Türkiyədə qiyam cəhdindən 1 il ötürbackend

Türkiyədə qiyam cəhdindən 1 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən bir il ötür. 2016-cı il iyulun 15-də axşam saatlarında bir qrup hərbçi Ankara, İstanbul və digər iri şəhərlərdə dövlət, ordu və media mərkəzlərinə hücum edərək hakimiyyət çevrilişinə cəhd etdi. Sonradan F.Gülən qrupuna bağlı olduğu iddia edilən hərbçilərin çevrilişinin qarşısı prezident Ərdoğanın çağırışı ilə küçələrə axışan xalq tərəfindən alındı.

Ancaq hərbi çevriliş cəhdi Türkiyənin müasir tarixində ciddi dönüş nöqtəsi oldu. Çevriliş cəhdindən sonra Türkiyədə həm orduda, həm də digər dövlət qurumlarında, o cümlədən polis, kəşfiyyat (MİT), təhsil və demək olar ki, bütün ictimai və dövlət idarələrində təmizlənmələr aparıldı, çevrilişlər birbaşa və dolayısı ilə bağlantısı olan, FETÖ üzvü olanlar hamısı işdən çıxarıldı və ya həbs olundu. Bir sıra özəl universitetlər qapadıldı, demək olar ki, bütün dövlət və vəqf universitetlərində çalışan camaat üzvləri işdən çıxarıldı və ya həbs olundu. Bu proses hələ də davam edir.

Ancaq ötən müddətdə ən çox diqqət mərkəzində olan mövzulardan biri çevriliş cəhdinin Türkiyə iqtisadiyyatına təsiri oldu. Çünki Türkiyə iqtisadiyyatı bu çevriliş cəhdindən sonra ciddi travma aldı. Hətta bir müddət ağır geriləmə qeydə alındı. Ancaq ekspertlərə görə, hazırda müəyyən qədər dirçəlmə var.
Yeri gəlmişkən, çevriliş cəhdinin olduğu 15 iyul gecəsi İstanbul birjasında 7 faizlik sərt enmə olub. Türkiyə milli valyutası olan lirə çevrilişdən az sonra sürətlə dəyər itirib və 3 lirə 1 dollara bərabər olduğu halda bir ay sonra fərq 3,7 lirəyə qədər artıb. Konkret olaraq çevriliş günü 1 dollar 2,89 lirə olduğu halda bir gün sonra 3,05 yüksəldi. Ümumilikdə isə BBC analitiklərinə görə, 15 iyuldan sonra Türkiyə iqtisadiyyatı 1.8 faizə qədər kiçilsə də, bu ilin əvvəlində iqtisadi artım 5 faizə çatıb.

Türkiyədə qiyam cəhdindən 1 il ötür

Hərbi çevriliş cəhdindən sonrakı 5 ay Türkiyə iqtisadiyyatı üçün “qara dövr” hesab olunur. Milli iqtisadiyyatda kəskin böhran əlamətləri müşahidə olunur, milli valyuta dəyər itirib. Xarici sərmayə böyük ölçüdə geri çəkilib, ölkə iqtisadiyyatının bel sütunu olan turizm sahəsində ciddi geriləmə olub, turizm sektoru geriləyib.

Ancaq sonrakı aylarda hökumət iqtisadiyyatı dirçəltmək üçün bir sıra mühüm addımlar atdı. İlk növbədə Türkiyə dost ölkələrdən yatırım cəlb elədi, daha sonra ölkədəki xarici valyuta qıtlığını aradan qaldırmaq üçün prezident tərəfindən “döviz” (valyutadəyişmə) kampaniyası başladılıb və böyük miqdarda dollar lirəyə dəyişdirildi.

Bundan başqa, hökumətin kiçik və orta sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması, iş adamları üçün yeni kredit xətlərinin açılması və sair kimi mühüm addımları nəticəsində Türkiyə iqtisadiyyatı 15 iyuldan sonra yaranmış acınacaqlı dövrü artıq arxada qoyub. Türkiyə iqtisadiyyatı 2016-cı ili son illərin ən aşağı göstəriciləri ilə başa vursa da, artıq mart ayından iqtisadiyyatda artım nəzərə çarpır. Qeyd edək ki, Türkiyə regionda ən böyük istehsal və ixrac gücü olan ölkələrdən biridir. Təxminən 2 milyon şirkətin çalışdığı ölkənin son illərə qədər 140 milyard dollardan artıq xarici ticarət dövriyyəsi olub.

Hər nə qədər hərbi çevrilişlərin Türkiyənin mövcud sosial-siyasi həyatına sərt təsirindən bəhs olunsa da, daha əvvəl baş vermiş 4 hərbi çevrilişdən sonra müəyyən geriləmələrin ardınca Türkiyə iqtisadiyyatı böyük bir irəliləyiş əldə edib. Ancaq iqtisadiyyatda hələ də ciddi problemlər qalır. Turizm hələ də canlana bilmir, xarici turist sayı hələ də çox aşağı səviyyədədir. Digər tərəfdən, ölkə bütövlükdə hələ də hərbi çevriliş cəhdinin yaratdığı mənfi ab-havadan çıxa bilmir.

Türkiyədə çevrilişdən sonra yaranmış vəziyyətin gərginliyinin davam etməsinin daha bir göstəricisi OHAL, yəni Fövqəladə Vəziyyət rejiminin davam etməsidir. OHAL qərarları ilə bu günə qədər yüzlərlə şirkət, ali və orta təhsil müəssisəsi, media orqanları, telekanallar qapadılıb, onminlərlə insan işini itirib və bu proses hələ də davam edir. 2016-cı il iyulun 20-də elan edilən OHAL (fövqəladə vəziyyət) qərarı son bir ildə ölkədə çox ciddi qərarlara imza atıb. Bu qərarlar iqtisadiyyat sahəsi ilə yanaşı, təhsil sahəsinə də ciddi təsir göstərib. Ötən il sentyabrın 1-dən başlayaraq bu günə qədər Türkiyədə 23 427 nəfər elmi işçi və universitet müəllimi FV qərarı (OHAL) ilə işdən azad edilib.

Türkiyədə qiyam cəhdindən 1 il ötür

23 iyul 2016-cı il tarixli Qanun Hökmündə Qərarnamə (KHK) ilə Türkiyədə “camaat”a bağlı olduğu hesab edilən 15 vəqf universiteti (özəl) bağlanılıb. Bu qərar nəticəsində 2808 nəfər təhsil işçisi işsiz qalıb. Qapatma qərarı ilə təxmini rəqəmlərə görə, 65 min tələbə universitetlərin bağlanması nəticəsində başqa universitetlərə köçürüldü. 1 sentyabr 2016-cı ildə qəbul olunmuş 672 saylı KHK ilə Türkiyənin 96 universitetindən 2346 elmi işçi və müəllim işini itirdi, sonrakı aylarda qəbul edilmiş qərarlarla işini itirmiş ali təhsil işçilərinin sayı ümumilikdə 117 universitetdə 5247 nəfərə çatıb. Proses hələ də davam edir, son olaraq bir neçə universitetdə aparılan əməliyyatlar nəticəsində FETÖ üzvü olan 100-dən artıq elmi işçi və müəllim işini itirib.

Türkiyədə qiyam cəhdindən 1 il ötür

Qeyd olunan vəziyyət Türkiyədə hərbi çevrilişdən sonra iqtisadiyyat və təhsil sistemində olan vəziyyəti əks etdirir. Ümumilikdə isə uğursuz qiyam cəhdindən sonra Türkiyədə KHK ilə ordu, dövlət və ictimai qurumlardan 83 min nəfərdən artıq insan işdən çıxarılıb. Bunlardan 30 minə yaxını Təhsil Nazirliyindən (əsasən müəllimlər), polis orqanlarından 18 min 697 nəfər, Səhiyyə Nazirliyindən 5526, Diyanət İşləri Başqanlığından isə 1826 nəfər işini itirib.

Çevrilişdə əsas ittihamçı rolunda olan Türkiyə ordusundan isə hərbçilər, kursantlar və digər xidmət işçiləri ilə birlikdə 16 400 nəfər işini itirib və ya həbs olunub. Bundan başqa, ümumilikdə 1325-dən artıq ictimai təşkilat qapadılıb. Eləcə də 5 agentlik, 16 telekanal, 24 radio, 62 qəzet, 19 jurnal və 29 nəşriyyat da çevrilişlə bu və ya digər şəkildə əlaqəsi olması səbəbilə qapadılıb. Bütün bu qurum və təşkilatlar uzun illər formalaşmış və dövlət içərisində dövlətə dönmüş bir camaatın ifşası prosesi olmaqla yanaşı, bütövlükdə Türkiyə tarixində ciddi bir ictimai travmaya səbəb olub və nəticələri hələ uzun illər cəmiyyəti narahat etməkdə davam edəcək. (musavat)

Türkiyədə qiyam cəhdindən 1 il ötür

İnterpress.az