Ali məktəblərə qəbul imtahanlarının nəticəsi yenə neqativdirbackend

Ali məktəblərə qəbul imtahanlarının nəticəsi yenə neqativdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi ali məktəbə qəbul imtahanları yekunlaşıb. Bu il də yüksək nəticə göstərənlərlə yanaşı, abituriyentlərin 50 faizdən çox keçid balını belə toplaya bilməyib. Ekspertlər 12 nəfər abituriyentin maksimum nəticə göstərərək, 700 bal toplamasını müsbət hal kimi qiymətləndirsələr də, bu il də imtahan nəticələrinin arzuolunmaz nəticələrlə yadda qaldığını bildiriblər.

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, ikinci imtahanın nəticələri ilə müqayisədə aprel ayındakı nəticələr daha yüksək olub: “Bildiyiniz kimi, DİM iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə 2017-2018-ci tədris ili üçün 2-ci dəfə qəbul imtahanlarını keçirdi. Bununla da bu il üçün II və III qruplar üzrə keçirilən qəbul imtahanları başa çatdı.

Aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrini iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələri ilə müqayisə edəndə görürük ki, tədris ili başa çatmamış, hələ məktəblilərin proqramı tamamlanmamış göstərilən nəticələr daha yüksək olub. Ümumilikdə bütün göstəricilər baxımından aprel ayında keçirilən imtahan göstəriciləri üstün oldu. Belə ki, 30 apreldə İmtahanda iştirak etmək üçün sənəd vermiş 35433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməmiş, imtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdisə, 14 iyuldakı imtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahanda iştirak etməmiş, imtahanda iştirak edən abituriyentlərdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib”.

Ekspert onu da vurğuladı ki, II və III qrup üzrə ən yüksək nəticə göstərənlərin sayına görə aprel ayında keçirilən qəbul imtahanı daha müsbət nəticələrlə yadda qalıb: “Bunlarla yanaşı, maksimum nəticə göstərənlərdə də fərq var. Belə ki, 30 apreldə keçirilən İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent , III ixtisas qrupu üzrə isə 1 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplamışdısa, 14 iyulda keçirilən imtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent 700 bal toplayıb, II qrupda isə apreldə keçirilən imtahandan fərqli olaraq maksimum nəticə göstərən olmayıb”.

Ekspertin fikrincə, bu ildən etibarən ali məktəblərin I-IV ixtisasları üzrə qəbul imtahanları iki dəfə keçirilməsinə baxmayaraq, bu heç də keyfiyyət artımına gətirib çıxarmadı: “2017/2018-ci tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasına gəlincə, ali məktəblərə keçirilən qəbul imtahanının I mərhələsində (30 aprel, 7 may) 64 220 abituriyent iştirak edib. Onlardan 17 033-ü (8 554-ü I, 4 176-sı II, 3 396-sı III, 907-si IV ixtisas qrupu üzrə) 0-99, 15 804-ü (6 079-u I, 4 758-i II, 4 162-si III, 805-i IV ixtisas qrupu üzrə) 100-199, 12 708 (4499-u I, 3 997-si II, 3 468-i III, 744-ü IV ixtisas qrupu üzrə) 200-299, 13 906-sı (4 436-sı I, 4 228-i II, 4 081-i III, 1 161-i IV ixtisas qrupu üzrə) 300-499, 4 769-u (1 486-sı I, 1 190-ı II, 1 255-i III, 838-i IV ixtisas qrupu üzrə) isə 500-700 arası bal toplayıb. Qəbul imtahanının I mərhələsində iştirak edən 64 220 abituriyentdən 31 383-ü müsabiqədə iştirak etmək hüququ qazanıb. Onlardan da 10 421-i I, 9 415-i II, 8 804-ü III, 2 743-ü isə IV ixtisas qruplarının payına düşüb. Bu rəqəmlər onu göstərir ki, imtahanda iştirak edənlərin 52 faizi keçid balını toplaya bilməyib və bu il qəbul imtahanlarında keyfiyyət artımı ortaya çıxmayıb”.

I və IV ixtisas qrupları üzrə imtahanda 7 nəfər maksimum nəticə göstərib. II və III ixtisas qrupları üzrə imtahanda isə 3 nəfər ən yüksək nəticəni göstərib. II ixtisas qrupu üzrə akademik Zərifə Əliyeva adına liseyin yetirməsi Səbinə İsmayılova, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Cavad Əliyev və Ağcabədi şəhəri 3 saylı məktəb-liseyin məzunu Arzu Məmmədzadə 700 bal toplayıblar.

İnterpress.az