“Yaşamaq – ilkdən sona fasiləsiz bir mücadilədir”backend

“Yaşamaq – ilkdən sona fasiləsiz bir mücadilədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əziz Güntay!
Son yazışmamızda təkcə səni yox, ziyalılarımızın çoxunu düşündürən sorular var. “Niyə bu durumdayıq, niyə tarix boyu etdiyimiz səhvlərdən nəticə çıxara bilmədik?”-onların ən başlıcasıdır. Bu arada Xaləddin İbrahimli də söhbətə qarışaraq, bizi mövzusuz danışmaqda, “tarixi olaylara filaloji təfəkkürlə yanaşmaq” da suçlayaraq, tarixi tarixçilərin inhisarı aitına almağa çalışır və ağsaqqal məsləhəti vermək həvəsinə düşür: “əfəndilər, bir-bir…” Yaxşı məsləhətdir, lakin diqqətlı baxsa görər ki, biz elə bir şeydən danışırıq.

1.Biz və vətənimiz
Güntay bəy! Tarix, tarix elmi və tarix fəlsəfəsi haqqında düşüncələrini və bu düşüncələrin ifadə tərzini bəyəndim. Dövlətlərimiz, bir sıra tarixi şəxsiyyətərimiz və onlara münasibətin milli ideologiyaya uyğun qurulması məsələsində fikirlərimiz fərqlidir, lakin bu, normal bir işdir. Bu barədə düşüncələrimi mən ötən məktubumda yazmışdım. Zatən türklərin tarixində, o cümlədən Azərbaycan və Osmanlı türklərinin tarixində anlaşılmaz, təəssüf doğuran, bu günki faciələrimizə səbəb olan faciəli, hətta bağışlanmaz yanlışlıqlar çoxdur. Lakin bu, artıq tarixdir, dəyişmək və öz istəyimizə uyğun yenidən qurmaq mümkün deyil; tənqid eləmək olar, inkar etmək olmaz…
Məncə, zaman da axar su kimidir. Bulandıgı kimi də durulur. Yaralar sagalır, dərdlər unudulur. Dünyada daimi qalib, daimi məglub yoxdur. Hər yolun eniş-yoxuşu, hər xalqın öz haqqına yetmə vaxtı var. Haqq isə, məncə, həmişə mənəvi kamilliyin qonşulugundadır. Buna görə insanın da, xalqın da özünütəsdiq yolu əzablardan və mənəvi təmizlənmələrdən keçir.
Bu yolun hansı mərhələsindəyik, bu sonsuz nərdivanın hansı pilləsindəyik? Cavab vermək çətindir.
Dünyanın öngörənləri yalnız keçmişi yaxşı görə bilir. Əl və üz xətləri gələcəyin yox, keçmişin yazısıdır, bərkdən oxunanda gələcəyin də qulağına çatır! Gələcəklə bağlı oxunan bütün nəğmələr keçmişin nəğmələridir.. Amma burası da var ki, yayından çıxan oxun hara düşəcəyini,təxmini də olsa bəlirləmək mümkündür.

… Rusiyada məşhur tarixçi-alim, etnoqraf Lev Qumilyovun kitablarının nəşrinə icazə verilməyən bir vaxtda mən Bakıda onun “Xəzər ətrafında minillik” adlı kitabını rus dilində nəşr etdim. Bundan sonra onun azərbaycanlı aspirantı Akif Fərzəliyev (indi Sankt-Peterburqda çalışır) zəng vurdu, təşəkkür etdi və Qumilyovun mənimlə danışmaq istədiyini söylədi. Böyük alım kitabının nəşrinə görə razılığını bildirəndən sonra Bakıdakı vəziyyətlə maraqlandı. Mən onun başqa əsərlərini də nəşr etməyə hazır olduğumuzu dedim…Telefon söhbətində Qumilyovun iki ifadə dəqiq yadımdadır: “siz ermənilərin avanturasına uymayın, qoy onlar saxta tarixlərlə özlərini nə qədər qədimləşdirirlər, qədimiləşdirsinlər. Əksinə siz fəxr edin ki, azərbaycanlılar nəhəng və əbədii Türk ağacının gənc qollarından biridir. Qocalıqla yox, gəncliklə öyünmək lazımdır.” İkinci ifadəsi isə mənim üçün lap gözlənilməz idi. O dedi: “Rusiyada mənim əsərlərimin nəşrinə qadağa qoyulan bir vaxtda Azərbaycanda sizin kimi adam tapılır və kitabım nəşr edilirsə, o zaman mən bütün arxivimi Azərbaycana bağışlayacağam.” Akif bu söhbətin şahididir .Təəssüf ki, sonra ara qarışdı, köhnə Sovetlər birliyini münaqişə ocaqlarının alovları bürüdü və böyük alimin arxivinin taleyindən də xəbər tuta bilmədim.

Bu xatirəni yazmaqla demək istəyirəm ki, tarixi ideallaşdırmaq və qədimləşdirmək cəhdləri mənasız işlərdır. Onsuz da türklərin tarixi dünyanın ilk sivilizasıyaları ilə bağlıdır. Lakin türklər Səməndər quşu kimi öz külündən doğularaq, ölüb- bitdi sayıldığı yerdən yenidən dirçəlməyi bacaran xalqdır. Və Azərbaycanın insanlığın ən qədim məskənlərindən biri oduğu da inkaredilməzdir. Biz bunları öyrənmək və bilməklə yanaşı, əsas diqqətimizi gələcək Azərbaycanın
Dünya bir savaş meydanıdır və mənim fikrimcə, bu savaşı İnamlılar, ruhlular, silaha yox, mənəvi gücə güvənənlər udacaq! Namərdliyi, riyakarlığı, şöhrət və mənsəb ehtirasını, şeytana quyruq bulamaq xəstəliyini rədd etməsək millətimizə nicat və rahatlıq yoxdur.
Azərbaycan intibahı milli ləyaqətin dirçəldilməsindən, inamdan, etiqaddan, halalıq və fədakarlıqla yorulmadan çalışmaqdan, öz torpağımızın və əlimizin əməyinin düzgün dəyərləndirilməsindən başlanacaq! Bu tarixin ibarət dərslərindən biridir!
Biz ərazimizi itirmişik, ruhumuzu yox! “Tarix təcrübəsi göstərir ki, ərazi işğalı ictimai tərəqqinin yox, ictimai çöküşün, çürümənin əlamətidir” (A.Toyribi) Bütün inkişafların kökü şəxsi məsuliyyətdədir…Allahı olan, böyük ideallara bağlı xalqın gücü tükənməzdir… Belə xalqı öldürmək olmaz, özünü ölümə aparmasa, intihar eləməsə…İnam və iradə varsa, müvəqqəti uduzsan da, sonda qalib gələcəksən. Yorulub, əlini yanına salıb otursan həmişəlik uduzacaqsan. Haqq savaşından yorulmaq – ölümlə barışmaqdır. Buna görə də sənin intihar fikrindən uzaqlaşız, təkbaşına da olsa savaşmaq, qaranlıqları, aydınlatmaq, milli mücadiləmizi davam etdirmək qərarını ən doğru qərar sayıram. Zatən bütün böyüklər öz təkliklərində böyükdür və bizim taleyimizə milyon insan arasında olsaq da dərdlərimizlə baş-başa, təklənib yazmaq düşüb.

Yaşamaq – ilkdən sona fasiləsiz bir mücadilədir.
Şəxsi iradə olmadan insan, milli iradə olmadan millət xoşbəxtliyə qovuşa bilməz.
Milli iradə zərrə-zərrə, söz-söz toplanan tükənməz bir ruh qaynağı, ruh enerjisidir. Elə bir enerji ki, onu silahla məhv etmək olmaz.

2.Bizə tarix lazımdırmı?
Onlarla tərifi var tarixin; bu o deməkdir ki, bu qədər də umacaq var ondan, bu qədər də vəzifə yükləyirlər onun boynuna. Tarixöyrənmə sənətinə dəgər verən və keşmiş təcrübənin toplumun gəlişməsinə qatqısını yüksək qiymətləndirən caysiz fikir söylənildiyi kimi, ötənləri öyrənməyin mənasız bir iş olduğuna dair mülahizələr də yetərincədir. Bir tərəfdə “keçmiş gələcəyin anasıdır”; “tarix bəşəriyyətin tərcümyi halıdır”; “yalnız keçmişi olanların gələcəyi var”; “keçmişinə güllə atanları geləcək topa tutacaq”, “tarix bizə keçmidə nəyin necə baş verdiyini aydınlaçdırmaq üçün lazım deyil, canlanan keçmişin bizim kimliyimizi göstərməci və gələcəyə yol açması üçün lazımdır” kimi, bəşəriyyətin təcrübəsinə hörmətlə yanaşmağa səsləyən fikirlər, digər tərəfdə də “tarix yalnız onu öyrədir ki, o xalqlara heç nə öyrətməyib”; “ümumdünya tarixi, ümumdünya məhkəməsidir”; “tarix bir cəbbəxanadır, hərə ordan özünə lazım olan silahı seçir“; “tarix son dərəcə şübhəli və zərrəcə mənası olmayan illər və hadisələr toplusudur”; “bəzi tarixçilər öz yalanlarını ölülərin danışa bilmədiyinə arxayın olub yazırlar…”; “tarixi qaliblər yazır” kimi tarix elmini gözdən salan, onun rolunu şübhə altına alan mülahizələr səslənir. Tarixçilik də bu ziddiyyətlərin içində öz yolunu davam etdirməkdədir…

Tarixşünaslıq – ötüb keçmiş zamanları və insanlıgın tərcümeyi halını öyrənən bir intellekt işidir… Bu araşdırma sahəsinin ən geniş yayılmış və ən sadə tərifi, məncə, belədir. Tarix araşdırmaçılığının əsas görəvi olayların ardıcıllığını, nədənlərini, insanlığın gəldiyi yolları öyrənmək; keçmişimiz haqqında bilgilərimizi düzənləyib, sistemə salmaqdır… Bir filosofun sözüylə desək, tarixçi Allah kimi, hamını və hər şeyi bir gözdə görməli, hətta şeytanı da sevməlidir… Tarixçi–istər dost haqqında yazsın, istər düşmən, yalandan, həqiqəti gizlətməkdən, şübhə yaratmaqdan qorunmalıdır…

Təəssüf ki, qonşularımız saxta tarixlər uydurmağın və bu uydurmaları dünyaya yaymağın ustalarıdır.
Buna görə də biz öz tariximizə daha diqqətlə və sevgiylə yanaşmalıyıq…
Tarix kitabları tarixçılərin bəhs etdiyi zaman və olaylar haqqında düşüncələridir, bəs həmin tarixdə yaşayanlar necə düşünürdülər? Bu gün həmin hadisələri və yaşananları bilməyə bir ehtiyac varmı? Tarix ilğımlarında özünü böyük görənlərin iddəasi dünyaya bu qədər savaş, fəlakət gətiribsə bəlkə birdəfəlik keçmişin üstünə qara bir pərdə çəkib onu unutmaq lazımdır? Ancaq tərəzinin digər gözündə alternativ fikir də var: məhz tarixi təcrübəni bilmək insanlığı olmuşlardan daha ağır fəlakətlərdən qorumuşdur.
Bəşəriyyətin kimliyini və keçmişini unudub kütləvi şəkildə manqurtlaşması və düşüncə donuqlugunda, yaddaş vakuumunda yaşaması mümkün deyil…

3.Tarix və ədəbiyyat
Tarix ruhunu dərk etmədən yaşamaq olmaz.
Bizdən nə qədər uzaq, ölu, mənasız görünsə də əslində biz bu tarix ruhundan, onun söz və düşüncə tərzindən doğulmuşuq, onun budagında yetişmişik.
Tarix təbiət kimi ölüb getmir, nəsillər arasında körpü salır, insanlığın məsuliyyətini artırır. ayağımızın altında tarix pillələri nə qədər çoxdursa biz o qədər ucayıq.
Yazıcı üçün tarıxin başqa,özəl bir dəyəri də var: tarix təkcə kecmişin düşüncəsi deyil ,həm də düşüncənin keçmşidir… Tapixin dişinə vurduğu,sınaqdan keçirdiyi ideyaları öyrənməklə onu milli ideyamızın fəal balansına qoşur, tarix dəyirmanlarının suyunu bizim arxlara bağlayır. Bu mənada tarix tarixçilərlə yanaşı ədəbiyyatçıların da araşdırma meydanıdır. Bədii söz tarixə işıq salır, faktları yox ruhu canlandırır…
Aristotelə görə “bədii ədəbiyyat dəqiq tarix təzkirələrindən daha elmı və daha düzgündür. Romantik sənət olayların tam mahiyyətinə nüfuz edir, təfərrüatlarin sadalanması isə quru hesabatdır.” Onun fikrincə tarixçi-baş vermiş, şair isə baş verə biləcək hadisələrdən danışırlar. Buna görə də poeziya tarixdən daha fəlsəfidir, çünki poeziya ümumi olanı göstərir, tarixçi isə tək bir hadisəni…
Bizcə, tarix insanın hərəkətini, ədəbiyyat düşüncələrini öyrənir. Hərəkət cismə, materiyaya, düşüncə ruha bağlıdır. Biri yerdir,biri göy! Ədəbiyyatın qanadları var, tarix qanadlana bilməz.
Tarix bitmiş bir prosesdir, ona əlavələr etmək, öz xeyrinə dəyişmək günahdır. Təəssüf ki, tarixşünaslıq bu baxımdan çoxdan etibarını itirmişdir…
Çünki bir sira elm sahələri kimi tarix də daha çox hökmdarlara, yazılanlara sahib çıxa və qorumağa imkanı olanlara xidmət etmişdir: bu amacla yazılmışdır.

Bizi isə xalqin tarixi ilgiləndirir.
Hökmdarlar bu gün, XXI yüzildə, gözümüzün qabağındaca, iştirakçısı olduğumuz tarixi də dəyişdirir, saxtalaşdırır, özlərinə sərf edən, uydurma cild-cild kitab yazdirir, bu yolla adlarını əbədiləşdirəcəklərini düşünürlərsə və buna qismən nail də olurlarsa onda yüzillər, minillər öncənin tarixləri hansı inam və etibarla oxuna bilər və ya keçmişin hökmdarlarının himayəsində yazılmiş və qorunmuş xronologiya və ya salnamələrə necə inana bilərik?!
Buna görə də yazılı tarixlərə güvəncimiz getdikcə azalır. Ancaq onlarsız kecinmək də mümkün deyil…Hər nə qədər yalanla dolu olsalar da o yalanların icindən tapılan həqiqətlərə də şükür deyirsən; heç nəyin olmamasından azın olması yaxşıdır.

İnterpress.az