Bahalaşma növbəsi onlardadır… – Avtobus, metro, taksi…backend

Bahalaşma növbəsi onlardadır… – Avtobus, metro, taksi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadçıların proqnozları əhalinin təlaşının yersiz olmadığını göstərir.

İnterpress.az xəbər verir ki, İqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə \”Növbədə hansı mallardır? Bu qərarın manatın məzənnəsinə təsiri necə olacaq?” suallarına cavab verib.

O bildirib ki, yanacaq məhsullarında qiymət artımı yalnız \”Aİ-92” markalı avtomobil benzini ilə məhdudlaşmayacaq, alternativ məhsulların, o sıradan da yüksək markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma labüddür: \”Benzinin qiymət bahalaşmasının ikili -psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması mümkün deyil. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Beləliklə də bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq”.

Qubad İbadoğlu qeyd edib ki, gözləntilərə görə, cari ilin ikinci yarısında inflyasiya prosesləri daha da sürətlənəcək: \”Məlumat üçün qeyd edim ki, cari ilin birinci yarısında inflyasiya 13,9 faiz olub. Belə olan halda da qiymətlərin ümumi səviyyəsi xarakterizə edən istehlakçı qiymətləri indeksinin orta illik səviyyəsi 15 faizdən az olmayacaq. Qiymətlərin bu səviyyədə bahalaşması aztəminatlı ailələrin büdcəsinə təsirsiz ötüşməyəcək. Bu isə sosial vəziyyəti daha da gərginləşdirəcək, dolanışıq imkanlarını məhdudlaşdıracaq və son nəticədə əhalinin narazılığını daha da artıracaq.

Dünya bazarında neftin və neft məhsullarının qiymətinin ucuzlaşdığı indiki dövrdə Azərbaycanda benzinin qiymətindəki artım onun dollarla ifadəsində qonşu dövlətlərlə müqayisədə daha da bahalaşdırıb. Belə ki, hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0,48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malayziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda isə 15 iyun 2017-ci ildən etibarən 1 litr \”Aİ-92” markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib”.

Tarif Şurasının qiyməti artırmaq üçün SOCAR-ın müraciətini əsas gətirdiyinə diqqət çəkən Q. İbadoğlu hökumətin korporativ maraqları istehlakçı marağından üstün tutduğunu vurğulayıb: \”Tarif Şurası benzinin qiymətinin artırılmasının əsas kimi SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalmasını göstərib. Bu onu göstərir ki, hakimiyyət yenə də koprorativ maraqları istehlakçı maraqlarından üstün tutur. Lakin, hesab etmirəm ki, son zamanlar xərclərini rasionallaşdırmağa və gəlirlərini daxili bazarda təklif etdiyi məhsulların (neft, qaz) qiymətini bahalaşdırmaqla artırmağa çalışan SOCAR borc bataqlığından və ildən ilə artan ziyandan xilas olsun. Bunun üçün SOCAR-da idarəetmə islahatları ilə yanaşı yenidən strukturlaşdırma tədbirləri həyata keçirilməlidir”.

İqtisadçı manatın məzənnəsinin də necə tənzimlənəcəyiylə bağlı fikir bildirib: \”Fikrimizcə, hökümət Tarif Şurasının məlum qərarı ilə daxili bazarda xüsusilə də yerli məhsullar və xidmətlər üzrə ümumi qiymət artımını məqsədli şəkildə stimullaşdırır. Bu həm də artan qiymət hesabına dövriyyə daha çox manat kütləsini cəlb etməklə manatın məzənnəsində müşahidə olunan \”sabitliyi\” davam etdirmək istəyinə də xidmət edir”.

İnterpress.az