Bakı sakini BTB bankın əməkdaşlarını xuliqanlıqda günahlandırırbackend

Bakı sakini BTB bankın əməkdaşlarını xuliqanlıqda günahlandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, şikayətini geniş formada aşağıdakı kimi bildirib: “2014-cü ilin 20 avqust tarixində 2013-cü ilin istehsalı olan “Mersedes GL” markalı avtomobilimi BTB bankda girov qoyub, 36 min dollar pul götürmüşəm. 2015-ci ilin may ayına qədər ödənişlərim oldu, sonra isə devalvasiya ilə əlaqədar maddi çətinliklər yaşadım. Gözəllik salonu işlədirdim, onu da bağladım və gəlirim tamamilə kəsildi. Dəfələrlə banka müraciət etdim ki, mənim müqaviləmi yeniləyin ki, aylıq faiz aşağı düşsün. Onlar isə bu istəyimi təmin etmədilər. Bildirdim ki, o zaman nəyə gücüm çatırsa, onu ödəyim. Bununla da razılaşmayaraq bildirdilər ki, müqaviləyə uyğun olaraq hər ay 1800 dollar ödəməlisən. Bankın bəzi əməkdaşları mənə zəng edərək bildirdilər ki, gəlin gedək bizimlə çay içək, sizə kömək edərik. Mən də onları acıladım və getmədim. Daha sonra onlar məhkəməyə müraciət edib, avtomobil üzərində həbs tələb etdilər. Nizami rayon məhkəməsi isə avtomobil üzərinə həbs qoyulmadan işə baxılmasını təmin etdi. Sonra bank Apelyasiya məhkəməsinə müraciət etdi. Nəticədə avtomobili istifadə etməyimə qadağa qoyuldu. İki azyaşlı övladım var ki, onların da səhhətində ciddi problemlər var. Uşaqlarımı müalicə etdirmək və bankın borcunu qaytarmaq üçün avtomobilimi satmaq qərarına gəldim. 2016-cı ilin fevralın 23-də banka yaxınlaşdım. Bankın əməkdaşı Samir Qəhrəmanov dedi ki, sizi sədrin yanına aparacam, məsələni aydınlaşdıraq. Daha sonra isə Cavid Zeynalov adlı şəxslə görüşdük. İçəri girən kimi Cavid Zeynalov başladı qışqırmağa ki, borcu nə üçün ödəmirsən, dövlətin pulunu niyə yemisən. Dedim ki, kimsənin pulunu yeməmişəm avtomobilimi satıram ki, borcu ödəyək. Onlar avtomobili ucuz qiymətə satdığımı öyrəndikdən sonra təklif etdilər ki, maşını lizinqə sala bilərlər. Ancaq bildirdilər ki, maşını 2 günlük bizə ver ki, məsləhətləşək. 7800 manat da pul istədilər. Samirlə Cavid mənə dedilər ki, kişiliyimizə and olsun ki, maşınına heç nə ola bilməz. Get qərarını ver, gəl işi həll edək”.

Şikayətçi bildirib ki, bu hadisədən sonra avtomobili də əlindən çıxıb və indiyə qədər harada saxlanıldığını bilmir: “Avtomobilin nömrələrini çıxarıb, evə gəldim. Sonra qərara gəldim ki, lizinqə verməyib, satış edim. Çünki uşaqlarımı müalicə etmək üçün mənə təcili pul lazım idi. Ancaq Samir Qəhrəmanov zənglərimə cavab vermədi. Nəhayət Samirlə danışa bildim və o, məni yenidən banka çağırdı. Yenə də Cavid Zeynalovla görüşdüm. Bu zaman isə o bildirdi ki, sənə heç bir güzəşt olmayacaq. Qışqırdı ki, bizim arxamızda duranlar var və bizə heç nə edə bilməzsən. Açıq şəkildə bildirdilər ki, bu bankın problemi sənlədir və sənə heç bir güzəşt olmayacaq. 2016-cı ilin 23 fevral tarixindən bu günə qədər avtomobilimdən xəbərsizəm. Banka da müraciət edəndə deyirlər ki, sənin avtomobilin bizdə yoxdur və Samir və Cavid də bankın deyil, lizinqin əməkdaşlarıdırlar. Nəticədə hələ də hər ay borcu qaytara bilmədiyim üçün faizlər artır və artıq 48 min dollar borcum yaranıb. Üstəlik də avtomobilim də əlimdən çıxıb. Bütün müvafiq qurumlara müraciət etmişəm, ancaq heç kim mənə kömək etmir. Bank adımdan saxta sənədlər təqdim edib icra şöbəsinə ki, Aygün Mehmandarlı avtomobilini könüllü olaraq banka təqdim edib. Ancaq yuxarıda da qeyd etdiyim kimi bu, belə deyil. Saxtakarlıq yolu ilə avtomobilimi yuxarıda adlarını çəkdiyim iki şəxs mənimsəyiblər. Bir daha qeyd edirəm ki, məhkəmənin qərarı ilə yalnız mənim avtomobili istifadə etməyimə qadağa qoyulub. Banka da ona görə yaxınlaşmışdım ki, borcumu ödəyim və avtomobilimi satmaq üçün icazə alım. Bu adamlar isə mənim şəxsi əmlakımı mənimsəyiblər. Üstəlik də borcumu da silməyiblər. Bütün sənədlərim də əlimdədir. Onu da deyim ki, avtomobilim qiymətləndirilən zaman 110 min manat qiymət qoyulub”.

Şikayətçinin adını hallandırdığı şəxslərlə əlaqə qurmağa cəhd etsək də zənglərimizə cavab verilmədi. (musavat)

İnterpress.az