Ölüm cəzasının bərpası məsələsinə iki yanaşmabackend

Ölüm cəzasının bərpası məsələsinə iki yanaşma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür ki, atanın 3 ögey uşağını zorlaması ilə bağlı xəbər medianın və sosial şəbəkələrin gündəmindən düşmür. İnsanların irəli sürdüyü ən başlıca tələb isə bu cür cinayətlərdə ölüm hökmünün bərpa edilməsidir.

Belə ki, Şəki Ağır Cinayətlər Məhkəməsində 3 azyaşlı uşağı zorlamaqda təqsirləndirilən atalıqları Nurəli Səlimovun işi üzrə məhkəmə yekunlaşıb. N.Səlimov haqda ittihamedici hökm verilib, 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Azyaşlıların zorlanması xəbəri isə ölkədə ölüm hökmünün bərpası tələbini təzədən gündəmə qaytarıb.

Bəs görəsən, Azərbaycan ictimaiyyətinin irəli sürdüyü bu tələb haqqında hüquq müdafiəçiləri, deputatlar nə düşünür? Onlar insanlığa, əxlaqa zidd olan bu cür cinayətlərə görə ölüm hökmü verilməsini doğru hesab edirlərmi?

Ölüm cəzasının bərpası məsələsinə iki yanaşma

“Yeni Müsavat”ın sualını cavablandıran Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, Azərbaycanda ölüm hökmünün bərpa edilməsi real deyil: “Çünki Avropa Şurası qarşısında öhdəliyimiz var. Ölüm hökmünün bərpası Avropa Şurasından çıxmağımıza bərabər ola bir məsələdir. Ancaq prinsip olaraq, mən dəfələrlə təklif etmişəm ki, azyaşlı uşaqların və hamilə qadınların öldürülməsinə görə ölüm hökmü bərpa olunmalıdır. Çünki elə kateqoriya insanlar var ki, onların özünü müdafiə etmək imkanları məhduddur. Belə bir vəziyyətdə bunları dövlət qoruma altına almalıdır. İnsanlar bilməlidirlər ki, bir neçə il həbs cəzası alaraq ümidlə yaşamaq yerinə törətdikləri əməl həyatları bahasına başa gələcək. Ona görə ki, atanın öz övladına, oğulun anasına qarşı zorakılıq törətməsi çox acınacaqlı haldır və belə cinayətlərin cəzası ölüm olmalıdır. Ən azı məhdud kateqoriyalı cinayətlər üçün ölüm hökmü zərurətə çevrilməyə başlayıb”.

Deputat bildirdi ki, bu məsələdə ictimai rəyin öyrənilməsi də vacibdir: “Mən bir hüquqşünas olaraq, bu cür cinayətlərdə ölüm hökmünün olmasını zəruri hesab edirəm. Amma bu olmayacaqsa, deməli, siyasi səbəbləri var. Çünki Avropa Şurası ilə münasibətlərimiz də nəzərə alınmalıdır”.

Hüquq müdafiəçisi, Dilarə Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə ölüm hökmünün nəyisə dəyişəcəyinə, bu cür cinayətlərin sayını azaldacağına inanmadığını ifadə etdi: “Sadəcə, insanların psixoloji durumu çox pis vəziyyətdədir. Bu məsələ ilə məşğul olmaq lazımdır. Televizorda, radioda verilişlər hazırlanarkən bu məsələnin müzakirəsini gündəmə gətirmək lazımdır. Ailə zorakılığı, ailədaxili münaqişələrin qarşısını almaq üçün maarifləndirmə tədbirləri aparılmalıdır. İranda oğurluq hallarında insanların əlini kəsirlər, məgər orada oğurluq olmur? Ölüm cəzası heç nəyi həll etmir. Vəhşi insanlar vəhşi olaraq da qalacaqlar. Sadəcə olaraq, profilaktik işlər aparılmalıdır, maarifləndirmə tədbirləri həyata keçirilməlidir”.

Ölüm cəzasının bərpası məsələsinə iki yanaşma

Hüquq müdafiəçisi onu da vurğuladı ki, bu cür əməlləri törədən şəxslər də 4-5 il cəza ilə canını qurtarmamalıdır, onlara ən ağır cəza – ömürlük həbs cəzası verilməlidir: “Ömürlük cəza ölümdən də pisdir. O əməli edən adam başa düşəcək ki, həyatı boyu işıq üzü görməyəcək, ömürlük həbsxanada qalacaq”.

N.Cəfəroğlunun sözlərinə görə, son vaxtlar ailədaxili münasibətlərdə bu cür halların artmasının səbəbi insanların psixoloji durumunun normal olmamasıdır: “Bəziləri iddia edirlər ki, bunun səbəbi iqtisadi vəziyyətdir. Ancaq mən bu iddianın əleyhinəyəm. Çünki sovet hökuməti dövründə, 1941-45-ci illərdə müharibə vaxtı insanlar bundan da qat-qat pis vəziyyətdə yaşayırdı. Ancaq o vaxt heç kim uşağını öldürmürdü, ana uşağını atmırdı, ər arvadını öldürmürdü. Deməli, səbəb iqtisadi vəziyyət deyil. Sadəcə, millətin psixoloji vəziyyəti dəyişib. Bizim və jurnalistlərin işi bu məsələni ictimai müzakirəyə çıxartmaq, gündəmdə saxlamaqdır”.

İnterpress.az