ANS-in qapadılmasından 1 il ötür… Açılmaq şansı varmı?backend

ANS-in qapadılmasından 1 il ötür… Açılmaq şansı varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 18-də ANS TV-nin qapadılmasının 1 ili tamam olacaq. Kanalın fəaliyyətinin dayandırılmasından ötən bir il ərzində keçirilən məhkəmə prosesləri də bir nəticə vermədi. Telekanal rəhbərliyinin iddiaları təmin edilmədi. Qeyd edək ki, ANS TV ilə yanaşı, ANS ÇM radiosu, anspress.az saytı və bu qurumun tərkibində olan digər media orqanlarının da fəaliyyəti dayandırıldı.

Telekanal rəhbərliyi istipress.az saytını təsis etsə də, bu sayt öncəki uğurları təkrarlaya bilmədi. Çünki ANS TV-nin kollektivi də telekanalın fəaliyyəti bərpa edilməyincə digər kanallara üz tutmaq məcburiyyətində qaldı.

Hazırda ANS TV-nin tanınmış simaları Azərbaycan mediasının dörd bir yanına dağılıblar. Əfsanə Mehdiyeva, Aytən Abdulova və Natəvan Babayeva Azərbaycan Televiziyasında, Afət Telmanqızı və Ayşəm Rüstəmova Space TV-də, Kəmalə Əliisgəndərqızı və Rəşad Abbasov “İnteraz” telekanalında, Natiq Nailoğlu ARB TV-də, Vəfa Şəhlayi CBC TV-də, Rita Ömərova “Nar mobile” şirkətində PR menecer vəzifəsində, İlkin Kərimov “ASAN radio”da, Ləman Ələşrəfqızı “Azərxalça” ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

Bəs görəsən, ANS telekanalının açılmasına ümid qalıbmı? Hazırda bununla bağlı danışıqlar gedirmi? Keçmiş ANS rəhbərliyinin bu barədə düşüncəsi necədir? ANS-in texnikası, arxivi ilə bağlı durum nə yerdədir?

İnterpress.az xəbər verir ki, bu sualları “Yeni Müsavat”a açıqlamasında fəaliyyəti dayandırılan ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov cavablandırdı: “Biz ANS-in açılmasını istəyirik. Bunu kim istəmir ki? Xalq da istəyir. Sıravi vətəndaşlar da yolda məni görəndə soruşur ki, ANS açılacaqmı? Ancaq mən bu haqda bir söz deyə bilmərəm. Mən heç ANS-in nəyə görə bağlandığını da başa düşə bilməmişəm. Bizim terrorizmi təbliğ etdiyimiz doğru deyil. Bunu müəyyən etmək üçün təhlükəsizlik orqanları tərəfindən araşdırma aparılmalıdır. Biz ömür boyu jurnalist işləmişik. Bütün cəbhəni gəzmişik. Biz demirik ki, qəhrəmanıq. Mən 20 il idi ki, informasiya verirdim, çalışırdım. Ancaq indi heç nə edə bilmirəm. Məndən inciməyin, ancaq mətbuat da bu məsələdə susdu. Bizdə olan arxiv heç bir şirkətdə yoxdur. Həmin arxiv indi də durur. Bu bütün Azərbaycanın arxividir. Elə vaxt olacaq ki, o lazım olacaq. Biz televiziya idik, müharibə vaxtı biz kameramızla hər yerə gedirdik, real vəziyyəti çəkirdik”.

M.Məmmədov bildirdi ki, artıq əvvəlki kollektivdən çox az adam qalıb: “Hərəsi bir yerdə işləyir, işləməlidirlər də. Hamının ailəsi var, uşağı var, xəstəsi var. Hamının krediti var, gündəlik xərcləri var. Onları ödəmək üçün işləməlidirlər. Ancaq hamısının ürəyi ANS-lədir. Mənin ad günümdə hamısı zəng etmişdi, hamısı soruşur ki, nə isə müsbət xəbər varmı… And içirlər ki, biz ANS-in açılmasını gözləyirik, bu xəbəri eşidən kimi ANS-ə qaçacağıq. Ancaq hələ ki müsbət bir işartı yoxdur. Bizim də heç bir çıxış yolumuz yoxdur”.

Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Həmin zamandan etibarən kanalın fəaliyyəti dayandırılıb.

İnterpress.az