Sərdar Cəlaloğludan Arif Hacılıya sərt etirazbackend

Sərdar Cəlaloğludan Arif Hacılıya sərt etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

S.Cəlaloğlu “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Arif Hacılının Türkiyə ilə bağlı bu çıxışı ilk növbədə Avropadan xal qazanmağa hesablanıb:

“Bu cür fikirlər tamamilə səhvdir və Azərbaycan siyasətçisinə yaraşmayan hərəkətdir. Mən Arif Hacılının fikirləri ilə razı deyiləm ki, guya prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq hüququn tələblərinə əməl etmir və sairə. Ərdoğanın atdığı bütün addımlar Türkiyə dövlətinin maraqlarına tam uyğundur. Əksinə, beynəlxalq təşkilatlar Türkiyə ilə bağlı doğru siyasət aparmır. Türkiyənin indiki iqtidarı həyata keçirdiyi siyasətində tam haqlıdır. Ona görə də Arif Hacılının Ərdoğanın ünvanına ironiya ilə fikirlər bildirməsi doğru deyil. Əslində, PKK-nın mövqeyi ilə Arif Hacılının bu fikirlərində heç bir fərq yoxdur”.

Partiya sədri deyib ki, Türkiyə tarixən Azərbaycanı erməni qırğınlarından xilas edib:

“Necə ki, vaxtilə Nuru Paşanın qoşunları gəlib Bakını ermənilərdən azad edib, sabah da lazım gəlsə, Türkiyə Qarabağın azad olunmasında bizə yaxından kömək edəcək. Buna heç kəsin şübhəsi olmasın. Bizdən fərqli olaraq, Türkiyə bizə hər zaman qardaş kimi baxıb. O bizdədir ki, hərəmiz bir məshəbə qulluq edirik və qardaşımıza da pis gözlə baxırıq. Türkiyə bizim ən böyük dostumuz və qardaşımızdır. Arif bəyin dediyindən fərqli olaraq, Türkiyə lazım olan zaman gəlib Qarabağda bizimlə çiyin-çiyinə vuruşub. Təkcə Türkiyənin Azərbaycan ordusuna mütəmadi olaraq hərbi və siyasi dəstək verməsi onu göstərir ki, rəsmi Ankara Qarabağ məsələsində bizə lazımı köməyi edir.

Arif Hacılının Ərdoğanın əmri ilə Türkiyənin gəlib Qarabağı azad etməsi fikirlərinə gəldikdə isə hesab edirəm ki, bunun üçün ilk növbədə suveren Azərbaycan dövləti var”.

S.Cəlaloğlu qeyd edib ki, Azərbaycanın istəyi ilə Türkiyə hər zaman bizə lazımı dəstəyi verməyə hazırdır:

“Bir daha deyirəm, mən Arif Hacılının Ərdoğan haqqında fikirlərini qeyri-ciddi hesab edirəm. Bu, ən böyük strateji müttəfiqimiz olan Türkiyəyə qarşı hörmətsizlikdir. Bu cür fikirlər Azərbaycan və Türkiyə xalqlarının heysiyyatına toxunduğu üçün doğru qəbul edilə bilməz.

Hazırda Türkiyənin Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyi də kifayət hesab edirəm. Çünki Türkiyənin indiki iqtidarının verdiyi dəstək Dağlıq Qarabağı istənilən zaman gəlib azad etməyə bərabər mövqedir”.

Partiya sədri vurğulayıb ki, indi Türkiyə bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ problemini gündəmə gətirir, onun ədalətli həllinə çalışır:
“Eyni zamanda Türkiyə uzun illərdir ki, işğalçı Ermənistanla sərhədlərini bağlı saxlayır. Bütün bunlar o deməkdir ki, Türkiyə Azərbaycana lazımı qədər dəstək verir. Bu gün Türkiyə olmasa, biz də olmarıq. Bizim varlığımız Türkiyəyə bağlıdır. Biz doğrudan da bir bədənin iki canıyıq”.

Xatırladaq ki, Arif Hacılı sosial şəbəkədə yazdığı statusunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağı azad etməməkdə ittiham edib:

“Qarabağın işğalı yalnız Azərbaycanın deyil, bəşəriyyətin, regionun, eyni zamanda Türkiyə Cümhuriyyətinin problemidir.

Sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ki, beynəlxalq qurumların rəyi, mövqeyi ilə belə hesablaşmır, ATƏ- i Avropada olan bir örgüt adlandırır, Beynəlxalq Amnistiya təşkilatı nümayəndələrini həbs etdirir, nədən Qarabağın işğaldan azad edilməsi üçün də Türkiyə Ordusuna əmr vermir?
Nədən və kimdən çəkinir?”.

İnterpress.az