat pul verdik. Qalan pul isə sənədləşmədən sonra veriləcəkdi. Ancaq məlum oldu ki, həmin ərazidə qaçqın və məcburi köçkünlər yaşayırlar. Sən demə, bu torpağa Ələsgərin özünü də buraxmırlar. Mən bu məsələni bilən kimi, Rafiqə dedim, o isə belə olan halda pulu geri almağımızı tapşırdı. Ələsgər pulu vermək istəmirdi, sonra razılığa gəldik, ərazini özümüz sənədləşdirdik. Artırma sahə kimi Ələsgərin bacısından aldığımız torpaq sahəsinə görə 25 min manat verdik\”.

Şahid deyib ki, MTN-nin vəzifəli şəxsləri həbs olunan kimi Ə. Əliyev ona zəng edərək, şikayət edəcəyini deyib: \”Dedi ki, o vaxt sotu 2 min manata olan torpaq indi 4 min manata satılır. Qalan pulu istədi, etiraz elədim, məsələni rəisə dedim. O isə idarənin nüfuzuna xələl gəlməməsi üçün Əsgərə 10 min manat verməyimi istədi və mən də bu pulu sonradan Əsgərə verdim\”.

Zərərçəkmiş Ə. Əliyev isə ona pul verilmədiyini, sonradan alınan torpaqlara görə heç nə ödənilmədiyini deyib. Ə. Əliyev ona MTN əməkdaşları tərəfindən hədə-qorxu gəlindiyini də bildirib.

Təqsirləndirilən E. Quliyev isə zərərçəkmiş Ə. Əliyevin ifadəsinə etiraz edib: \”Hədə-qorxuya mən məruz qalmışam. Sən bizi şantaj edə-edə orda oturmusan, mən isə içəridə. Səni döyüblər, söyüblər? Sənə kim, nə edib? 2 ildir ki, burdayam, amma hələ də nəyə görə həbs olunduğumu anlamıram\”.

Hakim isə E. Quliyevə xəbərdarlıq edərək, məhkəmə iclasını pozmamağa çağırıb.

Şahid, MTN-nin Xəzər rayon İdarəsinin baş əməliyyat müvəkkili olmuş Heydər İslamov isə ifadəsində Ə. Əliyevdən alınan torpaq sahələrinin pulunun ödənildiyini deyib. O, 50 sot torpağın Elçin Quliyev, İlqar Əliyev və Rafiq Səfərov üçün alındığını deyib.

Zərərçəkmiş Mətləb Mustafayev E. Quliyevə etiraz edib: \”Sən nə utanmaz adamsan? Mənim tutulmağımda birbaşa sənin rolun var. Evimə tapança qoydurmaqla bağlı göstəriş vermisən\”.

Sonra MTN-nin Xəzər rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərov şahid qismində ifadə verib. Onun sözlərinə görə, 2011-ci ildə Elçin Quliyevin müavini intihar etmiş İlqar Əliyev ondan 50 sot torpaq tapmasını istəyib: \”Mən də bu məsələni Heydər İslamova tapşırdım. Alınan torpaq sahələrinin də pullarını verdik\”.

Sonra zərərçəkmişlər – Ələkbər Heydərov və Rauf Sultanovun epizodu üzrə şahid Kamil Şükürov ifadə verib. O, \”makler\” kimi fəaliyyət göstərdiyini deyib: \”Rauf Sultanov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini vəzifəsində çalışarkən, evə çıxarış verilməsi üçün ilə bağlı 20 min manat pul tələb edib. Mən də bu barədə MTN-nə məlumat verdim. Sonra pulu ona otağında verən vaxt MTN əməkdaşları tərəfindən həbs olundu\”.

R. Sultanov isə rüşvət almadığını, onun həbsi ilə bağlı qəsdən belə bir əməliyyat keçirildiyini deyib: \”Mənim kabinetimə girib, pulu qəfildən stolun üstünə atdılar. Korrupsiya faktı vardısa, bu barədə MTN-ə yox, polisə, prokurorluğa müraciət edilməli idi\”.

Zərərçəkən, Xəzər rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Ə. Heydərov isə şahid K. Şükürovun vasitəsi ilə MTN əməkdaşları tərəfindən hədə-qorxuya məruz qaldığını və 300000 manatının alındığını deyib.

Zərərçəkmiş Maqsud Mahmudov MTN əməkdaşları tərəfindən əlindən alınan restoranın məhkəmənin qərarı ilə artıq özünə qaytarıldığını, təqsirləndirilən şəxsləri bağışladığını deyib: \”Mənim tələbim odur ki, Eldar Mahmudov məhkəməyə gəlsin. Bu adamlar kimdir ki? Onlar göstəriş yerinə yetiriblər. Ona görə mən əlimdən alınan pulları onlara bağışlayaram. Eldar Mahmudov gəlsə, bütün pulumu ondan tələb edəcəyəm\”.

Sonra zərərçəkmiş Mətləb Mustafayev vəsatətlə çıxış edib. O bildirib ki, MTN-nin Anti Terror Mərkəzinin sabiq rəis müavini, intihar etmiş İlqar Əliyevin ibtidai istintaqda zərərçəkmişlər və zərərçəkmiş şəxsin hüquqi varisi barəsində verdiyi ifadələr elan olunsun. M. Mustafayev də Eldar Mahmudovun məhkəmədə dindirilməsini istəyib.

Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.

Proses iyulun 21-də davam etdiriləcək. ( apa )

İnterpress.az