“Rusiya adından yalnız Kreml Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul ola bilər”backend

“Rusiya adından yalnız Kreml Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu barədə açıqlama verib.

“Rusiya bu tənzimlənmədə münaqişə ilə təkbaşına məşğul olmaq istəyir. ABŞ və Fransa təmsilçiləri bunu formal olaraq qəbul edirlər. Rusiyanın özünün Dağlıq Qarabağ tənzimlənməsinə mövqeyi yaxın keçmişə nisbətən dəyişikliyə məruz qalıb və dəyişiklik ədalətli tənzimlənməyə deyil, işğalçı dövlətin mövqeyinin dəstəklənməsinə yönəlib. ABŞ Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda BMT rəhbərliyi ilə əlaqələri gücləndirib, iqtisadi və maliyyə mövzularını tənzimlənməyə faydalı parametr kimi aktuallaşdırıb. Fransa seçki atmosferindən hələ ayılmayıb. Dağlıq Qarabağ tənzimlənməsində ABŞ-la Rusiya arasında mövqe fərqliliyi göz qabağındadır. ABŞ-ın ortalığa qoyduğu variant Ermənistan tərəfdən çox asanlıqla dəf oluna bilər. Xüsusilə Rusiyanın destruktiv siyasətinin Ermənistanın yanında olması fonunda bu çox rahatdır. ABŞ-ın Ermənistanın enerji müstəqilliyinə nail olmaq niyyəti də hələ ki, regional mahiyyətə malik deyil. Ən azı Azərbaycanla publik şəkildə müzakirə edilməyib. Tənzimlənmədə belə qeyri-müəyyən vəziyyət onun yubanmasına şərait yaradacaqdır. Dağlıq Qarabağ tənzimlənməsində yubanmanın qarşısını almaq mümkündür və burada birinci skripka Rusiyaya məxsus ola bilər. Bircə şərti var: Dağlıq Qarabağ tənzimlənməsi ilə Rusiyanın Xarici İşlər Nazirliyi deyil, Kreml məşğul olmalıdır. Dağlıq Qarabağ tənzimlənməsində Rusiya destruktivliyinin daşıyıcısı onun Xarici İşlər Nazirliyidir. Rusiyanın Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ tənzimlənməsi ilə son mövqeyinə Kreml tərəfindən heç bir dəstək gəlməyib. Ona görə Rusiyanın Xarici İşlər Nazirliyinin bəzi rəsmilər vasitəsilə ATƏT Minsk Qrupu həmsədrliyinə qarşı çıxış etməsini düzgün qəbul edərək, amma bu tənzimlənmə ilə Kremlin məşğul olmasına nail olmaq lazımdır. Azərbaycan heç bir zaman V.Putinin təkliflərindən imtina etməyib. 2014-cü ilin sentyabrında 3 prezidentin Soçi görüşündə Rusiya prezidenti Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi statusa malik olması təklifini irəli sürdü. Azərbaycan qəbul etdi, Ermənistan prezidenti S.Sərkisyan isə Putinin təklifini rədd edərək ölkəsinin yalnız ATƏT MQ-nin vasitəçiliyinin tərəfdarı olduğunu bildirdi. 2016-cı ilin avqustunda Sankt-Peterburqda V.Putin Dağlıq Qarabağ tənzimlənməsinin üç mərhələli həll variantını təklif etdi. Azərbaycan mərhələli həll variantının tərəfdarıdır. Amma Azərbaycanın nöqteyi-nəzərincə Dağlıq Qarabağ münaqişəsi iki mərhələyə həll olunmalıdır. V.Putinin 3 mərhələli həll variantı Azərbaycan üçün risk yaradır. Bizim Rusiyadan əlavə digər qonşularımız bu riski hakimiyyətin əleyhinə yönəldə bilər. Amma Azərbaycan rəhbərliyi xalqın inamına arxayın olaraq Putinin təklif etdiyi 3 mərhələli tənzimlənmə variantını qəbul etdi. Razılıq verməyən tərəf Ermənistan oldu. Azərbaycan Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi N.Məmmədovun Putinin təklifini mətbuata aşıqlaması isə Ermənistan və RF XİN tərəfindən süngü ilə qarşılandı. Başqa sözlə, V.Putinin bu təklifini də Azərbaycan qəbul etdiyi halda Ermənistan rədd etdi.

Rusiyanın Xarici İşlər Nazirliyi təkcə Kremlə qarşı sabotajla deyil, Rusiyanın digər rəsmi strukturlarına qarşı sabotajla məşğuldur. Rusiya Müdafiə Nazirliyi Suriyada keçirdiyi əməliyyat nəticəsində əl Baqdadini öldürdüyünü bildirdi. CNN bunu Rusiyanın böyük qələbəsi kimi təqdim etdi. Bütün dünya mətbuatı əl Baqdaninin öldürülməsindən yazdı. Rusiyanın Xarici İşlər Naziri S.Lavrov isə əl Baqdadinin öldürülməsinin sübutunun olmadığını bildirdi. Daha sonra Rusiyanın Xarici İşlər Nazirliyinin iki rəsmisi də sübutun olmadığını rəsmi şəkildə bəyan etdilər. Rusiyanın dövlət strukturları arasındakı narazılıqda Rusiyanın Xarici İşlər Nazirliyinin haqlı və ya haqsız olmasını araşdırmaq da bizim mövzumuz deyil. Amma bu faktdır ki, Azərbaycandan narazı olan Rusiyanın Xarici İşlər Nazirliyi Kremldən və Rusiya Müdafiə Nazirliyindən də narazıdır.

Dağlıq Qarabağ tənzimlənməsinin yubanması Rusiya üçün birbaşa təhlükə yaradır. Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə təkbaşına məşğul olaraq onu tənzimləməsi Azərbaycandan daha çox onun öz maraqlarına xidmət edir. Ona görə Rusiya Dağlıq Qarabağ tənzimlənməsində aktivliyini artırmalıdır. Tənzimlənmə regionda separatçıları ayıltmalıdır. Separatçılıq xülyasına düşənlər əməllərinin əks nəticəli olacağına inanmalıdırlar. Rusiya adından Xarici İşlər Nazirliyinin məşğul olması buna imkan verməyəcək. Rusiya Xarici İşlər Nazirliyininnin mövqeyi regiondakı digər separatçıları ruhlandırmağa xidmət edir. Bu antiRusiya qüvvələrin maraqlarına uyğundur. Ona görə Kreml Dağlıq Qarabağ tənzimlənməsi ilə yalnız özü məşğul olmalıdır. Rusiya Xarici İşlər Nazirliyinə Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olmaq qadağan edilməlidir. Bunun üçün Rusiya Prezident Administrasiyası nəzdində xüsusi qrup və ya komissiya yaradılmalıdır. Rusiya prezidenti V.Putinin köməkçisi V.Surkovun roluna ABŞ-ın münasibəti Kremldə yaradılacaq qrupa ABŞ-ın müsbət yanaşacağını ehtimal etməyə əsas yaradır. Hər halda Kremldə surkovlar az deyil”.

İnterpress.az